Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Leyla Şərifovanın Bakıya sirli gəlişi, həmişəlik gedişi - FOTOLAR + VİDEO

Xalq artisi Leyla Şərifovanın Bakıya sirli gəlişi, həmişəlik gedişi - FOTOLAR, VİDEO

 

 

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur.
Xeberinfo.com:  Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən azərbaycanlılar qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətli səfərləri Bakının keçmişində, insanların xatirələrində silinməz izlər qoyub… 
Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələri davam etdirir.
“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..
Bu dəfə Azərbaycan və Tacikistan SSR-in xalq artisti olmuş, yaxın Şərq ölkələrinə məxsus  mahnıların mahir ifaçısı, bir neçə il Bakıda yaşamış məşhur tacik müğənnisi Leyla Şərifovadan bəhs edəcəyik. 
Həmin Leyla Şərifova ki, təsadüfən ona “Şərq bülbülü” adına verməmişdilər...
O, 22 iyun 1931-ci il tarixində Tacikistanda doğulub. Bu ölkədə yaşayıb, boya-başa çatıb, səsinin gözəlliyi, yüksək ifa tərzi sayəsində Tacikistanın xalq artisti adına layiq görülüb.
Onu yaşlı və orta nəsil azərbaycanlılar yaxşı xatırlayarlar. Keçmiş SSRİ-nin tərkibində olduğumuz ötən əsrin 80-ci illərində AzTV ekranlarından Leyla Şərifovanın canlı ifaları tez-tez səslənərdi. “Oxuyur Leyla Şərifova” təqdimatından sonra ekranda görünən ecazkar səsli, yaraşıqlı müğənninin o zaman azərbaycanlı deyil, tacik olduğunu bilənlər də vardı, bilməyənlər də... O, Azərbaycanda yaşadığı illərdə mahir ifası sayəsində “Xalq aristi” fəxri adına belə, layiq görülə bildi... 
Leyla Şərifova uzun müddət ölkəmizdə yaşasa da, bu gün onun haqqında məlumatlar demək olar ki, yox dərəcəsindədir. Bəzi məlumatlara görə, vətəni Tacikistandan küsüb Bakıya gəlmiş Leyla Şərifovanın ikinci dəfə ərə getdiyi adam İran şahı Rza Pəhləvinin şəxsi həkimi, digər məlumatlara görə isə şahın tərcüməçisi olub. Amma bu məlumatları təkzib edənlər də var.
Leyla Şərifova Bakıda bir müddət məşhur aktrisa Münəvvər Kələntərlinin evində yaşayıb.
Bu barədə Səməd Kələntərli bibisi Münəvvər Kələntərli barədə xatirələrini danışarkən bildirib.
“Bibim Tacikistanda olanda oranın xalq artisti Leyla Şərifovayla tanış olmuşdu. Münəvvər Kələntərli Bakıya qayıdandan bir müddət sonra Leyla xanım bura gəlmişdi. Bakıya qonaq kimi yox, yaşamağa gəlmişdi. Tacikistandan acıq eləmişdi. Leyla Şərifova bir ilə yaxın bibimin evində qaldı. Münəvvər Kələntərli onu doğma balasından ayırmırdı. Sonralar, Leyla Şərifova Almaniyada yaşayan zaman deyirdi: “Mənim orada bir anam var idi””.
Xalq artisti Flora Kərimova isə Leyla Şərifovanın Azərbaycana tamam başqa məqsədlə gəldiyini deyir.
“O, “Dan ulduzu” ansamblının ilk solisti olub. O zaman Leylanın səsinə, ifasına vurulmuşdum. Şivəli bir qadın idi və artıq Bakıya gələn zaman o, vətəninin xalq artisti idi. Düşündü ki, bura gələndə Azərbaycanın xalq artisti adını alar və ardınca da SSRİ xalq artisti olar. Doğrudur, Azərbaycan SSR-in xalq artisti adını ala bildir, amma SSRİ xalq artisti ola bilmədi. Onun əvəzinə Zeynəb Xanlarova Ermənistanın xalq artisti adını aldı və sonra SSRİ xalq artisti  oldu”.
Leyla Şərifovanın Azərbaycanda çox qaldığını deyən Flora Kərimova onunla konsertlərdə rastlaşdığını bildirib.
“Caduya-pitiyə çox inanırdı. Üstündəki sancaqlarda dualar olurdu. O, paltarını dəyişəndə üstündə o qədər dua olurdu. Tacikistanda belə şeylərə çox inanırdılar. Bir dəfə dualar barədə ondan soruşduq, dedi ki, “özümü qoruyuram”. Leyla xanım bura gələrkən ona vəd vermişdilər, amma SSRİ xalq artisti adını ala bilmədiyinə görə, Bakıdan küsüb Almaniyaya getdi. Sonra bilirəm ki, Almaniyada konsert verməyə davam edirdi. Amma əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdı”.
Tarzən Ramiz Quliyevin sözlərinə görə, Leyla Şərifova yeni bir səs, ifa tərzi ilə Azərbaycan mahnılarının vurğunu olan Leyla Şərifova qısa müddətdə diqqəti özünə cəlb edə bilib. 
“Bakıya gələn kimi Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı onu himayəyə götürdü. Azərbaycan Televiziyası ona xüsusi qayğı göstərdi. Onunla bərabər çıxışlara gedirdik. Bir neçə dəfə Respublika Sarayındakı konsertlərdə iştirak etdi. Daha sonra Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” ansambılında çıxış etməyə başladı. Bu iki ansambl o xanımın sevilməyinə, inkişaf etməyinə yüksək səviyyədə təkan verdi. Çox yaxşı istedadı var idi”.
R.Quliyev də bildirib ki, Leyla Şərifova Bakıda uzun müddət qalıb və sonra qızı ilə birlikdə Almaniyaya köçüb.
“Konsertdən doymurdu. Deyirdi ki, “gərək Bakıda anadan olardım. Çünki burada yaradıcılıq üçün geniş şərait var”. Deyirdu ki, Tacikistan yalnız milli geyimdə çıxış edirlər, amma burada həm milli, həm Avropa geyimləri geyinə bilir. Özünə diqqət edən xanım idi. Gec də olsa, xöşbəxtliyini Azərbaycanla bağlayırdı. Azərbaycan xalqından o qədər mehribanlıq görürdü ki, səhnədən düşmək istəmirdi. Qastrol səfərlərini çox sevirdi, Azərbaycan adından təmsil etməyi sevirdi”.
Leyla Şərifova haqqında ən çox bilgiyə sahib olan isə “Xatirə” xalq çalğı alətlərinin bədii rəhbəri olmuş Adil Bağırovdur. Adil müəllim bizimlə söhbətdə Leyla Şərifova haqqında daha geniş danışdı. Onun sözlərinə görə, tacik müğənnisi 1978-80-ci illərdə Bakıya köçmüşdü.
“Bakıya gəldiyi vaxtdan gedənə kimi bizim ansamblla işlədi. O, bizim məşqlərə, oxuduğu mahnılara xüsusi diqqət edirdi. Çox dəqiq xanım idi. Hər şeyin yerini bilirdi. Hətta bütün konsertlərlə, çəkilişlərlə, dekarasiyalarla maraqlanırdı. Azərbaycan bəstəkarlarının mahnıları, xalq mahnıları ilə bərabər, dünya xalqlarının bəstələtini də ifa edirdi”.
A.Bağırov qeyd edir ki, Bakıda təxminən 8 il yaşadıqdan sonra Leyla Şərifova Almaniyaya köçməli olub. Lakin A.Bağırov tacik müğənnisinin küsüb getməyini xatırlamır, deyir ki, Leyla xanımın həyat yoldaşı Almaniyaya köçdüyü üçün o da getmək məcburiyyətində qalıb.
“Onun yoldaşı əfqanıstanlı idi, o Almaniyaya köçdüyü üçün Leyla xanımı da özü ilə apardı. Və beləliklə də əlaqəmiz kəsildi. Bir vaxtlar sonra rəhmətlik müğənnimiz Gülağa Məmməmədov mənə yaxınlaşdı ki, bəs Almaniyadan, Leyla Şərifovadan məktub gəlib. Xahiş edib ki, bu nömrəyə zəng edib. Leyla xanıma zəng etdim, danışdıq. Mənə təklif etdi ki, ansabamlı yığıb Almaniyaya konsert verməyə gedim. Razılaşdıq və beləliklə uzun müddət Almniayda onunla birlikdə konsertlər verdik. Tez tez zəngləşir, danışırdıq. Daha sonra mənim səhhətimdə yaranan problemlərlə əlaqədar Almaniyaya gedə bilmədim. Sonra eşitdim ki, Leyla xanım da xəstələnib. Bir müddət sonra görüşlərimiz, əlaqələrimiz kəsildi.
Hal-hazırda ondan zəng almıram, özüm də zəng etmirəm. Bilmirəm vəziyyəti necədir”.
Adil Bağırov Leyla Şərifovanın vətəni Tacikistandan küsüb Bakıya gəlməsi barədə məlumatlara inanmadığını deyir.
“Əksinə, Tacikistanda olan qonşusu böyük vəzifəli adam olub. O adam Bakıya gəlib Təhlükəsizlik Komitəsində rəhbər vəzifədə işlədi. Leyla xanım da Bakıya köçəndə onunla əalqələrini davam etdirirdi. SSRİ dövründə xaricə çıxmaq çətin idi və həmin vaxtlarda onun vasitəsilə bizə xaricdə konsert verməyə kömək edirdi. Leyla xanım Tacikistandan küsüb gəlməmişdi”.
A.Bağırovun sözlərinə görə, Leyla Şərifova Bakıda yaşadığı zaman Nərimanov rayonunda ev də alıbmış. 
Yeri gəlmişkən, bəzi məlumatlara görə, Leyla Şərifova İran şahının tərcüməçisiylə evlənib. Amma Adil Bağırov bu haqda deyilənləri də inkar edir. 
“Onun yoldaşı əfqan milliyətindən olan qohumu idi. Uzaqdan gəlmişdi. Bakıdakı köhnə “Moskva” mehmanxanasında toyları oldu. Bir müddət Bakıda yaşadılar. Toydan 1 il keçəndən sonra Almaniyaya getdilər. Onun qızı da burada Xalq Təsərrüfatı İnstitutunda oxuyurdu. Almaniyaya getdikdən sonra əlaqələrimiz davam edəndə hələ də əfqan yoldaşı ilə yaşayırdı”.
Adil Bağırov qeyd edib ki, Leyla Şərifova Bakıda keçmiş Kirov parkında, eyni zamanda dənizqırağı bulvarda olmağı sevirdi.
“Leyla xanım yaxşı yeməklər bişirirdi, məni də  dəvət edirdi. Çox vaxt isə bu dəvətlər çərçivəsində mahnılar barədə söhbət edirdik. Əli hər yerə çatırdı, dostları çox idi. Nəsə problem olanda deyirdi ki, “narahat olma, mən həll edəcəm””.

Modern.az saytının araşdırması zamanı o da məlum olub ki, 85 yaşlı Leyla Şərifova hazırda Almaniyanın Düsseldorf şəhərində yaşayır. 
2011-ci ildə Tacikistan prezidenti İmamoli Rahmon Almaniyaya səfər edərkən onu qarşılayanlar arasında Leyla Şərifova da olub.
Leyla Şəriova Almaniyada yaratdığı “Gülşən” mahnı ansamblana rəhbərlik edir. Eyni zamanda o, Almaniyadakı əfqan və İran diasporunun rəhbərlərindən biri sayılır...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam