“Aprel döyüşləri bizim şanlı tariximizdir” -Nərimanovda daha bir tədbir (FOTOLAR)
Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tariximizdir” mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Yenixeber.org: Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Milli Məclisin məsul əməkdaşı Nöfəl Bağırov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, orta ümumtəhsil məktəblərinin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər.
Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman, Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin aprel döyüşləri haqqında söylədiyi nitq nümayiş etdirilib.
Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladı, qalib gəlmiş şagirdləri təbrik etdi və ötən ilin aprel ayında mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu deyən natiqlər, erməni qəsbkarlarına bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuzun əldə etdiyi bütün bu nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru və qələbəsi kimi dəyərləndirdi.
Sonra çıxış edən şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və Mahirin həyatı haqqında məlumat verdi. Şəhidin atası bildirdi ki, Mahir Sabir oğlu Mirzəyev1994-cü ildə Bakı şəhərində anadan olub. Mahir Mirzəyev 2011-ci ildə orta təhsilini Nərimanov rayonunda yerləşən 36 saylı məktəbində bitirərəkAzərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və sənaye" fakültəsinə daxil oldu. Daha sonra 2015-ci ildə Qafqaz Universitetində magistr pilləsinə qəbul olmuşdur. Əsgər Mahir Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Daha sonra Milli Məclisin məsul əməkdaşı Nöfəl Bağırov və Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək qeyd etdilər ki, aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər. Ümummilli Liderimiz Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbiçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Sonda inşamüsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər İdarə tərəfindən müxtəlif dərəcəli diplom, medal və hədiyyələr ilə təltif olunublar.