"Sambaçılar" darmadağın etdiyi rəqibə qarşı -Xorvatiyanın asiyalılara qarşı üstünlüyü
Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmaları daha əvvəl mundiallar tarixində iki dəfə bir-birilərinə rəqib olublar.
Yenixeber.org: 1998-ci ildə qrup mərhələsində 1:0 hesablə qələbə qazanan Avropa təmsilçisi 2006-cı ildə eyni raundda qolsuz heç-heçəyə razılaşıb.
DÇ-2018-in finalçısı bu iki oyundan başqa turnirdə Asiya təmsilçiləri ilə görüşməyib. Hazırkı yarışda sadəcə köhnə qitə komandalarına (Almaniya, İspaniya) qalib gələn Yaponiya seçməsi daha əvvəl on matçın ikisində (5 məğlubiyyət, 3 heç-heçə) rəqiblərini məğlub etmişdi. Asiyalılar mərhələ adlayacağı təqdirdə öz qitələrində bunu bacaran üçüncü milli kimi tarixə düşəcəklər. 1966-cı ildə Şimali Koreya, 2002-ci ildə Cənubi Koreya buna müvəffəq olub.
Mundialların 1/8 finalında üçüncü dəfə iştirak edən xorvatlar 1998-ci ildə Rumıniya, 2018-ci ildə Danimarkanı mübarizədən kənarlaşdırmışdı.
1/8 finalın digər qarşılaşmasında beşqat dünya çempionu Braziliya yığması Cənubi Koreyanın müqavimətini qırmağa çalışacaq. Asiya təmsilçisi ilə oynadığı yeddi görüşün altısından (bir məğlubiyyət) qələbə ilə ayrılan "sambaçılar" bu il iyundakı yoldaşlıq oyununda rəqibini darmadağın (5:1) edib. Cənubi amerikalılarla turnir tarixində altı dəfə üz-üzə gələn koreyalılar (2 heç-heçə, 4 məğlubiyyət) qələbə qazana bilməyib. 2010-cu ildən sonra ilk dəfə 1/8 finalda iştirak edən komanda həmin vaxt Uruqvaya 2:1 hesabı ilə uduzmuşdu.
Braziliya yığması əvvəlki yeddi mundialın 1/8 finalında istədiyini nəticəyə sahib olub. Milli son dəfə 1990-cı ildə Argentinaya yenilib.
Qeyd edək ki, Yaponiya - Xorvatiya oyunu Bakı vaxtı ilə saat 19:00-da, Braziliya - Cənubi Koreya matçı saat 23:00-da start götürəcək.