Mirzə Fətəli Axundzadənin xatirəsi -Gürcüstanın mərkəzi kitabxanasında anılıb
Gürcüstanının Milli Parlament Kitabxanasında Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin vəfatının 143-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Yenixeber.org: Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə baş tutan mərasimdə böyük ədibin zəngin yaradıcılığından, Gürcüstan paytaxtındakı 44 illik həyat və fəaliyyətindən bəhs edilib.
Muzeyin direktoru Leyla Əliyeva yazıçının Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan, maarifpərvərliyindən danışıb. Onun sözlərinə görə, M.F Axundov Azərbaycan xalqının ictimai fikir tarixinin görkəmli nümayəndəsi olub.
Kitabxananın Departament rəhbəri Levan Taktakişvili tədbirin təşkilinə məmnuniyyətlə dəstək verdiklərini bildirib. O, Azərbaycan və Gürcüstan arasında ədəbi əlaqələrdən söz açıb. Onun sözlərinə görə, kitabxananın fondunda azərbaycanlı yazıçılarla bağlı bir sıra tarixi sənədlər, qəzet materialları və mütəlif nəşrlər var: "Azərbaycanla ədəbi əlaqələrin gücləndirilməsinə hər zaman dəstək verməyə hazırıq".
Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov deyib ki, M.F.Axundov əsl mütərəqqi insan olub, millətin gələcəyini təhsil və elmdə görüb: "Mirzə Fətəli Axundov Gürcüstan da önəmli sima olub. Onun irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox əhəmiyyətlidir. İnanıram ki, onun yaradıcılığına gələcək nəsillər də hörmətlə və zəka ilə yanaşacaqlar".
Mərasim çərçivəsində kitabxana və muzeyin fondlarında saxlanılan M.F.Axundzadə və ailə üzvlərinin fotoşəkilləri, dramaturqun gürcü və Azərbaycan dilində nəşr olunan əsəsrlərindən ibarət kitablar sərgilənib, adını daşıyan muzeyin arxiv videokadrları nümayiş etdirilib.
Tədbirdə azərbaycanlı və gürcü ziyalılar, gənclər və ictimai xadimlər iştirak ediblər.
Qeyd edək ki, M.F.Axundzadə 1878-ci ilin martın 10-da 65 yaşında Tbilisidə vəfat edib. Gürcüstan paytaxtında onun adına küçə var. Tbilisidəki 73 saylı azərbaycandilli məktəb onun adını daşıyır. Azərbaycanlı mütəfəkkirin məzarı Tbilisidə Botanika bağı ərazisindəki panteonda yerləşir.