Azərbaycanın Xalq şairi Vahid Əziz Bakı şəhərinin meri Eldar Əzizova müraciət edib.
Yenixeber.org: Xalq şairinin redaksiyamıza göndərdiyi müraciətində deyilir:
“Cənab Eldar Əzizov! Külli Azərbaycan bilir ki, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev Qarabağda ermənilərin 30 il ərzində dağıtdıqlarını aradan qaldıraraq bölgədə bərpa və quruculuq işlərinə birbaşa nəzarət edir, eləcə də dünya siyasətinə meydan olan Azərbaycanın qlobal problemlərinin həlli üçün daim xarici səfərlərdədir, beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dünyaya çatdırmaqla məşğuldur. Cənab Prezident isə burda Bakının problemlərinin həllini sizə həvalə edib, etimad göstərib. Lakin sizin gözünüzün qarşısında Bakının qədim tarixi məhv edilir, tarixin canlı yaddaşı və izi olan qədim binalar sizin göstərişinizlə dağıdılır, yer üzündən silinir. Niyə? 40-50 ilin binaları köhnə, yararsız sayılırsa, bəs niyə dünyanın digər şəhərlərində belə əsassız addımlar atılmır, əksinə, şəhərin qədimliyi qorunub saxlanır, köhnə tarixi binalar bərpa edilir, gələcəyə daşınır. Beləliklə, Bakını yeni göydələnlərlə, monolit evlərlə dolduranlar sabah Bakıya qonaq gələn turistlərə Bakının qədimliyini nə ilə sübut edəcəklər???

Bu hələ harasıdır, Xalq şairi olaraq Bakı sakinləri ilə hər gün təmasda oluram, məndən soruşurlar ki, bu şəhərin tarixinə qənim kəsilməkdə məqsəd nədir? Bakı tıxac əlindən zara gəlib, bundan xəbəriniz yoxdur? İnsanlar hər gün saatlarla küçələrdə qalır, qızıl kimi vaxtını itirir, daraldılmış yollarda qalan avtomobillər Bakının ekologiyasına olmazın ziyan vururlar. Nəyin naminə? Çünki il başa çatır deyə, büdcədəki pulları necə gəldi xərcləyib bitirmək üçün Bakının bütün küçələri bağlanır, sökürlər, dağıdırlar, parklamalar yaradırlar, şəhəri öz əzəli sakinlərinə icarəyə verirlər, şəhəri necə gəldi tikirlər. Bu gün “İrsPlaza” və Beynəlxalq Bankın yanından dağüstü parka tərəf getmək üçün (neçə vaxtdır belədir) ən azı kilometrlərlə yolu fırlanıb yuxarıya piyada dırmaşmalı oluruq. Çünki Murtuza Muxtarov küçəsinə paralel olan bütün küçələr bağlanıb, sökürlər, yol çəkirlər, dağıdırlar, biz sakinlərə piyada yol da qoymayıblar. Bu nə rəzillikdir, insanları ələ salmadır?
Düşünürəm və bu ərazidə yaşayan on minlərlə insanlar da o fikirdədir ki, bu cür korazehin, özbaşına fəaliyyət dövlətə, dövlətçiliyə birbaşa təxribatdır, süni narazılıq yaratmaq məqsədlidir! Bunun başqa adı yoxdur!
Cənab Eldar Əzizov, siz Bakının rəhbəri təyin ediləndən Bakı sakinlərinin rahat həyatına zəhər qatılıb, günümüz qaradır. Hər gün Bakının bu qədim ərazisində yaşayanlara zülm yaşadılır, avtomobillə hərəkət mümkünsüzdür, piyada getməyi də yasaq ediblər. Buna son qoyun! Bu xalq, bu camaat yazıqdır! Niyə qoymursuz ki, bu insanlar canımız və qanımızla alınmış torpaqlarımızın qarşıdan gələn Zəfər Bayramını ürək açıqlığı ilə qeyd edək, ürəkdən sevinək?! Sizin işyarıtmaz komandanız bu sevincimizi də əlimizdən alıblar! Bunu dayandırın, bu təxribatçılarınızı durdurun!”.(“Təzadlar”)










AZ
RU
