Pandemiyanın ikinci dalğası -avrozonada daha yüngül keçə bilər
"Koronavirus pandemiyasının ikinci dalğası ilə əlamətdar olan bu ilin dördüncü rübündə avrozona iqtisadiyyatının tənəzzülü birinci dalğadakına nisbətən daha az olacaq".
Yenixeber.org: “Societe Generale Cross Asset Research” şirkətinin araşdırmasına əsasən xəbər verir ki, bunun səbəbi əksər iqtisadi sahələrin açıq qaldığı, dövlət dəstəyinin də yüksək səviyyədə olması ilə bağlıdır.
Bununla yanaşı, yaz aylarındakı pandemiyanın birinci dalğası dövründə tətbiq edilmiş sərt lokdaun tədbirləri üzündən region iqtisadiyyatının on illərdən bu yana ən ciddi böhranla üzləşdiyi, ona görə də dövlət qurumları tərəfindən təcili şəkildə həm sahibkarlığa, həm də işləyənlərə dəstək tədbirlərinin işə salındığı qeyd olunur.
Karantin məhdudiyyətləri yumşaldıqca iqtisadiyyat nisbətən dirçəlsə də, pandemiyanın payızda başlayan ikinci dalğası iqtisadiyyatda yenidən lokdaun tədbirlərinə qayıtmaq zərurətini üzə çıxardı. İkinci dalğanın fəsadlarının daha çox dəbdəbəli malların satışı, ictimai iaşə, əyləncə, həmçinin bəzi nəqliyyat növlərində özünü göstərəcəyi ehtimal olunur.
“Aparılan rəy sorğuları, habelə istehsalatın açıq qaldığı nəzərə almaqla 2020-ci ilin dördüncü rübündə də istehsalatın sabit qalacağı, gələn ilin birinci rübündə isə “Brexit” üzündən ziyan çəkəcəyi gözlənilir”, – araşdırmada qeyd olunur.
Bununla belə, COVID-19 ilə bağlı qarşıdakı qış aylarında yeni məhdudiyyətlər tətbiq olunsa, vəziyyət hazırda gözlənildiyindən daha kəskin, orta perspektivdə isə yeni dərmanların yayılması və dövlətlər tərəfindən iqtisadi dəstək tədbirləri nəticəsində yaxşılaşa bilər.
Xatırladaq ki, Avropa İttifaqı ilə Böyük Britaniya hökuməti arasında “Brexit” sonrası ticarət sazişi imzalamaq üçün aylardır davam edən danışıqlar ilin sonunadək nəticə verməsə, yanvarın 1-dən etibarən ticarət əlaqələri yeni qaydalara keçəcək ki, nəticədə hər iki tərəfin iqtisadiyyatı problemlərlə üzləşə bilər. Bəzi ekspertlərin qənaətincə tərəflər son nəticədə irimiqyaslı ticarət sazişi yox, məhdud razılaşma imzalayacaqlar.