28 ildən sonra -Suqovuşandan Tərtər çayına buraxılan su
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Suqovuşan kəndi düşmən işğalından azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Nəticədə 28 ildən sonra su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin edilib.
Yenixeber.org: Bu barədə cəbhə bölgəsinə ezam olunmuş əməkdaşımız xəbər verir.
Eyni zamanda Suqovuşan su anbarından suyun verilməsi Tərtər çayının da suyunun həcminin artmasına səbəb olub.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tərtər rayon şöbəsinin baş mühəndisi Mehman Kərimov "Report"un əməkdaşına bildirib ki, Azərbaycan Ordusunun əməliyyatları nəticəsində düşmən işğalından azad edilən Suqovuşan kəndinin Suqovuşan su anbarından suyun buraxılması sakinlər üçün bayramdır: "Buna görə Azərbaycan Ordusuna və Ali Baş Komandana təşəkkür edirik".
Qeyd edək ki, Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarı 28 il ərzində işğal altında olub.
Su anbarından suyun buraxılması nəticəsində ümumilikdə 96 217 hektar torpaq sahələrinin su təminatında yaranmış ciddi çətinliklər aradan qaldırılıb. Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb.
Xatırladaq ki, Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağın Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında ermənilər Suqovuşanı işğal edib.
Suqovuşan kəndi 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən yenidən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib. (report)