"Son günlər bir sıra xəbər saytlarında mənim haqqımda məhkəmə prosesi ilə bağlı yayılan xəbərlər bəzi hüquqi faktlara əsaslanmadığı üçün reallığı əks etdirmir. Yayılan yanlış məlumatlara aydınlıq gətirmək məqsədilə bu açıqlamanı təqdim edirəm:
Yenixeber.org: Məlum olduğu kimi iş üzrə məhkəmə prosesi zamanı vəkil 7 epizod üzrə 5 vəsatət qaldırsa da bunların heç biri təmin olunmadı. Hakim Kamil Əliyevin sifariş əsasında verdiyi qərardan apellyasiya şikayəti vəkilim tərəfindən təqdim olunub. Həmin qərarda “zərərçəkmiş” qismində dindirilən “şikayətçilərin” məhkəmədə heç bir şikayətlərinin olmadığı, mənim onlara qarşı heç bir hədə-qorxu gəlmədiyimi, hüquq mühafizə orqanlarının müvafiq qurumlarının birində saatlarla saxlanılaraq təzyiq altında qaldıqlarını, orada heç bir üzləşmə aparılmadan hazırlanılanan izahatlara oxumadan imza atdıqlarını, məndən heç bir narazılıqlarının və şikayətlərinin olmadığını açıq şəkildə bildirsələr də, bu halların heç biri nəzərə alınmayıb. Eyni zamanda məhkəmədə 7 nəfərdən 4 nəfəri uzun müddətdir ki, məni dost kimi tanıdığını və övladlarımın təhsil haqqısı üçün köməklik etdiyini,1 nəfəri guya mənim ondan köməklik məqsədilə 50 manat istədiyimi lakin imkan olmadığı üçün verə bilmədiklərini dedilər və digər 2 nəfərin isə ifadələri ziddiyət təşkil etdiyinə görə sübuta yetirilmədi. Buna baxmayaraq, heç bir məhkəmə araşdırılması aparılmadan, mənim vəkilim tərəfindən təqdim olunan vəsatətlər qiymətləndirilmədən sifariş xarakterli qərarı ilə 5 il 6 ay müddətində həbs qərarı verilib və bu qərardan apellyasiya şikayəti vermişik.
Qeyd edim ki, bu məsələ ilə bağlı daha əvvəl Azərbaycan Respublikasının Prezidentinə rəsmi müraciətimdə məhkəmənin sifariş əsasında aparıldığını və məhkəməyə olan təzyiqlərin aradan qaldırılmasını xahiş etmişdim. Cənab Prezidentə yazdığım məktubun yekununda Ağır Cinayətlər Məhkəməsi sədri Xanlar Vəliyevə göndərilsə də təəssüf ki, Kamil Əliyev öz sifarişli qərarını davam etdirdi. Aşağıda məhkəmə yekunundan sonra ünvanladığım rəsmi müraciətin mətni təqdim olunub.
Hörmətli Prezident!
Mən bu gün bir juranlist kimi vaxtilə satirik qəzetin rəhbəri olaraq tənqid yazdığımız məmurların şəxsi maraqlarının qurbanına çevrilmişəm. Belə ki, 2000-ci ildən etibarən müxtəlif mətbuat orqanlarında, o cümlədən “Kirpi” jurnalında çalışmışam. 2003-cü ildən “Dəryaz” satira yumor qəzetinin baş redaktoru vəzifəsində çalışmışam. Qəzetimizin məramı sosial yöndə olan problemləri işıqlandırmaq, redaksiyamıza daxil olan şikayətlər əsasında araşdırma aparıb aidiyyatı orqanlara yönləndirib mövcud olan problemləri aradan qaldırmaq olmuşdur. Mən 9 sentyabr 2024-cü ildə səhər vaxtı işə gedən zaman Azərbaycan Respublikası DIN-in əməkdaşları mənə məxsus idarə etdiyim avtomobili saxlatdırıb telefonumu, maşında olan sənədlərimi və maşında quraşdırılmış videokameranı götürərək məni polis idarəsinə apardılar. Elə həmin gün telefonumun yaddaşında olan və vaxtilə mənə övladlarımın təhsil haqqının ödənilməsi üçün dəstək olan 3 nəfərin hərəsindən 56,66 manat olmaqla ümumilikdə 170 manat borc verən insanları idarəyə çağırıb saatlarla idarədə saxlayaraq özlərinə lazım olan formada mənə qarşı “izahatlarını” aldılar. Onların bəzilərinin məndən şikayət etmədiyi halda hədə-qorxu yolu ilə istəklərinə nail oldular. Topladıqları saxta dəlillər vasitəsilə mənə Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsilə cinayət işi qaldırdılar. Mənə qarşı sürülən ittihamlarla və cinayət işi ilə qəti olaraq razı deyiləm və qəbul da etmirəm. Belə ki, polis əməkdaşlarının mənə qarşı atdıqları addımın qərəzli və sifarişli olmasına heç bir şübhəm yoxdur. Çünki, onların bu addımı atmağa səbəbi isə vaxtilə tənqid yazdığımız məmurların arxasında dayanan güclərin sifarişidir.
Cənab Prezident!
Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sifarişli və qərəzli qərarından Bakı Appelyasiya Məhkəməsinə müraciət etmişəm.
Mən bu gün Kamil Əliyevin haqsız və qanunsuz əməllərindən şikayət etsəm də və sifariş əsasında verilmiş 5 il 6 ay olan həbsimdən appelyasiya şikayəti versəm də inana bilmirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına təsir edən güclərin və məmurların təzyiqi Bakı Appelyasiya Məhkəməsinə də təsir etməyəcək.
Məhkəmə müstəqil və sərbəstdir. Təəssüf edirəm ki, bu ifadəni cənab Kamil Əliyevin qərarında görmədim.
Cənab Prezident!
Mən sizin səmimiyyətinizə, mərhəmətinizə, ədalətinizə inanıram. İnanıram ki, məhkəməyə təsir edən güclərin təzyiqinin dayandırılması üçün tapşırıq verəcəksiniz və növbəti məhkəmə ədalətlə aparılacaq.
Əvvəlcədən minnətdarlığımı bildirirəm".
Hörmətlə, "Dəryaz" qəzetinin baş redaktoru Habil Tağıyev