ANS bir daha ifşa edildi
"Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin efirində pornoqrafiya yayımlanması ilə bağlı əlində olan faktlar əsasında danışıb".
"Xeberinfo.com": Məlumata görə, bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.
O, bildirib ki, vaxtilə bu problemlə bağlı kanala xəbərdalıq da olunub: "Telekanalın efirində 22 fevral 2013-cü il tarixdə gecə saatlarında yayımlanmış "Killer Co" adlı bədii filmin əsas süjet xətti sırf pornoqrafiya olmasa da, tez-tez erotik və pornoqrafik elementlərə rast gəlinirdi. Filmdə qızla killer arasında erotik səhnələr yer alır. Filmin süjet xətti əxlaqi-mənəvi cəhətdən yolverilməz olub. Filmdə əxlaqsız bir ailənin həyat tərzi nümayiş etdirilir. Filmdə ana-oğul, ata-oğul, bacı-qardaş, ata-qız, ana-qız arasında son dərəcə qeyri-əxlaqi münasibətlərin əksini tapdığı səhnələr yer alırdı.
Bu faktlar əsasında MTRŞ ANS TV-yə xəbardarlıq etmişdi. Şəxsən Mirşahin Ağayev o zaman xahiş etdi ki, bu məsələ mətbuatda işıqlandırılmasın".
Şöbə müdiri ANS TV-nin verilişlərində qeyri-etik ifadələrin işlədilməsi ilə bağlı misallar da gətirib: "07.05.2015-ci il tarixdə yayımlanan “Salam Azərbaycan” verilişində aparıcılar arasında qeyri-etik dialoq baş verir.
- Aytən Səfərova: ("İti bucaq" verilişinin aparıcısı Samirə müraciətlə): Sabunla aranız necədir?
- Samir: Sabun təmizlik vasitəsidir.
- Aytən Səfərova: Başqa nə vasitədir? (gülürlər)
- Samir: Bu sualı gözləmirdim.
- Aytən Səfərova: Niyə? Azərbaycanda yaşamırsınız. Niyə də yox?
- Samir: İndi artıq sabun istifadə edən yoxdur.
- Aytən Səfərova: Elə insanlar var ki, sabundan hər gün istifadə edirlər. Çünki bunsuz mümkün deyil. Dogrudan belədir. Xüsusilə indiki müasir zamanənin reallıqlarını nəzərə alaraq sabun ən tələb olunan vasitələrdəndir. İndi artıq bir çox insanların işini asanlaşdırmaq üçün gel sabunları da var. Onlardan istifadə edin. (gülürlər)
- Samir: Təmizlik baxımından insan üçün ən vacib məsələdir. Hətta həyatın tərkib hissəsidir (gülürlər).
-Aytən Səfərova: Sabun lazımdır. Sabunsuz bir günümüz olmasın. Bu, gigiyena vasitəsidir. Elə insanlar var ki, bu həyatda sabunsuz qala bilmirlər.
"Sən tək deyilsən" verilişində isə bir sıra hallarda verilişə müraciət edən insanlar ələ salınır, onların şərəf və ləyaqəti alçaldılırdı, bəzən isə hətta aparıcı və ekspertlər tərəfindən də təhqirə məruz qalırdılar.
Məsələn, verilişin yeni mövsümdəki buraxılışlarından birində, konkret olaraq 14 sentyabr 2015-ci il tarixdə aparıcı Xoşqədəm Hidayətqızı tərəfindən studiyada nitqində və dayaq-hərəkət sistemində qüsuru olan bir xanımın şərəf və ləyaqəti təhqir edilib (saat 17:13). Belə ki, verilişə evlənmək üçün müraciət etmiş Ruslan adlı şəxsə həmin qızı göstərməklə "35 yaşında qızdır. Ailə qurmaq istəyərsənmi onunla?" deyə istehzalı şəkildə müraciət edib. Halbuki, qız evlənmək niyyəti ilə deyil, başqa problemlə bağlı verilişdə iştirak edirdi. Bu zaman həm aparıcı, həm də studiyada əyləşənlər gülürdülər.
30 may 2015-ci il tarixdə saat 13.00-15.00 arası yayımlanan "İncə maraqlar" verilişində aparıcı Elnarə Təhməzova qara rəngdə hicab, çarşab geyən xanımlarla rəngarəng, açıq tonlu hicab geyinən xanımları müqayisə edərkən birincilərlə bağlı "O cür qara-qura geyinən, neqativ arvadlar bayquşa oxşayır" ifadəsini işlədib. Bundan başqa verilişdə irqi-ayrıseçkilik fikirləri aşılayan söhbət də olub.
Bu verilişdə baş verən hallarla bağlı qurumun "qaynar xətt"nə çoxsaylı tamaşaçı şikayətləri daxil olmuşdu.
ANS telekanalının hər bazar saat 11.00-13.20 arası efirə gedən "Bazar səhəri" verilişində bəzi hallarda qeyri-etik ifadə və jestlərlə müşayiət olunan müzakirələrə yer ayırır.
8 mart 2015-ci il tarixdə saat 11.00 – 13.30 arası yayımlanan "Bazar səhəri" verilişində qeyri-etik sətiraltı məzmunlu müzakirələrə yer verilib.
Aparıcı: Yol kənarında açıq-saçıq, qısa ətəkli geyinən xanımı görəndə avtomobilinizi heç saxlamısınız?
Müğənni Nadir Qafarzadə: Çılpaq niyə gəzir? Şubasını geyinsin də.
Aparıcı: Şubası yoxdur da.
Müğənni Nadir Qafarzadə: Şubası yoxdur.... Onda ucuzdur ki, (yəni ucuz fahişə) şuba almayıblar ona.
Verilişin başqa bir sayında yenə bu səpkili söhbətlər olub.
Aparıcı: Məclisdə yanınızda oriyental rəqqasə oynayarkən onun sinəsinə pul qoymusunuz, yoxsa?
Müğənni Nadir Qafarzadə: Yox, heç yerinə.
Müğənni Manaf Ağayev: Qoymuşam.
Müğənni Nadir Qafarzadə: (Müğənni Manaf Ağayevə) Necə yəni qoymuşam? Hara, nə qoymusan? (ironiya ilə)
Müğənni Vasif Məhərrəmli: Qoymuşam.
Müğənni Nadir Qafarzadə: (Müğənni Vasif Məhərrəmliyə) O da qoyub...
Müğənni Vasif Məhərrəmli qəhqəhə çəkib gülür.
ANS Televiziyası 5 oktyabr 2015-ci il (Atmacalar)
5 oktyabr 2015-ci il tarixdə saat 07.00-10.00 arası yayımlanan "Salam Azərbaycan" verilişində aparıcı Cəlalə Nəzəroğlu aşağıdakı ifadələri işlədib: "Bəzi şəxslər və qurumlar var ki, kimlərisə ya şəxs olaraq, ya qurum olaraq milli-mənəvi dəyərlərə əməl etməməkdə günahlandırırlar və bəzi şəxslər özləri buna əməl etmirlər. Bunu tənqid eləyən həmin şəxsləri ifşa eləyən bir mahnı var. "Qan qrupu"nun ifasında. "Metamorfoza" adlanır bu mahnının adı. Həmin mahnını təqdim edirik" (Saat 08.09-da).
Həmin mahnının sözlərində müəyyən atmacalar öz əksini tapıb. Mahnının sözləri əsasən aşağıdakılardan ibarət olmuşdur:
"Milli Marfoza"
Savaş gedir, qan tökülür azəri torpağında
Millət defile eyləyir düşmənin qabağında
Atəşkəsdən yararlanıb alver edir arada
Dədəm Qorqud sahə alıb Badamdar bağlarında
….
Koroğlunun gözü doymur yığdığı rüşvətlərdən
….
Natavan başçılıq edir ordumuza Dubayda
…
Anoloqu, ataloqu yoxdu bu savaşın,
Qaçaq Nəbi mersedesdə göynən gedir, qardaşım.
İşi xoddur, biznesmendir, neft satır maşın-maşın.
Neftdən qabaq torpaq satıb dollara arşın-arşın.
İyirmi Yanvar yer altında bizi çəkir sınağa
İyirmi faiz yoxdur yer üzündə, ümid yoxdur sabaha
Oruc qəza, namaz batil, həccə getmirik daha
Babək göydələnlər tikir yaxın olsun Allaha
Yenə millət yola çıxıb həqiqət axtarmağa
Ağızlar hər an hazırdı söyüşə, qışqırmağa,
TV-lərdə Nuşirəvan rep oxuyur bayquşa
Fitnə şəxsi fitnes klubda öküz qaldırır başa
….
Qatır Məmməd dəstəsilə qaşlarını aldırır.
ANS televiziyasının efirində bu kimi hallarla bağlı kifayət qədər çox faktlar var ki, sadəcə bir necəsini sadaladıq. TV-lərin hər birinin yayımladığı verilişlərin videoçəkilişləri bizdə var. MTRŞ boşuna deyil, faktlar əsasında danışır. sadaladığım bütün neqativ hallar "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.9-cu maddəsinə (proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 2.9-cu (efirdə ədəbsiz ifadələrin işlədilməsi saat 07.00-dan 23.00-dək yolverilməzdir) maddəsinə ziddir.
ANS bizim telekanalla qərəzli olduğumuzu yenə də düşünürsə və öz verilişlərindən xəbərsizdirsə, Şuranın monitorinq bölümündə aparılan monitorinqin nəticələri ilə daha yaxından tanış ola bilər".