Yenixeber.org: Bəyanatın Azərbaycanla bağlı hissəsi 44 günlük Vətən Müharibəsi dönəmi ilə bağlıdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, əslində ilk baxışdan elə təəssürat yaranır ki, həmin şəxslərin deməyə sözləri yoxdur, ancaq nə isə deməlidirlər.
“Bildirdikləri isə budur ki, müharibə aparan ölkə sosial şəbəkələrə məhdudiyyət qoymamalıymış. Halbuki biz dünya təcrübəsində belə qadağaların müharibə deyil, hətta adi qəza və insidentlər sonrası qeydə alındığını da çox görmüşük”, – deyə Ə.Amaşov bildirib.
Bəyanatda daha sonra deyilir ki, Dağlıq Qarabağda fəaliyyət göstərən jurnalistlər Azərbaycan dövlətinin “qara siyahı”sına düşüblər.
Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Bakı Dağlıq Qarabağa icazəsiz daxil olan media təmsilçilərinin təhlükəsizliklərinə görə məsuliyyət daşımır.
Ə.Amaşov söyləyib:
“Azərbaycan nə etməli idi? Ölkə öz torpaqlarını işğaldan azad etmək istəyir, buna görə müharibə aparır və onun işğal edilmiş ərazisində jurnalistlər də var. Onların təhlükəsizliklərinə cavabdehlik daşımaq mümkündürmü?!
Digər tərəfdən, Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın torpağıdır və o torpaqda Azərbaycanın iradəsinin əleyhinə olan birləşmə varsa, onun fəaliyyəti legitim qəbul edilə bilməz. Jurnalistlər həmin legitim qəbul edilməyən qüvvələrin köməyi və dəstəyi ilə əraziyə daxil olurlarsa, deməli, Azərbaycan qanunvericiliyinə hörmət qoymurlar. Avropalıların sözlərindən anlaşılan isə budur ki, belələrinin adları “qara siyahı”ya daxil edilməməliydi. Anormal məntiqdir! Anormaldır həm də ona görə ki, burada dünyanın qəbul etdiyi hüquq normaları, ərazi bütövlüyü məsələləri ümumiyyətlə yada salınmır”.
Ə.Amaşov bildirib ki, bəyanatın daha bir maraqlı tərəfi tövsiyələrdir.
“O tövsiyələr ki, onları Azərbaycana və Ermənistana bir yerdə ünvanlamağın məntiqi də anlaşılmazdır. Belə nəticə çıxır ki, bir dövlət tərəfindən həyata keçirilən qanunsuz davranışı asanlıqla o biri dövlətin adına yazmaq mümkündür. Söhbət müharibə gedişində Ermənistanın törətdiklərinə görə Azərbaycana da nələrinsə tövsiyə olunmasından gedir”.