Orta ixtisas təhsil pilləsinin bütün ixtisas qruplarında dəyişiklik olunub - RƏSMİ
Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarı ilə 2010-cu ildən qüvvədə olan orta ixtisaslar təsnifatı ləğv edilərək müvafiq ixtisaslar üzrə yeni təsnifat təsdiq edilib.
Yenixeber.org: Məsələ ilə bağlı açıqlama verən Təhsil Nazirliyinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov bildirib ki, əvvəlki təsnifatda 159 ixtisas var idi, yeni təsnifatda bu ixtisasların sayı 141-ə qədər endirilib: “Əsas dəyişiklik Təhsil ixtisasları qrupunda olub. Dəyişikliyə əsasən, 7 müəllimlik ixtisası həmin ixtisas qrupundan çıxarılıb. Pedaqoji sahəyə, müəllimlik ixtisasına böyük önəm verdiyimizə görə, qərara gəldik ki, pedaqoji ixtisaslar üzrə kadr hazırlığı yalnız ali təhsildə aparılsın. Ona görə də vacib olan 7 ixtisası – ibtidai sinif müəllimliyi, informatika müəllimliyi, xarici dil müəllimliyi, musiqi müəllimliyi və s. - bu qrupdan çıxarmışıq. Bundan başqa, həmin ixtisas qrupuna inkluziv təhsil ixtisası əlavə olunub. Ümumilikdə təhsil ixtisasları qrupunda 11 peşə üzrə ixtisas sayı 5-ə qədər endirilib. Bildiyiniz kimi, inkluziv təhsillə bağlı dövlət başçısı tərəfindən xüsusi Dövlət Proqramı qəbul olunub. Həmin Dövlət Proqramının icrasını təmin etmək məqsədilə kadr hazırlığını orta ixtisas təhsili pilləsində də aparmaq üçün bu cür dəyişiklik edilib”.
Sektor müdiri bildirib ki, Texniki və texnoloji ixtisaslar qrupunda da dəyişikliklər olub: “Həmin ixtias qrupunda 81 ixtisas var idi, onların sayı 74-ə qədər azaldılıb. Burada bəzi ixtisaslar – yol hərəkətinin təşkili, maşınqayırma texnologiyası, biotexniki və tibbi aparatlar və s. ixtisaslar çıxarılıb. Bu ixtisaslar ali təhsildə aparılacaq.
Kənd təsərrüfatı ixtisasları qrupunda da dəyişikliklər var. Bu qrupa yeni ixtisaslar əlavə olunub. Bunlar aqroturizm, ipəkçilik, pambıqçılıq, bağçılıq və tərəvəzçilik, istixana təsərrüfatı, su bioehtiyatları və akvakultura və s. ixtisaslarıdır. Ümumilikdə bu ixtisas qrupunda ixtisaslar 8-dən 13-ə qədər artırılıb. Bildiyiniz kimi, qeyd olunan sahələr üzrə bəzi dövlət proqramları var. Həmin proqramlarda da qeyd olunub ki, həmin sahələr üzrə kadr hazırlığı gücləndirilsin.
İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda ixtisaslrın sayı 13-dən 10-a endirilib. Humanitar və sosial ixtisaslar qrupunda 3 ixtisas var idi, 4 olub. Mədəniyyət və incəsənət ixtisasları qrupunda 19 ixtisas idi, yeni siyahıda 18 ixtisas yer alıb. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu 24 ixtisasdan 17-yə qədər azaldılıb, burada müalicə masajı, mühafizə xidməti kimi yeni ixtisaslar yaradılıb”.
Yaşar Ömərov deyib ki, ümulikdə orta ixtisas təhsil pilləsinin təsnifatında 7 ixtisas qrupu var: “Bütün ixtisas qruplarında dəyişiklik olunub. Sadəcə bəzilərində bu, ciddi dəyişikliklərdir, bəzilərində sadəcə ixtisasın adı dəyişilərək dünya təcrübəsinə uyğunlaşdırılıb, bəzi ixtisaslar birləşdirilib”.
Təhsil müddəti ilə bağlı məsələyə aydınlıq gətirən Y.Ömərov qeyd edib ki, hazırda orta ixtisas təhsilində normativ təhsil müddəti əyani təhsil alma formasında 2-3 ildir: “Lakin qəbul olunmuş təsnifata görə, yeni hazırlanacaq təhsil proqramlarında yalnız tibb ixtisaslarını çıxmaq şərtilə normativ müddətin mütləq olaraq 2 il olması planlaşdırılıb. Ötən il qanunvericiliyə edilən dəyişikliyə əsasən, subbakalavrlar təhsillərini ali təhsildə bakalavriatda davam etdirə biləcəklər. Onlar 2 il kolleclərdə təhsil alacaqlar, təxminən 2-3 il də ali təhsil müəssisələrində oxuyacaqları üçün orta ixtisas müəssisələrində normativ müddətin ali təhsilə uyğunlaşdırılması nəzərdə tutulub”.
Sektor müdiri əlavə edib ki, yeni orta ixtisas təsnifatı 2021-2022-ci tədris ilindən qüvvəyə minəcək: “Növbəti – 2020-2021-ci tədris ilindən, sentyabrdan işçi qruplarına tapşırıq veriləcək ki, dünya təcrübəsinə, əmək bazarının tələblərinə uyğun yeni təhsil proqramları hazırlasınlar. Bu işçi qrupların yeni təhsil proqramlarını hazırlaması üçün təxminən 1 il vaxtları olacaq”.