Natiq Əliyev yenidən SOCAR-ın rəhbərliyinə gətirilə bilər
«SOCAR Türkiyə»dəki «Gülən əməliyyatı» hakimiyyəti şirkətdə kompleks təmizləmələr aparmaq məcburiyyətində qoyub
Xeberinfo.com: Azərbaycanın energetika naziri Natiq Əliyev yenidən köhnə vəzifəsinə – Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti postuna gətirilə bilər. Redaksiyamıza daxil olan məlumata görə, hakimiyyət Fətullah Gülən faktoruna görə Rövnəq Abdullayevi görəvdən almaq barədə düşünür.
Məlumat üçün deyək ki, Türkiyədəki uğursuz hərbi çevrilişdən sonra “Gülən camaatı”na qarşı başlanan əməliyyatlar “SOCAR Türkiyə”yə də sıçrayıb. Türkiyə mətbuatının yazdığına görə, şirkətin rəhbəri Saadettin Korkut həbs edilib. Həbsdən əvvəl onun evində və iş yerində axtarış aparılıb. Neft şirkətinin Fətullah Gülənlə əlaqəsi olan digər vəzifəli şəxsləri isə işdən çıxarılıb. Işdən çıxarılanlar arasında PETKIM Institutunun baş katibi Harun Yavaş, “SOCAR Türkiyə”nin Ictimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, IT direktoru Fuad Uludağ, Satınalmalar üzrə direktoru Çətin Korkut, SOCAR Power ortağı Ənvər Tanər Baltaçı, Yasar Çoruh ve Tolqa Toprakın adları var.
Əldə etdiyimiz yeni məlumatlarda bildirilir ki, Saadettin Korkutun ifadəsi və ofisindən götürülən sənədlərin araşdırılması nəticəsində həbslər davam edə bilər. Hətta həbslər dalğası Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) də sıçraya bilər. Qeyd edək ki, hələ bir neçə il əvvəl baş verən “nurçu qalmaqalı”nda ARDNŞ-in bəzi rəhbər şəxslərinin “Gülən şəbəkəsi” ilə işbirliyində olması barədə iddialar səsləndirilirdi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Gülənə qarşı mübarizədə prinspial mövqe tutması, onun başqa ölkələrdə, o cümlədən Azərbaycandakı dayaqlarını sıradan çıxarmaq üçün bütün səylərini səfərbər etməsi YAP iqtidarını bu istiqamətdə müəyyən addımlar atmaq məcburiyyətində qoyub. Artıq Azərbaycan hakimiyyəti “Qafqaz” Universitetini, “Zaman Azərbaycan” qəzetini, “Zaman.az” saytını, hətta əməkdaşının Fətullah Gülənin mətbuat konfrasında iştirak etdiyi üçün ANS telekanalını bağlayıb. Lakin Türkiyə hakimiyyəti bununla kifayətlənmir. Rəsmi Ankara ilk növbədə SOCAR-ın “gülənçilər”dən təmizlənməsini istəyir. “SOCAR Türkiyə”dəki qəfil əməliyyat da bu qənaəti yaradır. Ona görə də hakimiyyət SOCAR-da kompleks təmizləmələr aparmaq niyyətindədir və yuxarıda qeyd etdiyimiz kimi bu prosesdə Rövnəq Abdullayev də postunu itirə bilər.
Məlumatlarda bildirilir ki, SOCAR-dan sonra növbə “Azərsu”ya çatacaq. “Azərsu”nun bütün iri layihələrinin “gülənçilər”ə bağlı olduğu iddia edilən “HidroLotos” şirkətinə verilməsi diqqətdən yayınmayıb.
Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbova məxsus “Cahan Holdinq”in də “qara siyahı”da olduğu bildirilir. Iddialara görə, bu şirkət də “gülənçilər”lə işbirliyindədir.(Azadliq.info)