Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropa Oyunları zamanı bizi hansı qadağalar və yeni qaydalar gözləyir?

 

Bu il Bakıda keçiriləcək “Bakı-2015” Avropa Oyunlarının başlama tarixinə geri sayım başladı. 
"Xeberinfo.com":  İyun ayının 12-28 arasında keçiriləcək “Bakı-2015” I Avropa Oyunlarına hazırlıq işləri davam edir. Oyunlar üçün nəzərdə tutulmuş böyük tikinti layihələri yekunlaşıb. Bəzi kiçik təmir və bərpa işləri hələ də davam edir. Onların da yaxın günlərdə tamamlanması gözlənilir.
Avropa Oyunları “qoca qitə”nin hər yerindən gələn 6000-dən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır. Oyunlarda 19-ı Olimpiya və 4-ü qeyri-Olimpiya olmaqla, cəmi 20 idman növü təmsil olunacaq. Ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq. Kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş daxil olmaqla, 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiyadasına təsnifat imkanları veriləcək.
Artıq bəzi ölkələrin bu oyunlara nə qədər idmançı ilə qatılacaqları barəsində məlumat da verilib. Türkiyə I Avropa Oyunlarına 153, İrlandiya 36, Almaniya 267, İsveçrə 30, Danimarka 65, Bolqarıstan 109, Litva 60, Böyük Britaniya 150 idmançı ilə qatılacaq. 
Oyunlarla bağlı ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və körfəz ölkələri, eləcə də, digər Avropa televiziya şirkətləri ilə yayım müqavilələri imzalanıb. Ən son ötən ay oyunların Böyük Britaniyada nümayişi ilə bağlı müqavilə imzalanıb. Nümayişi isə BT Sport idman agentliyi öz üzərinə götürüb. 
“Bakı 2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq müqavilə ilə bağlı bunları deyib: "BT Sport, Britaniya yayım məkanında özünəməxsus yol açıb və artıq futbol üzrə İngiltərə Premyer Liqasının yayımını təşkil etməklə, yüksək standartlara cavab verən proqram sisteminə malik olduğunu sübut edib. Növbəti mövsümdən etibarən, UEFA Çempionlar Liqasının yayım hüququnu əldə etmələri onların nə qədər məqsədyönlü olduqlarını göstərdi. Biz BT Sportun Birinci Avropa Oyunlarının yayımını təmin edəcək növbəti aparıcı televiziya şəbəkəsi olmasından öz məmnunluğumuzu bildiririk”.
Avropa Oyunları zamanı Bakı normal günlərdən fərqli olacaq. On altı günlük oyunlar zamanı paytaxt Bakıda bir çox yeniliklərin şahidi olacağıq. Onlardan bəziləri müsbətə, bəziləri isə mənfiyə doğru dəyişiklikdir. Oyunların başlamasına 40 gün qalmış, sizi yarış zamanı nələrin gözlədiyini bilmək istəyirsinizsə, musavat.com saytı olaraq, sizlər üçün toparladığımız məlumatlara diqqət edin:
1. Pulsuz internetdən yararlanmaq imkanı... Oyunlar zamanı ictimai yerlərdə, bir çox parklarda, Olimpiya kəndində, oyunlar ətrafında olan sahələrdə pulsuz “wi-fi” zonalar istifadəyə veriləcək. Bunların bir çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Oyunlardan sonra bu xidmət pullu olacaq.
2. Avropa Oyunları zamanı sərnişin avtobus sürücüləri yalnız vahid formada xidmət göstərəcəklər. Əgər sükan arxasında forma geyinməmiş sürücü aşkarlanarsa, həmin şəxs dərhal avtobusdan çıxarılacaq və barəsində ciddi ölçü götürüləcək. Bu qayda sayəsində sürücülər daha məsuliyyətli olacaqlar.
3. Xüsusi parkinq qaydaları tətbiq ediləcək. “Bakı-2015” ilk Avropa Oyunları zamanı idman obyektlərinə yaxın ərazilərdə yaşayan vətəndaşlara parkinq icazəsi vərəqələri veriləcək. Oyunlar zamanı parkinq vərəqəsi olmayan vətəndaşlara avtomobillərini qadağan olunan yerlərdə saxlamağa icazə verilməyəcək. Həmin avtomobillər evakuatorlar vasitəsilə cərimə meydançalarına aparılacaq.
4. Xəzər sahilindəki çimərliklər I Avropa Oyunları zamanı ciddi mühafizə olunacaq. Artıq şəxsi heyətə çimərlik dövründə xilasetmə işləri ilə yanaşı, oyunlar zamanı baş verə biləcək bədbəxt hadisələrlə bağlı görüləcək işlər haqda da məlumatlar verilib. Bəzi işçilərə ingilis dilində təhlükəsizlik qaydaları öyrədilib. Çünki xarici qonaqlarla ünsiyyətə girmək üçün əlavə dil öyrənmək vacibdir.
5. Avropa Oyunları zamanı ictimai nəqliyyat vasitələri 20 saatlıq iş rejimində çalışacaqlar. Oyunların keçiriləcəyi günlərdə ictimai nəqliyyat səhər saat 05:00-dan gecə saat 01:00-dək çalışacaq. Avropa Oyunları başa çatdıqdan sonra iş rejimi əvvəlki günlərə qayıdacaq.
6. Avropa Oyunları zamanı sadələşdirilmiş viza rejimi tətbiq ediləcək. Əcnəbi vətəndaşlar Avropa Oyunlarının açılışına 10 gün qalmışdan etibarən oyunların başa çatmasının son gününə qədər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində 30 günlük birdəfəlik giriş vizası ala biləcəklər. 
7. Bakının 300 səhiyyə işçisi Avropa Oyunları zamanı tibbi xidmət göstərəcək. Ölkəmizə gələcək idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tam hazır vəziyyətə gətirilib.
8. Avropa Oyunları zamanı təcili yardım helikopterlərindən istifadə olunacaq. Azərbaycanın bir neçə il öncə aldığı AgustaWestland-139 helikopterləri təcili tibbi yardım xidməti göstərən ambulans-helikopterlər kimi istifadə ediləcək. 
9. Bakıya 500 ədəd yeni “London taksi”si gətirilib. Yeni taksilər ilk olaraq, Avropa Oyunları zamanı rəsmi qonaqların və idmançıların istifadəsinə veriləcək. Həmin taksilər “Bakı taksi xidməti” adlı qurumun tabeçiliyində fəaliyyət göstərəcək.
10. Avropa Oyunları ilə bağlı Bakıya yeni metro qatarları gətirilib. Artıq qatarlar istifadəyə də verilib. Köhnə qatarlar isə təmir edilib. 

Oyunlarla bağlı bəzi qeyri-adi qaydalar və qadağalar tətbiq edilib:

1. Avropa oyunları zamanı toy etmək qadağan edilib. Paytaxtda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində toyların təşkilinə icazə verilməyəcək.
2. Bəzi yollara icazəsiz daxil olanlar 60 manat cərimələnəcək. Artıq paytaxt Bakının yollarında “Bakı-2015” ilk Avropa Oyunlarının əsas marşrut şəbəkəsi boyunca hərəkət zolaqlarının çəkilməsi prosesinə başlanıb. Oyunlar zamanı ekspress marşrutlar xüsusi zolaqlarda hərəkət edəcək. Oyunlar ərəfəsində həmçinin əhalinin istifadəsi üçün də bir yol ayrılacaq. Bu zolaqda ancaq təyin edilmiş nəqliyyat vasitələrinin hərəkəti nəzərdə tutulur. Buraya daxil olan digər sürücülər cərimə olunacaq. Yola müvafiq nişanlar qoyulacaq, kameralar quraşdırılacaq və nəzarət olunacaq. 
3. Avropa Oyunları zamanı Bakıda iş vaxtı ilə bağlı rejimi dəyişdirilib. Və artıq mayın 1-dən etibarən bu qərar qüvvəyə minib. Oyunlarla əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:
- işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
 
- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;
 
- işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;
 
- işçilərin 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək;
Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:
- işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
 
- işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.
4. Paytaxtın inzibati ərazisindəki 9 məntəqə və lazımı yollar, onlarla kəsişən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bunları nəzərə alaraq, vətəndaşlara Avropa Oyunları zamanı şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilir. Vətəndaşların rahatlığını təmin etmək üçün xüsusi müasir avtobuslar xidmətə buraxılacaq. 
5. Gündüzlər bəzi işlərə qadağa qoyulacaq. Oyunlar zamanı təmir bərpa işlərinin, kommunal təsərrüfat işlərinin görülməsi ancaq gecə saatlarda reallaşa biləcək. 
6. Apteklərə dərman ləvazimatlarının paylanması, ərzaq dükanlarına malların verilməsi də yalnız gecə saatlarında mümkün olacaq. Həm dükan sahiblərinə, həm topdansatış mərkəzlərinin rəhbərlərinə, həm də istehsalçılara tapşırılacaq ki, məhsulların daşınmasını yalnız gecə saatlarında həyata keçirsinlər.
7. Özəl şirkətlərin rəhbərləri ilə də əlaqə saxlanılacaq ki, mümkün dərəcədə həmin vaxt işçiləri məzuniyyətə, yaxud ezamiyyətə göndərsinlər. Yük daşınması ilə məşğul olanlara da tapşırıq veriləcək ki, işlərini həmin günlərə qədər yekunlaşdırsınlar.
8. Olimpiya günlərində yas da qadağan edilib. Yas mərasimləri üçün qurulan çadırların nəqliyyatın hərəkətinə mane olacağından yasların keçirilməsi də qadağan edilib. 
9. Avropa Oyunları ərəfəsində Bakıda bir çox yerlərdə spirtli içki satışına qadağa qoyulacaq. Qonaqlar, idmançılar spirtli içkidən istifadə etməyəcək. Arenaların ətrafındakı bütün mağazalarda içki satışı tamamilə qadağan olunacaq. 
10. Binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulmasına, paltar asılmasına qeyri-rəsmi qadağan qoyulub. Buna səbəb isə şəhərin ümumi görüntüsünün korlanmamasıdır. 
Oyunlarla bağlı paytaxtda bəzəmə işləri də aparılır. Misal üçün şəhərdəki köhnə yaşayış binalarının görünən hissəsi bəzədilir. Yol kənarları təmizlənir. Yollar qapadılaraq, təmir edilir. 
Hətta Bakının Bayıl qəsəbəsində fərdi yaşayış evlərinin divarlarını ağ, damını isə qırmızı rəngə boyayıblar. Bu addım Avropa Oyunları ərəfəsində Bakının ümumi mənzərəsinin gözəl görünməsi üçün atılıb. 
Oyunlara 40 gün qalıb. Həmin günə qədər ediləcək yeniliklər və yeni qaydalar haqqında hələ ki, məlumat yoxdur. 
Gözləyək...
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam