TÜRKİYƏ - AZƏRBAYCAN BİRGƏ UNİVERSİTETİ YARADILIR... -Nə vaxt fəaliyyətə başlayacaq?
Dekabrın 2-də Prezident İlham Əliyev Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib. Görüş zamanı iki ölkənin ortaq universitetinin yaradılması da müzakirə olunub.
Yenixeber.org: UNEC İqtisadi Forumunda iştirak edən Erol Özvar yerli medyaya açıqlamasında bildirib ki, yaxın vaxtlarda Türkiyə-Azərbaycan ortaq universitetinin yaradılması planlaşdırılır: “Bu universitet Türkiyənin ən nüfuzlu universitetləri ilə əlaqə quraraq, inkşaf edəcək”
Ali Təhsil Şurasının sədri qeyd edib ki, universitetin yaradılma planı iki ölkənin dövlət başçılarının birgə müraciəti ilə həyata keçirilib: "İki ölkənin razılığı ilə ali təhsil ocağının yaradılması böyük əmək tələb edir. Ona görə də, bir az vaxt aparacaq. Lakin çalışırıq ki, növbəti tədris ilinə qədər bütün məsələlər həllini tapsın”.
Qeyd edək ki, univeritetin Bakıda təsis edilməsi, növbəti mərhələdə isə Gəncə və Şuşada fililalarının açılması planlaşdırılır.
Təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”ya bu qərarı şərh edərkən bildirib ki, bütün sahələrdə Azərbaycanla əməkdaşlıq edən Türkiyə ilə ortaq universitetin yaradılması mühüm hadisədir: ”Hazırda Türkiyədə 21 min azərbaycanlı gənc təhsil alır. Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində ön sıralardadır. Bu universitetlərin təcrübəsinə böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqaviləsininimzalanması kifayət edir”.
Ekspert xatırladıb ki, Azərbaycanın yetərli qədər birgə universitet təsis etmə təcrübəsi var: “Məsələn, Azərbaycan və Fransa birgə universiteti - UFAZ yaradılıb və fəaliyyət göstərir. Bundan başqa Seçinov adına Moskva Tibb Universitetinin, Lomonosov adına Moskva Beynəlxalq Universitetinin Azərbaycanda filialları təsis edilib. Ölkədə xarici universitetlərin sayının artması, ali təhsil müəssisələri arasında rəqabəti artıracaq”.
Ekspert qeyd edir ki, hazırda Bakı şəhərində məkan və yer problemi var: “Ona gör də, bu təhsil ocağının tələbə şəhərciyinin, universitet kampusunun paytaxtda yaradılması o qədər də real görünmür. Lakin işğaldan azad edilmiş ərazilərdə bu univesiteti təşkil etmək olar. Türkiyənin iştirakıyla yaradılacaq universitetlər Azərbaycan təhsil sisteminin dünyaya inteqrasiyasını sürətləndirəcək".
Kamran Əsədov vurğuladı ki, təhsil sahəsində Türkiyə-Azərbaycan iş birliyi böyük ümidlər vəd edir. Onun sözlərinə görə, Türkiyə nümunəsi Azərbaycan ali təhsil sistemini, maddi-texniki bazasını təkmilləşdirəcək.
"Nəticədə Azərbaycan universitetləri dünya reytinqində yuxarı pillələrə irəlləyəcək”, -K.Əsədov qeyd edib. “AzPolitika.info”