“Azərbaycanı tanıyaq” adlı bilik yarışması keçirilib.Nərimanov rayonunda
26 sentyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 5.2.6 bəndinin icra etmək məqsədilə Nərimanov rayon məktəbliləri arasında «Azərbaycanı tanıyaq» adlı bilik yarışması keçirilib.
Yenixeber.org: Bilik yarışının keçirilməsində məqsəd Vətən tarixinin dərindən öyrənilməsi, gənclərin elm və yaradıcılıq potensialının nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir.
Yarış iştirakçıları Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası və məntiq üzrə biliklərini sınamışlar. Yarışda rayon ərazisində yerləşən 21 orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər. Gərgin mübarizə nəticəsində I yerə 36 saylı tam orta məktəbin şagirdi Novruzlu Ayxan, II yerə 45 saylı tam orta məktəbin şagirdi Kərimli Elvin, III yerə isə 82 saylı tam orta məktəbin şagirdi Hacılı Sadiq və 57 saylı tam orta məktəbin şagirdi Qarayev Teyyub layiq görülmüş, həmçinin 6 nəfər şagird yüksək nəticə göstərərək fərqlənmişdir.
Bilik yarışmasının mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Samir Kazımov çıxış edərək hər bir iştirakçını salamlamış və qalib gəlmiş şagirdləri təbrik etmişlər. Natiqlər qeyd etmişlər ki, intellektual oyunlar müasir dövrün ən prioritet məsələlərindəndir və ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılması qarşımıza qoyulmuş əsas məqsədlər biridir.
Sonda qalib gəlmiş məktəblilər təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.