Yenixeber.org: Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləğini ikiqat artırıb. Bunun səbəbi belə izah edilir ki, əhali məsuliyyətli davranmır, qoruyucu vasitələrdən istifadə etmir, nəticədə koronavirusun yayılmasının qarşısını almaq çətinləşir.
Haqlı görünən izahatdır, çünki gerçəkdən də əhalinin bir hissəsi hələ ki təhlükənin fərqində deyil və ümumiyyətlə, virusun mövcudluğuna şübhə edir. Lakin vəziyyətdən çıxış yolu cəzaları artırmaqdırmı? Başqa variant yoxdurmu? Virusun yayılmasını dayandırmaq üçün cəzaya əl atmadan hansı effektiv qərarlar qəbul etmək olar? Bu sualları ekspertlərlə müzakirə etdik.
Hələ koronavirus pandemiyasının başladığı və aşkarlanan yoluxma hallarının minimal səviyyədə olduğu ilk günlərdən sosial şəbəkədə davamlı xəbərdarlıqla çıxış edən, vəziyyətin ciddiliyini insanlara anlatmağa çalışan həkim Müşfiq Hüseynov bildirdi ki, cərimələrin artırılması, cəza metodu çıxış yolu deyil:
“Çünki iki aylıq karantin müddətində əhali onsuz da həm fiziki, həm mənəvi və emosional, həm də maddi baxımdan tükənmiş haldadır, indi bu cərimələri də yükləmək, təbii ki, çıxış yolu deyil. Mən qaydalara riayət etməyənlərə qarşı cərimələrin əleythinə deyiləm, amma əhaliyə öncə müvafiq şərait yaradılmalıdır. Maskalar ya hər kəsin ala biləcəyi qiymətə satılmalıdır, ya da pulsuz verilməlidir. Məsələn, pandemiyadan əvvəl maskaların qiyməti maksimum 5 qəpiyə idi. Hətta mənim tanıdığım insanlar var idi ki, həmin maskaları insanlara pulsuz verirdilər. Pandemiyanın ilk 10-15 günündə pulsuz maska paylayan çoxlu sayda apteklər var idi. Çünki maya dəyəri çox aşağı idi. Hətta elə olurdu ki, reseptin üstündə pulsuz verirdilər. Halbuki idxal edilən zaman xərclər daha çox olur. Amma indi daxili bazarda istehsal olunmasına baxmayaraq, maskanın qiymətini 30 qəpiyə qədər qaldırıblar. Nəzərə almaq lazımdır ki, gündə iki saatdan bir maskanı dəyişmək lazımdır. Dörd nəfərlik ailə üçün ayda 150-200 manata yaxın məsrəf çıxır. Ona görə də yüksək cərimələrin tətbiq olunmasının mənası yoxdur”.
M.Hüseynov düşünür ki, cərimələrin miqdarını 100 deyil, 1000 manat edib, insanları maska ilə pulsuz təmin etsələr, daha effektiv olar:
“Maskanı pulsuz ver, məsuliyyətli, özünü qorumaq istəyən, qanunlara əməl etmək istəyən vətəndaş deyilənlərə əməl edəcək, özünü də, ətrafındakıları da, ailəsini də qoruyacaq, virusun daha geniş kütlələr arasında yayılmasının qarşısını alacaq. Tabe olmaq istəməyənlər inanmırlarsa, zarafata salırlarsa, oyundur deyirlərsə, onlar da gedib cərimələri bir dəfə, iki dəfə ödəyəcəklər, sonra ödəyə bilməyəcəklər. Bu zaman da onlar maskanı məcburi taxmalı olacaqlar. Bunun yolu əslində belə olmalıdır. Yoxsa, maddi durumun ağır olduğu zamanda bir də üzərinə bu cərimələri tətbiq etmək uğursuz metoddur. O zaman insanlar klassik üsula keçəcək. Maskaları alıb, bir ay üstündə gəzdirərək istifadə edəcəklər. O da tamamilə əks effekt verəcək, xeyrindən daha çox, zərəri olacaq. Bir şey ki özünün qoruyucu təsirini iki saatda göstərir, onu bir ay istifadə etdikdə evə də, ətrafa da virus yayacaq”.
Həkimin sözlərinə görə, dövlətin kifayət qədər resursları var:
“Biz o qədər də zəif dövlət deyilik, imkanımız var ki, bunu edək. Avtobus dayanacaqlarında, metroların girişində pulsuz maskalar paylamaq olar. Azərbaycanda böyük və özünə hörmət edən şirkətlər var ki, ofislərinin girişlərində insanlara pulsuz maskalar təqdim edirlər. Bəzi avtomobil satışı mərkəzlərində müştərilərə pulsuz maskalar, dezinfeksiyaedici məhlullar verilir”.
Ekspertin fikrincə, ən effektiv çıxış yolu insanların özünü qoruması, qaydalara əməl etməsi, qoruyucu vasitələrdən istifadəsidir: “Bunun başqa yolu yoxdur. Amma istifadə etməsən, 200 manat cərimə ödəməli olacaqsan – deməklə, düzgün yanaşma göstərmirik. Yəni bununla nəticə əldə edilməyəcək”.
Vəkillər Kollegiyasının üzvü Elvin Yusifov da qeyd etdi ki, cəzaların artırılmasını vəziyyətdən çıxış yolu hesab etmir:
“Bəli, o şəxslərə cəzalar tətbiq olunmalıdır ki, küçəyə, harasa çıxmağa ehtiyacı olmadığı təqdirdə, küçələrə çıxırlar. Onlar anlamalıdırlar ki, bu, müvəqqəti çətinlikdir, səbr etmək lazımdır. Ona görə, həmin şəxslərə münasibətdə cəza tətbiq olunmasının tərəfdarıyam. Digər tərəfdən, icazəsi olmadan çölə çıxan insanların əksəriyyəti əmək müqaviləsi olmadan, günəmuzd işləyən insanlardır ki, onlar evlərinə çörəkpulu aparmaq üçün işləməlidirlər. Bu şəxslər sırf maddi çətinliyə görə evdən çıxırlar. Amma xəstəliyin qarşısının alınması üçün çıxış yolu kimi cərimələrin artırılması düzgün yol deyil”.
Vəkilin sözlərinə görə, ilk növbədə insanlar virusun mövcudluğuna inanmalıdırlar:
“Virusun yayıldığı ilk vaxtlar insanların inamı yox idi. Amma indiki vaxtda demək olar ki, vəziyyətin pis olduğunu hamı hiss edir, görür. Artıq yaxınlarında, tanışlarında virus aşkarlandığının şahidi olurlar və görürlər ki, həqiqətən virus var. İlk növbədə vətəndaşlar özləri məsuliyyətli olmalıdır. İctimai nəqliyyatdan istifadə edərkən maska taxmaq, sosial məsafə saxlamaq, dezinfeksiyaedici məhlullardan istifadə etmək kimi elementar qaydalara əməl etməlidirlər. Metroya daxil olan, avtobuslara minən insanlara polis niyə deməlidir ki, maska taxın?!”
Yusifov hesab edir ki, Operativ Qərargah virusu ağır şəkilə keçirmiş və ondan uğurla çıxmış Çin, İtaliya kimi ölkələrin təcrübəsini öyrənməlidir:
“Milyonlarla insanın yoluxduğu, minlərlə insanın öldüyü ölkələr necə oldu ki, müəyyən müddətdən sonra vəziyyətdən çıxa bildilər? Məncə, bu təcrübəni öyrənmək lazımdır. Belə bir vəziyyət üçün səhiyyəmizin hazır olmadığını gördük. Virus yeni başlayanda bizdə karantin rejimi gücləndirildi, lakin virusa yoluxanların sayı artdıqca karantin rejimi yumşadıldı. Düşünürəm ki, bu, çox səhv addım idi. Amma məcbur oldular. Çünki insanların, əsasən də işsizlərin iki ay müddətində evdə oturması çətin idi və hökumət də məcbur olub, bu addımı atdı. Təbii ki, nəticədə virus kütləvi şəkildə yayıldı. Bu məsələdə əsasən insanları günahkar hesab edirlər və deyirlər ki, onlar qaydalara əməl etmir. Açığı, bu mövqe ilə tam razı deyiləm. Düzdür, bəzi vətəndaşlarımız sadə qaydalara da əməl etmək istəmir. Onlar bu xəstəliyin adi qripdən daha ağır və öldürücü ola biləcəyinə inanmırlar. İnsanları müəyyən müddət təcrid etməsək, xəstəliyə yoluxan şəxs 10-15 nəfərin içərisində təbii ki, kimlərisə yoluxduracaq. Belə olan halda virusun qarşısını almaq çətin məsələdir. Ən yaxşı yol hökümət tərəfindən aztəminatlı ailələrə, işləməyən şəxslərə birdəfəlik maddi yardımlar etməklə, müəyyən müddət tam qapanmaya yaxın bir rejim tətbiq etməkdir. İnsanlar bir-birindən tamamilə uzaqlaşmalıdır. Hesab edirəm ki, bu halda effektiv nəticə əldə etmək olar”.
Millət vəkili Fəzail Ağamalı bildirir ki, çıxış yolu cərimələrin ciddi şəkildə tətbiq edilməsi, heç kəsə güzəşt edilməməsi və Operativ Qərargahın daha sərt tədbirlər görməsidir:
”Məsələn, SMS icazəsinin hər gün deyil, həftədə iki dəfə hər ailədən ancaq bir nəfərə verilməsi, ictimai nəqliyyatda, marketlərdə kamerlar vasitəsilə monitorinqlərin aparılması, hər bir supermarketin qarşısında bir polisin dayanması kimi tədbirlər ola bilər. Bir çox hallarda vətəndaşlar supermarket işçilərinin dediklərinə əməl etmirlər, bu da gərginliyə səbəb olur. Çünki supermarket işçilərinin əlində səlahiyyət yoxdur ki, vətəndaş müqavimət göstərdikdə nəsə tədbir görsün. Uzağı, polisə zəng edə bilər. Polis də zəngi qəbul edib gələnə qədər həmin insan gedir və şəxsiyyətini müəyyənləşdirmək olmur və s… Buna görə də marketlərin qarşısında bir polisin olmasına ehtiyac var”.
Deputatın fikrincə, Operativ Qərargah məsələyə daha sərt yanaşmalıdır, rejimi daha da sərtləşdirməyə xidmət edən addımlar atmalıdır:
“Milli Məclis özündən asılı olan işi etdi. Mən cərimələrin daha yüksək olmasının tərəfdarı idim. Azlıq çoxluğa tabe olduğu üçün qərar belə qəbul olundu. Artıq bu, müzakirə predmeti deyil. Bundan sonra məsuliyyət vətəndaşlarımızın üzərinə düşür. Onlar nizam-intizamlı olmalı, cərimə ödəməmək üçün maskalardan istifadə etməli və əsassız olaraq küçələrə çıxmalı deyillər. Çıxıb, damların üstündə kabab bişirməli, nərd oynamalı və həyətlərində samovar qaynadaraq saat 03:00-04:00-a qədər domino oynamalı deyillər. Təbii ki, bunlar hamısı nəzərə alınmalıdır. Əgər həyətə çıxırlarsa, hökmən və birmənalı olaraq maskadan istifadə etməli və məsafə gözləməlidirlər”.
İqtisadi ekspert Natiq Cəfərli bu fikirdədir ki, cərimələrin artırılması yersiz və absurd bir qərardır:
“Cərimələr ölkədəki orta aylıq və minimum əməkhaqqına, təqaüdlərə adekvat olmalıdır. Cərimələrlə bütün problemlər həll edilsəydi, dünyada heç bir yerdə qanun-qayda pozuntusu olmazdı və hər yer güllük-gülüstanlıq olardı, məhkəmələrə də ehtiyac qalmazdı. Yəni bu, belə asanlıqla həll olunan məsələ deyil. Cərimələrin artırılması yolu ilə insanları maska taxmağa məcbur etmək tamamilə yalnış bir yoldur. Maskadan istifadənin vacibliyini sosial çarxlar vasitəsilə, insanın şüuruna və hətta alt şüuruna təsir edə biləcək reklam rolikləri, tanınmış və güvənilən şəxslərin mediada çıxışları, ümumiyyətlə, bu məsələnin məntiqinin və məqsədinin izah olunması və bu yolla da təşviq addımları ilə izah etmək mümkündür. Dünyanın keçdiyi yol da bunu göstərir. Avropa ölkələlərində bununla bağlı ciddi kampaniyalar aparılır, QHT-lər bu işə qoşulur, KİV bu işdə aktiv rol alır. Əgər belə davam edərsə, nə baş verəcək? İnsanlar onsuz da indi maskanı ancaq polis görəndə taxmağa çalışır. Çünki bunu onlara heç kim izah etmir ki, maska neçə dəfə istifadə olunmalıdır, neçə saatdan bir dəyişdirilməlidir, maskanın ümumiyyətlə, xüsusiyyəti nədən ibarətdir, qapalı məkanlarda necə taxılmalıdır? İndi açıq havada, heç kim olmadığı təqdirdə, insana virus yoluxa bilməz, lakin açıq havada tək gedərkən polis görən kimi, maska taxırlar. Yəni belə məsələlər izah olunmalıdır. Yalnız cərimələrlə, qaydaları sərtləşdirməklə məsələni həll etmək mümükün deyil. İnsan özü maskanın nəyə görə taxılmasını, onun sağlamlığına faydası olub-olmadığını anlamalıdır. Yalnız bu zaman effekt verə bilər. Vətəndaş özü bu addımları atmalı və müvafiq davranış qaydalarına əməl etməlidir. Cərimələr insanlarda artıq qıcıq yaradır”.
Ekspert maskaların qiymətinin çox baha olduğuna da diqqət çəkdi:
“Bir çox ölkələrdə maska pulsuz paylanılır. Bir insan üç saatdan bir maskanı dəyişəcəksə, gün ərzində azı dörd maskadan istifadə etməlidir. Bir ailədə üç-dörd nəfər varsa, gündə beş manat pul edir. Bu isə ayda 150 manat deməkdir. Yəni böyük bir vəsaitdir. Ona görə də maskaların qiyməti kəskin aşağı düşməlidir, ya da pulsuz paylanılmasının yolları tapılmalıdır. Yalnız bundan sonra cəza mexanizmləri haqqında düşünmək olar. Yəni cəza ilkin mexanizm olmamalıdır, ən sonuncu addım kimi düşünülməlidir. Öncə təşviqat-təbliğatla bu məsələnin həlli üçün müəyyən addımlar atılır, sonuncu mərhələdə artıq cərimələr yolu ilə bu məsələnin düzənə qoyulmasına cəhd edilir. Bizdə isə ilk atılan addım cərimədir”.(pressklub)
Ülviyyə Şahin