Asif Mərzili: «Mətbuat Şurasında olan müzakirələrimizdə təmirə dayanan nəşriyyatdan çıxarılan redaksiyalara alternativ yer təklifi əsas mövzu oldu…»
Yenixeber.org: Xəbər verildiyi kimi, «Azərbaycan» nəşriyyatı əsaslı təmirə dayandırıldığından burada yerləşən redaksiyalarla bağlanmış müqavilələrə fevralın 1-dən xitam verilmişdir. Üstəlik, redaksiyalara qısa müddətdə nəşriyyatı tərk etmək də tapşırılıb. Lakin redaksiyalara alternativ yer təklifi olmadığından, 20, 30 və 40 ilə yaxındır nəşriyyatda yerləşən redaksiyaların jurnalistləri indi çıxılmaz vəziyyətdədir. Elə bu səbəbdən də redaksiyalar indi harada yerləşmək barədə çıxış yolu tapmaqda çətinliklərlə qarşılaşıblar. Məhz bu gün «Azərbaycan» nəşriyyatının qarşısında çoxsaylı jurnalist və media nümayəndələrinin keçirilən görüşündə də bu məsələ müzakirə mövzusu oldu və tədbirdə çıxış edənlər rəsmi qurumlardan jurnalistlərə kömək olunmasını xahiş etdilər.
***
Az əvvəl isə redaksiyaların qeyd edilən problemləri Azərbaycan Mətbuat Şurasında müzakirə olundu. Jurnalistlər Asif Mərzili, Şirin Cəfərli, Yaqub Məğrur və Rövşən Qasımovdan ibarət səlahiyyətli nümayəndələrin Şuranın sədri Rəşad Məcidlə görüşündə 3 vacib təklif diqqətə çatdırılıb. «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili bildirdi ki, müzakirələr olduqca səmərəli keçib:
“Hər birimiz təkliflərimizi Rəşad müəllimin diqqətinə çatdırdıq. Bildirdik ki, Cənab Prezident İlham Əliyev daim jurnalistlərin problemlərinin həllinə diqqət göstərib, mediamıza Dövlət yardımı edilir. Bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, eləcə də ölkə əhalisinin maarifləndirilməsində mediamızın fəaliyyətinin fəlsəfəsidir. Odur ki, Prezident Administrasiyasının idarəçiliyində olan «Azərbaycan» nəşriyyatının əsaslı təmirə dayandırılmasını dəstəkləməklə, eyni zamanda nəşriyyatda yerləşən redaksiyaların indiki məqamda səmərəli fəaliyyətinə Dövlət qayğısını vacib sayırıq. İlk növbədə onların alternativ sahələrlə müvəqqəti yerləşdirilməsini və təmir başa çatdıqdan sonra isə nəşriyyata qaytarılmasını vacib sayırıq. Şirin Cəfərli, Yaqub Məğrur və Rövşən Qasımov da təkliflərini bildirdilər. Beləliklə, biz 3 təklif və istiqamət üzərində dayandıq:
1.»Azərbaycan» nəşriyyatının əsaslı təmirə dayandırılması səbindən binanı tərk edən redaksiyalara müvəqqəti alternativ yer təklif olunsun;
2.Həmin redaksiyaların nəşriyyatın əsaslı təmiri başa çatdıqdan sonra əvvəlki iş yerlərinə qaytarılması təmin olunsun;
3.Həm müvəqqəti fəaliyyət üçün təklif olunacaq sahələrlə bərabər, «Azərbaycan» nəşriyyatının əsaslı təmirindən sonra olacaq icarə haqqı Azərbaycan mətbuatının iqtisadi imkanlarına uyğunlaşdırılsın”.
***
Jurnalist Şirin Cəfərli də əməkdaşımıza bildirdi ki, Mətbuaş Şurasında keçirilən görüş olduqca səmərəli olub və qeyd edilən 3 əsas təklif bəyənilib: «…Mətbuat Şurasının sədri Rəşad Məcidə göstərdiyi diqqətə görə, hamımızın adından minnətdarlıq edirik və inanırıq ki, qaldırılan problemlər tezliklə həllini tapacaq…».
Sonda: xatırladırıq ki, qaldırılan məsələlərdən artıq Prezident Administrasiyasında da məlumatlıdırlar… Mətbuat Şurası isə qeyd olunan hər 3 təkliflə bağlı xüsusi arayış hazırlayacaq və bu gün Administrasiyaya təqdim ediləcək.
Yasəmən Məmmədli










AZ
RU
