"Azərbaycanda xarici KİV-in akkreditasiya prosesi sadələşdirilib"
XİN sözçüsü Hikmət Hacıyev: “Oyunlar zamanı KİV-in fəaliyyəti prosesində Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi tərəfindən KİV-lər ilə əlaqədar nəzərdə tutulan qaydaların həyata keçirilməsi təmin olunur və olunacaq”
"Xeberinfo.com": Xarici İşlər Nazirliyi “Yeni Müsavat”ın bu günkü sayında dərc olunmuş xarici jurnalistlərin siyahısının araşdırılması ilə bağlı yazıya münasibət bildirib. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirib ki, “Məlumat azadlığı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlarına əsasən Azərbaycanda mətbuat və ifadə azadlığı tam şəkildə təmin olunub, yerli və xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasının qanunlarına hörmət əsasında öz peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün tam sərbəst mühit var. Açıqlamada qeyd olunur ki, Avropa Oyunları ilə əlaqədar Azərbaycanda xarici KİV nümayəndələrinin akkreditasiya prosesi sadələşdirilib.
Sitat: “Azərbaycan Respublikası Olimpiya Xartiyasının məqsəd və məramlarına və fundamental prinsiplərinə sadiqliyini milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi uğurlu idman siyasəti ilə sübut edib. Birinci Avropa Oyunları da məhz Olimpiya Xartiyasının ruhunda Azərbaycanın ev sahibliyi etdiyi mötəbər və kütləvi idman tədbirlərdən biridir.
Oyunlarla əlaqədar xarici KİV nümayəndələrinin akkreditasiya prosesi sadələşdirilmiş xarakter daşıyır. Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 avqust tarixli Sərəncamında Avropa Oyunları ilə əlaqədar akkreditasiya işinin təşkil edilməsi nəzərdə tutulub.
Azərbaycan tərəfindən birinci Avropa Oyunlarında xarici KİV nümayəndələrinin akkreditəsi məqsədilə bu kimi beynəlxalq kütləvi tədbirlərdə tətbiq edilən qabaqcıl təcrübə də tətbiq olunur. Məmnuniyyətlə qeyd edə bilərik ki, Avropa Oyunları Əməliyyat Komitəsində bu sahədə təcrübəsi olan beynəlxalq və yerli peşəkarlar birlikdə çalışırlar. Xarici KİV nümayəndələrinin akkreditasiyası mərkəzləşdirilmiş qaydada Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən aparılır”.
Dövlət qurumları tərəfindən Avropa Oyunları Əməliyyat Komitəsinə lazımi dəstək göstərildiyi qeyd olunan açıqlamada prosedurların beynəlxalq standartlara əsasən həyata keçirildiyi bildirilir: “Olimpiya Xartiyasının ruhuna və məramlarına sadiq qalaraq, KİV nümayəndələrinin akkreditasiyası və Oyunlar zamanı KİV-in fəaliyyəti prosesində Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi tərəfindən KİV-lər ilə əlaqədar nəzərdə tutulan qaydaların həyata keçirilməsi təmin olunur və olunacaq.
Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün 900-dən yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Bundan əlavə, çoxlu sayda beynəlxalq yayım şirkəti tərəfindən Avropa Oyunları işıqlandırılacaq. KİV nümayəndələrinin öz fəaliyyətlərini effektiv həyata keçirmələri üçün bütün texniki parametrlərə cavab verən Media Kəndi də yaradılıb. Beynəlxalq KİV nümayəndələrinin Azərbaycana olan bu marağını yüksək qiymətləndiririk.
Akkreditasiyadan keçmiş KİV nümayəndələrinin Azərbaycan ərazisinə daxilolma qaydaları da sadələşdirilib. Belə ki, Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən veriləcək akkreditə kartı və şəxsiyyəti təsdiq edən sənəd əsasında beynəlxalq media nümayəndələri Azərbaycan ərazisinə vizasız daxil ola biləcəklər. Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün beynəlxalq media nümayəndələrini Azərbaycanda məmnuniyyətlə gözləyirik”.
Musavat.com