Yenixeber.org: O, yaxın adamlarından biri olan Xaqan Zeynalovun başına iki dəfə atəş açması nəticəsində ölüb. Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov onu gözləyən Əmir Həmidlinin (29) idarə etdiyi kirayə maşını ilə oteldən qaçıb. Xəstəxanaya aparılan Səlifovu həkimlərin bütün səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Dənizli polisi qaçan Xaqan Zeynalovu və Əmir Həmidlini yaxalayıb. Onların avtomobilinə baxış zamanı tapança və bıçaq götürülüb. Saxlanılan şübhəlilərdən Xaqan Zeynalov xəsarət aldığı üçün xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Daha sonra onlar "qəsdən adam öldürmə" ittihamı ilə həbs olunublar.
Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin "Lənkəranski" ləqəbli Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədilə törədildiyi müəyyən edilib.
Hadisədə Azərbaycan vətəndaşları Xaqan Zeynalov və Əmir Həmidli və Əli Mövlamlı (29), Camal Həsənov (30), Cəfər Əlizadə (40), Xanımnisə Məmmədova (33), Namiq Canıyev (51), Rəsul Həsənov (30), Ümid Nəcəfov (33), Cəmil Keleş (46), Erkan Aşan (36) və vəkil Nürsen Arasoğlunun (53) əli olduğu müəyyən edildikdən sonra İstanbul və Ərzurumda əməliyyatlar aparılıb.
Əməliyyatlar zamanı Əli Mövlamlı, Rəsul Həsənov, Ümid Nəcəfov və Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlu saxlanılıb. Vəkil Nürsen Arasoğlu məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digər şübhəlilər həbs edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Canıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bakırköy Respublika Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittihamnamədə 2016-cı il avqustun 18-də Beşiktaşda öldürülən "Lənkəranski" ləqəbli azərbaycanlı Rövşən Canıyevin ölümündə “Lotu Quli”nin əli olduğu bildirilir. Hadisədən sonra Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərliyi ilə Camal Həsənov, Cəfər Əlizadənin və digər şəxslərdən ibarət təşkilat yaradılıb.
Bu məqsədlə Nadir Səlifova və qardaşına qarşı bir çox sui-qəsd cəhdlərinin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alındığı bildirilən ittiham aktında qeyd olunub ki, Cəfər Əlizadənin göstərişi əsasında təşkilat Nadiri öldürmək üçün Xaqan Zeynalova tapşırıq verib. Və bildirilib ki, bunun müqabilində ona 4 milyon dollar veriləcək.
Onlar başa düşüblər ki, Nadir Səlifovu öldürmək asan deyil və qorunması güclüdür. Bundan sonra Xaqan Zeynalov Nadir Səlifovun etimadını qazanmaq üçün onun yanına yerləşdirilir. Uzun müddətdən sonra Xaqan Zeynalov onun inamını qazanır və yaxınlaşa bilir.
Xaqan Zeynalov qətllə bağlı ifadəsində bildirib: "Nadir Səlifov mənim yaxın dostum olub. Özü məni Türkiyəyə dəvət edib. Oteldə onun qonağı olmuşam. Artıq İstanbula gedirdim. Aramızda problem oldu. Nadir Səlifov məndən Moskvada olan bir iş adamını qaçırmağımı istədi. Razı olmadım. Ona görə dalaşdıq. O məni yumruqladı. Salonda 8 silahlı adam var idi. Onlar mənə atəş açdılar, mən də özümü qorumağa çalışdım.Silahımı çıxarıb soldan atəş açdım. Nadir isə sağda idi".
Xaqan Zeynalov Əmir Həmidli ilə hadisədən əvvəl oteldə tanış olduqlarını, ayın 19-da birlikdə İstanbula getməyə razılaşdıqlarını və silahlı qarşıdurma səbəbindən oteldən qaçaraq Əmirin maşınına mindiyini bildirib. Xaqan Zeynalov "Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir mənim yaxın dostumdur. Nadiri güllələyən mən deyiləm. Polis məni hədələdi. Mənimlə tərcüməçim yox idi, ona görə ifadəni qəbul etdim", deyib.
Xaqan Zeynalovu avtomobillə otelin qarşısından qaçırdığı iddia edilən Əmir Həmidli də ona qarşı irəli sürülən ittihamları rədd edib. Hadisədən əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova ilə Türkiyəyə istirahətə gəldiklərini açıqlayan Əmir Həmidli deyib:
"Xanımnisə Məmmədova eskort qadındır. Onun Camal Həsənovla əvvəllər münasibətindən xəbərim yoxdur. Türkiyədə birlikdə istirahət etmək üçün 500 dollara razılaşdım. Əvvəlcə İstanbulda bir dostumuzun evində qaldıq. Sonra Antalyaya gəldik. Xaqanla oteldə qarşılaşdım.
Maşını ayın 20-də çatdırmalı idim. Xaqan ayın 19-da İstanbula gedəcəyini bildirdi və bizə birlikdə getməyi təklif etdi, razılaşdım. Yeri gəlmişkən, Xanmnisə Məmmədova mənim bəzi davranışlarıma qarışdığından onunla mübahisə edib, pulunu verib geri göndərmişdim. Bu hadisə baş verən gecə mən Xaqanı götürməyə gəldim, Xaqan qaçaraq gəlib dedi ki, "Nadirlə mübahisə etdik. Sür, məni öldürəcəklər”. Antalyanın çıxışında yanacaqdoldurma məntəqəsində saxladıq, yaralı idi, kürəyindən qan axırdı. Tampon hazırladım. Xəstəxanaya getməyi təklif etdim, rədd etdi. Polis bizi Dənizlidə yaxaladı”.
Prosesdə digər təqsirləndirilən şəxslər də ittihamları rədd ediblər. Təqsirləndirilən şəxslərin vəkillərinin müdafiəsindən sonra məhkəmə kollegiyası saxlanılan müttəhimlərdən biri Cəmil Keleşin azadlığa buraxılması, digərlərinin isə həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və iclası təxirə salıb.