Bir çox ölkədə "omikron" ştammı artmaqda davam edir. Azərbaycanda da bu ştammın aşkarlanması ilə yoluxanların sayında bir müddət kəskin artım müşahidə olunurdu. Hazırda isə yoluxanların sayında azalma müşahidə olunur.
Yenixeber.org: Bunu infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
Onun sözlərinə görə, "omikron" ştammının yoluxduruculuq qabiliyyəti yüksək olduğundan yoluxma sayının artması təbiidir. Böyük ehtimal ki, fevral ayı ölkəmizdə "omikron" ştammının pik həddinin son ayı olacaq.
"Sonrakı aylarda isə yoluxmaların sayında azalmalar olacaq. Qonşu ölkələrlə müqayisədə yoluxmaların sayı ölkəmizdə azdır. Bunun da əsas səbəbi vətəndaşlarımızın könüllü vaksinasiya prosesinə inamla yanaşmasıdır. Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi qapanmaların qarşısını alır. Hazırda isə koronovirusun yeni ştammı olan "omikron"dan qorunmaq üçün ən effektiv üsul vaksinasiyadır. İnsanlar artıq "buster" doza ilə (3-cü doza) vaksinasiya olunurlar. Üçüncü doza vaksin olunanlar vaksin olunmayanlara nisbətən az yoluxur və xəstəliyi yüngül keçirirlər. Ancaq bu, o demək deyil ki, vaksin olunanlar virusa yoluxmur.
Virusdan qorunmaq üçün insanlar bir-birilə sıx təmasdan çəkinməli, maskadan istifadə etməli, gigeyenik qaydalara riayət etməlidirlər", - M.Əliyev əlavə edib.
Qeyd edək ki, Azərbaycanda birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 72 163 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 12 627 370, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 273 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 768 299, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 585 100 təşkil edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilmir.