Nazirliyin 140 milyon manatlıq tenderində -bu şirkətlər qalib olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Dövlət Məşğulluq Xidməti özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Aqri Kon” MMC (VÖEN - 1404267161) və “Agro Best” QSC (VÖEN – 1405235391) konsorsiumu olub. Məşğulluq Xidməti qeyd olunan kənd təsərrüfatı mallarının alınması üçün qalib şirkətlərə 40 milyon 399 min 280 manat vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, “Aqri Kon” MMC 28.06.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimil rayonu, Salatın Əsgərova, ev 121, m. 1” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Vəliyev Şirxan Nəsir oğludur.
“Agro Best” QSC isə 20.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı “Aqri Kon” MMC-nin nizamnamə kapitalı ilə eyni məbləğdə - 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimil rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Nahid Kamil oğludur.
Qeyd edək ki, “Aqri Kon” MMC ötən il Dövlət Məşğulluq Xidmətinin keçirdiyi analoji tenderlərdə dəfələrlə qalib olub və böyük məbləğdə vəsaitlər alıb. “Aqri Kon” MMC 2020-ci ildə Məşğulluq Xidmətindən 39 milyon 415 min 200 manat pul alıb. Bundan başqa “Aqri Kon” MMC 2019-cu ildə Məşğulluq Xidmətindən 33 milyon 929 min 42 manat pul alıb.
Bunlardan başqa “Dövlət Məşğulluq Xidməti “Aqri Kon” MMC ilə eyni gündə, eyni nizamnamə kapitalı ilə ilə qeydiyyatdan keçən daha bir şirkətə - “Az Nest” QSC-yə (VÖEN - 1005400781) eyni məqsədlərlə 26 milyon 233 min 210 manat ayırıb.
Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən cəmi bir il sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan “Aqri Kon” MMC, Az Nest” QSC və “Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur. Son 2 ildə Dövlət Məşğulluq Xidmətindən 140 milyon manatlıq tender udan bu şirkətlərin başqa hansı fəaliyyətinin olduğu barədə açıq internet resurlarda heç bir məlumat yoxdur.
A.Cəfərov