Fizikanın aktual problemlərinin həllində riyaziyyatın rolu
"xeberinfo.com": Naxçıvan Dövlət Universitetində “Fizikanın aktual problemlərinin həllində riyaziyyatın tətbiqi məsələləri” mövzusunda elmi konfrans keçirilib. Konfrans başlanmazdan əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda iştirak etmiş universitet tələbələrinə sertifikatlar təqdim olunub.Universitetin rektoru, professor Saleh Məhərrəmov çıxışına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başlayıb: “Ali məktəblərdə təhsil prosesinin inkişafında böyük işlər görülməlidir. Ən qabaqcıl, dünya miqyaslı ali məktəb heç vaxt əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Dünyada elmi-texniki tərəqqinin bütün yeniliklərini bilmək, onları qavramaq, qabaqcıl ali məktəblərlə əlaqə yaratmaq təhsil prosesinin inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan da bu yolu seçibdir”. Rektor bildirib ki, Azərbaycanın öncül ali təhsil ocağqlarından olan Naxçıvan Dövlət Universiteti milli kadr hazırlığı prosesinə sanballı töhfələr verməklə yanaşı dəqiq elmlər sahəsində qazandığı nailiyyətlərlə də nüfuzunu qoruyur. Mövcud olduğu dövr ərzində yüz minlərlə insanın taleyində mühüm rol oynamış, ayrı-ayrı dövlət qurumları üçün layiqli mütəxəssislər hazırlamış universitetin digər sahələrdə olduğu kimi, fizika və riyaziyyat sahələrində də yetirmələri olmuşdur. Natiq, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən, dəqiq elmlərin tədrisində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən də bəhs edib.
Konfransda Ümumi və nəzəri fizika kafedrasının baş müəllimiƏliƏhmədovun “Yakobyan” metodundan istifadə edərək fiziki kəmiyyətlərin təyini”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Cavanşir Quliyevin “Radioaktiv parçalanmanın yer qabığının temperaturuna təsiri”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nailə Qardaşbəyovanın “Dislokasiyalı yarımkeçiricilərdə rekombinasiya prosesləri”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin “Proto planetlərin aşkar edilməsi metodlarının fiziki əsasları”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Xanəli Həsənlinin “Fizikada və astrofizikada hansı problemlər xüsusilə vacibdir və maraqlıdır?”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayevin “Yüksək temperaturlu ifradkeçiricilik problemi”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Şəmsəddin Kazımovun “Xətti-osinxron” mühərriklərin riyazi metodlarla təyini” mövzuları ilə bağlı məruzələri dinlənilib. Məruzələrdə dəqiq elmlərin aktual məsələlərindən, Nəsrəddin Tusi yaradıcılığının müxtəlif sahələrindən, fizika, riyaziyyat və astronomiyaya aid problem mövzularından bəhs olunub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı