“Dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində müşahidə olunan davamlı artımın 2 əsas səbəbi var”.
Yenixeber.org: Bunu “Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov bildirib.
Zaur İbrahimov deyib ki, bu səbəblər sırasında ilk yeri COVİD-19 pandemiyası ilə bağlı dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər, təchizat zəncirinə mütəmadi təzyiqlər, bir sıra ölkələrin tələbdən artıq ehtiyat yaratması, başqa sözlə, tələbin disproporsional artması tutur: “İkinci sırada Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişə səbəbilə qlobal ticarətdə yaranmış məhdudiyyətlər, əsas istehsalçı və ixracatçı ölkələrdə əmtəələr, o cümlədən ərzaqlıq buğda üzrə ciddi qiymət və tədarük risklərinin yaranması, logistik xərclərin yüksəlməsi, ərzaqlıq buğda ixracının məhdudluğu, bəzi istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları nəticəsində dünya bazarında təklifin azalması, qiymətlərin yüksəlməsi gəlir. Beynəlxalq Taxıl Şurasının (IGC) məlumatına əsasən, 2020/2021-ci il mövsümündə qlobal buğda ixracının 8,9%-i (16,9 milyon ton) Ukraynanın payına düşüb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozlarına görə, 2022-ci ildə ümumilikdə qlobal istehsalın azalacağı gözlənilir. Əsas ixracatçı ölkələrdən olan Rusiyada 2021-ci ilin fevral ayından etibarən ixrac tarifləri tətbiq edilir və bu hazırda da qüvvədədir”.
“Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri qeyd edib ki, cari ilin iyul ayında ölkəyə ərazqlıq buğdanın orta idxal qiyməti 402,5 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 67% (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4% (orta idxal qiyməti 339,9 ABŞ dolları) yüksəkdir. FAO 2022-ci ilin iyul ayında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzağın dünya üzrə qiymət artımını 13,1% səviyyəsində qiymətləndirib: “Ötən dövrdə Azərbaycanda ərzaqlıq buğdanın qiymət artımının qarşısını almaq məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər görülüb. Qiymət artımının qarşısını almaq məqsədilə buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddəti 01.01.2024-ci il tarixədək uzadılıb. Mövcud qanunvericiliyə əsasən, aqrar sahənin inkişafı, istehsalın artırılması və stimullaşdırılması məqsədilə ölkədə kənd təsərrüfatı məhsullarının (o cümlədən ərzaqlıq buğdanın) istehsalçıları torpaq vergisi istisna olmaqla mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2014-cu ilin yanvarından 10 il müddətinə azad edilib. O cümlədən özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalının artırılması və idxaldan asılılığı azaltmaq üçün “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti 19 iyul 2022-ci il tarixli Fərman imzalayıb. Fərmanla Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyasının verilməsi, ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi, həmçinin müvafiq təsərrüfatlarda su təminatının təkmilləşdirilməsinə dair tədbirlərin görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, Aqrar Subsidiya Şurası tərəfindən 2022-ci ildə buğda əkinləri üzrə hər hektar üçün 210 manat əkin subsidiyasının verilməsi müəyyən edilib. Ərzaqlıq buğda və un ixracının qarşısının alınması məqsədilə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2022-ci il tarixli Qərarı ilə müəyyən olunan “Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı”na bu məhsullar daxil edilib.
2020-ci ilin mart ayından başlayaraq 12 ay ərzində ərzaqlıq buğda təchizatçılarına ayrılmış 58,2 milyon manat kredit üzrə hesablanmış faizlərə 6,2 milyon manat subsidiya ayrılıb, Nazirlər Kabinetinin 13 sentyabr 2021-ci il tarixli Qərarı ilə subsidiya verilməsi müddəti 12 aydan 24 ayadək uzadılıb və qeyd edilən dövr üçün kreditlər üzrə hesablanmış faizlərə əlavə 7,3 milyon manat maliyyələşmə ayrılıb.
Eyni zamanda ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə 2021-ci il fevralın 1-dən dekabr ayının 31-dək olan müddət ərzində satılan una görə 37 sahibkarlıq subyektinə ümumilikdə 73,7 milyon manat subsidiya ödənilib”.
Zaur İbrahimov nəzərə çatdırıb ki, Azərbaycanda bu ilin əvvəlinə özünü buğda ilə təminetmə əmsalı 62 faiz idi. Dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində ərzaqlıq buğdanın istehsalının artırılması nəzərdə tutulur: “Təqribən 3-4 il ərzində ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin 80 faizə çatdırılması ilkin hədəfdir. Bugünkü vəziyyət ondan ibarətdir ki, bazarlarda təkcə qiymət amili deyil, həmçinin taxıl qıtlığı amili vardır. Rusiya-Ukrayna münaqişəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda və taxılla təmin edə bilmirlər. Lakin Azərbaycanda bu sahədə problem yoxdur. Rusiyalı tərəfdaşlarla əldə edilmiş razılaşmalar nəticəsində, Azərbaycana tələb olunan həcmdə taxıl ixrac edilir. Növbəti illərdə mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi, subsidiyaların verilməsi və digər tədbirlər nəticəsində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına nail olunacaq. Artıq azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Bu il 50 min hektarda taxıl əkilib və artıq məhsul yığımı sona çatmaq üzrədir. Azad edilmiş torpaqlarda bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə taxılçılıq üçün ən azı 100 min hektar dövriyyəyə buraxılacaq. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük rol oynayacaq”.
“Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri xatırladıb ki, cari ilin əvvəlində un istehsalçıları unun qiymətinin ərzaqlıq buğdanın qeyd olunan orta idxal qiymətinə (340 ABŞ dolları) uyğunlaşdırmaqla unun qiymətinin 2022-ci ilin taxılın iyul-avqust aylarının biçin-tədarük dövrünədək göstərilən səviyyədən (50 kq-lıq qablaşdırmada 35.90 manat) yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edəcəklərini bəyan etmişdilər. Onun sözlərinə görə, bu uyğunlaşmadan sonra un istehsalçıları unun qiymətinin 2022-ci ilin qeyd olunan dövrünədək uyğunlaşdırılan qiymət səviyyəsindən yuxarı qalxmaması üçün bütün səylər səfərbər edilib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında artım tendensiyası, qiymət təzyiqləri davam edir.