Milyonluq layihələri udan 1 manatlıq şirkət – Astarada müəmmalı tender əməliyyatları
Astara Rayon İcra Hakimiyyəti yolların əsaslı təmirinə dair tenderə yekun vurub.
Yenixeber.org: Tenderin qalibi “Elnur-2” İstehsalat Kommersiya Şirkəti olub.
Dövlət satınalmaların vahid elektron reyestrinin məlumatına əsasən icra hakimiyyəti şirkətə 542 353.23 AZN ödəyəcək. İqtiadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatına əsasən “Elnur-2” İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. “Elnur-2”nin qanuni təmsilçisi isə Abıyev Zaur Niyaz oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, Zaur Abıyev həm də “Birlik-3A” MMC-nin qanuni təmsilçisidir. Nizamnamə kapitalı 50 AZN olan sözügedən MMC də Astara Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olur. Məsələn, bu ilin may ayında “Birlik-3A” MMC Astara Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi elan edilib. İcra hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 542 615 AZN olan müqavilə imzalanıb.
Yeri gəlmişkən, bu şirkət taxta evlərin hazırlanması üzrə ixtisaslaşıb. 2018-ci ildə mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Masallı Sənaye Məhəlləsində yenicə fəaliyyətə başlayan “Birlik-3A" MMC tərəfindən taxta evlər istehsal olunacaq. Astara Rayon İcra Hakimiyyəti 2019-cu ildə isə “Elnur-2” İstehsalat Kommersiya Şirkəti ilə maliyyə dəyəri 2 233 000 AZN olan müqavilə bağlayıb. Müqavilədə 36 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulur. Abıyev Zaur Niyaz oğluna gəlincə, bu iş adamının adının ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer almasıdır.
Zaur Abıyevin zərərçəkmiş şəxs kimi məhkəməyə verdiyi ifadə də mətbuatda yayımlanıb. Zaur Abıyevin verdiyi ifadədə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügedən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.
Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.
“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyeva isə ifadəsində deyib ki, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb.