Bakı şəhəri Binəqədi rayonu Q.Baxşıyev adına 179 N-li tam orta məktəbdə narazılıq yaşanıb.

Yenixeber.org: Bu barədə femida.az-a müraciət edən Sabirə Mahmudova bildirib ki, məktəbin iki korpusu var. Bu isə şagirdlərin və valideynlərin əlavə əziyyətinə səbəb olur.

“Məktəbin köhnə korpusu ilə təzə binası arasında iki dayanacaq məsafə var. İbtidailər köhnə korpusda, yuxarı sinif şagirdləri isə təzə binada təhsil alır. Bu isə valideynlərin və şagirdlərin əlavə əziyyətinə səbəb olur. Mənim də həmin məktəbdə nəvələrim oxuyur. Hər gün onları aparmağa və gətirməyə uzun vaxt itkimiz olur. Yeni tikilən bir məktəbdə niyə iki fərqli məkanlarda korpus olmalıdır ki?”

Şikayətçi problemin bununla bitmədiyini və ibtidai sinif müəlliminin dərs keyfiyyətinin aşağı olduğunu da iddia edib.

“Bu il birinci sinfə gedən nəvəm Qasımzadə Ramal-Ruatın ibtidai sinif müəllimindən narazıyam. Bununla bağlı məktəbin direktoru Bəyaz xanımla danışdıq. Əvvəlcə məsələ ilə bağlı bizə kömək edəcəyi və uşağın başqa sinfə keçiriləcəyini bildirmişdi. Vaxt getdikcə fikrindən daşındı. Onunla görüşə gedəndə mənə kobud şəkildə bildirdi ki, məktəbi deputat Hacı Madər tikdirib. Ona minnətdar olub, dua etməliyik. Bu söz mənə çox toxundu. Direktora bildirdim ki, dövlət, nazirlik olduğu halda Hacı Madər niyə məktəb tikdirsin? Bu söz direktorun xoşuna gəlmədi. Bundan sonra mənimlə münasibəti pisləşdi. Biz ibtidai sinif müəlliminin təhsil vermə səviyyəsindən narazıyıqsa, şagirdin sinfini dəyişdirmək bizim hüququmuzdur. Burada nə böyük problem var ki, direktor bunu etməsin?” – şikayətçi bildirib.

Jurnalist məsələ ilə bağlı 179 N-li tam orta məktəbin direktoru Bəyaz Novruzova ilə əlaqə saxlamaq istəyib. Ancaq direktor jurnalistin sualını cavablandırmaq əvəzinə, “jurnalist kimdir ki, ona cavab verim” cavabını katibəsi vasitəsi ilə femida.az-ın əməkdaşına çatdırıb.

Direktorun nəzərə çatdıraq ki, jurnalistin vəzifə borcu hər hansı bir daxil olmuş müraciəti araşdırmaq və işıqlandırmaqdır. Bunun üçünsə qarşı tərəfin də mövqeyini əks etdirmək peşə etikasının kodekslərindən biridir. Həmçinin direktorun da vəzifə borcu rəhbərlik etdiyi məktəbdə yaranmış ən kiçik bir məsələnin həllinə nəzarət etmək və narazı valideynlə görüşməkdir.

                                 Bəs adı qalmaqalda hallanan direktor kimdir?

Saytın araşdırması zamanı məlum olub ki, Bəyaz Novruzova direktor işlədiyi digər orta məktəblərdə də qalmaqalları ilə mətbuatın gündəmində olub. Misal üçün, Sumqayıt şəhər, 34 saylı orta məktəbdə direktor olduğu müddətdə jurnalist Samir Güləliyev ölkə mediasına müraciət edərək məktəbdə pul yığıldığını, direktorun qanunlara məhəl qoymadığını bildirmişdi.

“Tapşırıq belədir ki, pul verməyən siniflərin rəhbərlərindən həmin məbləğ yığılmalıdır. Buna etiraz edən və ya şagirdlərdən pul yığılması prosesindən boyun qaçıran müəllimlərin isə telefonları əllərindən alınır. Girov saxlanılan həmin telefonlar o zaman sahibinə qaytarılır ki, tələb olunan pullar yığılsın. Yalnız bu halda mobil telefon sahibinə qaytarılır”, – deyə 2016-cı ildə direktorla bağlı baş verən qalmaqallı yazıda iddia olunmuşdu. Həmin vaxt bu məsələ mətbuatda böyük əks-səda doğurmuşdu və xanım direktor ittihamların əsassız olduğunu bildirmişdi.

Direktorun adının hallandığı qalmaqal bununla bitmir. Bəyaz Novruzova 2017-ci il tarixində Binəqədi rayonunda (Binəqədi qəsəbəsi, II mədən) fəaliyyət göstərən R. İmanov adına 205 saylı məktəbə direktor təyin olunduqdan sonra da narazılıqla qarşılaşmışdı. Direktorun adı bu dəfə mətbuatda təmir adı ilə şagirlərdən pul yığılması ittihamı ilə hallanmışdı. Qeyd olunan məsələlərdən sonra Bəyaz Hüseynova 179 nömrəli orta məktəbə göndərilmişdi.