Düşməndən xilas edilən Suqovuşan boz çöllərə can verdi -FOTOREPORTAJ
Tərtər rayonu, Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kub metr olan “Suqovuşan” su anbarı 28 il ərzində işğal altında olub.
Yenixeber.org: İşğal altında olduğundan Tərtər rayonunun 24 min 481 ha, Ağdərə rayonunun 14 min 380 ha, Goranboy rayonunun 6 min 938 ha, Yevlax rayonunun 5 min 912 ha, Bərdə rayonunun 12 min 620 ha, Ağdam rayonunun 29 min 886 ha və Ağcabədi rayonunun 2 000 ha, ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb.
Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kub metr olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kbm olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi.
Sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində şanlı Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra “Suqovuşan” su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub.
Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb.
Bu ərazilərə öz axımı ilə suyun verilməsi, eyni zamanda, ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq.
Əminik ki, aparılan bu geniş miqyaslı işlərin yekunu olaraq “Sərsəng” su anbarı sisteminə daxil olan bütün obyektlər işğaldan azad olunacaq. “Sərsəng”, “Suqovuşan” su anbarları bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!