Şagirdlər Gəncə Dövlət Universiteti ilə tanış olublar -FOTOLAR
Gəncə Dövlət Universiteti orta məktəblərlə əməkdaşlığı günü-gündən artırır, birlikdə tədbirlər keçirir, fənn olimpiadaları təşkil olunur.
Yenixeber.org: Kimya fənni üzrə keçirilmiş olimpiada, professor Mübariz Yusifovun, Əməkdar elm xadimi, professor Vaqif Novruzovun şagirdlər qarşısında açıq dərsləri əlaqələrin möhkəmlənməsindən, şagirdlərin təhsilə, elmə maraqlarının artmasından xəbər verir.
Təcrübə və karyera şöbəsinin müdiri, dosent Mahir Məmmədovun, təcrübə rəhbəri dosent Cabbar Qarayevin, Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri, dosent Allahverdi Quliyevin təşəbbüsü ilə M.M.Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllimləri və 9, 10, 11-ci sinif şagirdlərindən bir qrupu Universitetin əsas binasında olubar. Biologiya-kimya fakültəsinin dekanı, dosent İsfəndiyar Alverdiyev şagirdlərə auiditoriyaları, laboratoriyaları göstərib, onların texniki cəhətdən, müasir tələblər səviyyəsində tədris vasitələri ilə təchizatı haqqında məlumatlar verib.
Bina ilə ümumi tanışlıqdan sonra akt zalında prorektorların, dekanların iştirakı ilə rektor professor Yusif Yusibovla görüş keçirilib. Rektor şagirdləri salamlayaraq, orta məktəblə hər sahədə aparılan əməkdaşlıqdan razı qaldığını bildirib. Qeyd edib ki, bu əməkdaşlıq əslində şagirdlərin elmə, təhsilə maraqlarının artmasına, onların intellektual səviyyələrinin, dünyagörüşlərinin yüksəldilməsinə xidmət edir. Qərb zonasında xüsusilə seçilən, hər sahədə heç də Bakı ali təhsil ocaqlarından geri qalmayan Gəncə Dövlət Universiteti bu gün də öz tarixi ənənələrinə uğurla sadiq qalmaqdadır.
Elm və innovasiyalar üzrə prorektor, millət vəkili, dosent Pərvin Kərimzadə Gəncə şəhərində 4 saylı tam orta məktəbin öz çəkisi olduğunu bildirib. Özünün də həmin məktəbdə təhsil aldığından qürur duyduğunu nəzərə çatdırmaqla, şagirdlərə həmin məktəbin şərəfini öz bilikləri, təhsilləri ilə qorumalarını tövsiyə edib. Bundan sonra Universitetin Beynəlxalq əlaqələrinin genişlənməsində, tələbələrimizin xarici ali təhsil müəssisələrində təhsil almalarında, onların asudə vaxtlarını mənalı keçirmələri üçün müxtəlif tədbirlərin keçirilməsində rəhbərliyin göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Məktəbin müəlliminin təklifi də diqqət mərkəzində dayanıb. Həmin məktəbdə orta təhsil rusca aparılır. 2 mindən çox şagirddən yalnız 10 faizi Azərbaycan dilində təhsil alır. Təəssüf ki, Universitetdə rus dilində ixtisaslar olmadığından şagirdlər başqa ali məktəbləri seçməyə məcbur olurlar.
Rektor Yusif Yusibov gələn tədris ilinin qəbul planında təklifin mütləq nəzərə alınacağını bildirib.
Görüş olduqca mənalı keçib və şagirdlərin hədsiz marağına səbəb olub.
ELÇİN CAVADOV,
Gəncə Dövlət Universiteti