"Belə davam etsə, rayonlara yol açılmayacaq" - Baş infeksionist
“İddia edirlər ki, həkimlər ölən insanların yaxınlarına pul verirlər və onları koronavirusdan ölən şəxs kimi qeydiyyata alırlar. Bu ağlabatan sözdürmü?”
Yenixeber.org: Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma halları artıb, gündəlik yoluxmaların sayı 250 nəfər civarındadır. Əhali arasında hələ də tövsiyələrə əməl edənlər azdır. Bəs bu durumda bizi nə gözləyir?
Bu mövzuda ölkənin baş infeksionisti Cəlal İsayevlə müsahibəni təqdim edirik:
- Doktor, Azərbaycan nümunəvi şəkildə pandemiyaya qalib gəlmişdi, ancaq bu nəticələri qoyurub saxlaya bilmədik. Bəs indi proses hara gedir?
- Epidemiya davam edir və bu zaman belə hallar gözləniləndir. Yoluxma sayı arta da bilər, azala da. Ölüm halları da olacaq. Bunlar hamısı gözləniləndir. Ancaq vacib məqamlardan biri də budur ki, insanların məsuliyyəti yoxdur. Karantin qaydalarına, sosial təcridə riayət etmirlər. Ona görə də yoluxma halları artır. Onun nəticəsidir ki, cərimələrlə bağlı qərar qəbul olundu. Kim maskadan istifadə etməsə, sosial məsafə gözləməsə, qaydaları pozsa, onlara inzibati cəza tədbirləri tətbiq olunacaq. İnsanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etmədiklərindən müəyyən edilmiş yerlərdə tibbi maskanın istifadə edilməməsinə görə cərimənin tətbiqi zərurəti yaranıb.
- Sizcə, cərimələrin tətbiqi nəticə verəcəkmi?
- Ayrı-ayrı ölkələrdə də koronavirusun yayılmasının qarşısının alınmasına yönələn qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Çində koronavirusun qarşısının alınması üçün insanlara həftədə bir dəfə ərzaq almaq üçün küçəyə çıxmağa icazə verilirdi. Azərbaycanda belə tədbirlər tətbiq olunmur. Bizdə yalnız tibbi maskadan istifadə etməməyə görə cərimənin tətbiqi nəzərdə tutulur. Bu da ona görə edilir ki, insanların bir çoxu maska taxmırlar. Bunun da nəticəsində ölkəmizdə 3 rəqəmli yoluxma halları qeydə alınmağa başlayıb. Azərbaycanda artıq gün ərzində 200-dən çox yoluxma halı qeydə alınır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVİD-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.
- İnsanlarda ilk dövrdə yaranan qorxu, məsuliyyət sonradan niyə azaldı?
- İnsanlardan çox şey asılıdır. İlk dövrlərdə bu məsələyə çox ciddi yanaşıldı. Bunun müsbət nəticələrini də gördük. Yumşalmalardan sonra insanlarda arxayınlıq yarandı ki, artıq virus yoxdur. Ancaq belə deyil, pandemiya davam edir və ola bilər ki, bütün yayı davam eləsin. İnsanlar qaydalara riayət etməsə, kütləvi toplansa, yas yerlərində qaydaları pozsalar, o zaman yoluxmalar daha da artacaq. Yas yerlərində insanların kütləvi toplaşması xəstəliyin sürətlə artma səbəblərindən biri hesab olunur. İctimai nəqliyyat və metroda da yoluxma riski yüksəkdir və orada da tədbirləri gözləmək lazımdır. Əgər istəyiriksə, koronavirusdan xilas olub, bu yayı sərbəst istirahət edə bilək, o zaman tövsiyələrə əməl etmək lazımdır. Biz istəyirik ki, həm tövsiyələrə əməl etməyək, həm də normal həyat tərzinə qayıdaq. Ancaq belə olmur. Özümüzü də, ailəmizi də, ölkə vətəndaşlarının hamısını risk altına qoyuruq. Hər zaman da bunu demişəm ki, xəstəlik əksər hallarda yüngül keçir və bir qisim insanlarda heç bir əlamətlə özünü büruzə vermir. Bu da həmin insanların başqalarını yoluxdurmasına, xəstəliyin sürətlə yayılmasına səbəb olur. O insanlar özləri üçün olmasa da, başqaları üçün təhlükə mənbəyidir. Heç kim bilmir ki, o insan xəstədir, hətta özü də bilmir. Həm yaxınlarını təhlükə altında qoyur, həm iş yoldaşlarını, həm getdiyi qapalı bir məkanda olan bütün insanları təhlükəyə salır. Ona görə də, xəstəlik əlaməti olsa da, olmasa da hər kəsin maska taxması vacibdir. O zaman müvəffəqiyyət əldə edə bilərik. Dövlətimiz hər cür vasitələrə əl atır ki, bu xəstəliyin qarşısı alınsın, insanlarımız bundan əziyyət çəkməsin. Sosial məsuliyyətimiz yoxdur, ancaq özümüzü fikirləşirik, cəmiyyəti fikirləşmirik. Hətta bəzi dar düşüncəli adamlar deyir ki, bu infeksiya yoxdur. Hətta iddia edirlər ki, həkimlər ölən insanların yaxınlarına pul verirlər və onları koronavirusdan ölən şəxs kimi qeydiyyata alırlar. Bu ağlabatan sözdürmü? İnsanlar buraya qədər hər şeyə inanır. Bu bizim mentalitetə də zidd bir məsələdir. Siz necə inanırsınız ki, bizim insanlar belə bir sözü qəbul etsinlər, həkimlərimiz belə bir söz işlətsinlər?
- Cəmiyyətdə əsas problem son zamanlar artan inamsızlıqdır, çoxları xəstəliyin olmasına inanmır. Təbliğatı necə qurmaq olar ki, insanlar inansınlar?
- İnamı bərpa etməyə ehtiyac yoxdur, xəstələnən xəstələnəcək, sağalan da sağalacaq. Hansı inamdan söhbət gedir? Mətbuat olaraq siz bu qədər yazırsınız, biz həkimlər çıxış edirik, Milli Məclisdə deputatlar çıxış edir, cənab Prezident özü çıxışında bu məsələlərə toxunur. Ən yüksək səviyyələrdə vətəndaşlara müraciət olunub. Bundan artıq nə etməliyik, nə qədər maarifləndirmək olar? Bütün dünyanı görmürükmü? Dünyada 6 milyondan artıq insan yoluxub, 400 min nəfərə yaxın insan tələf olub. Qaradan artıq rəng olmaz ki...
- Hökumət xeyli iş gördü, xəstəxanalar açıldı. Ancaq yoluxma sürətlənərsə, vəziyyətin nəzarətdən çıxma ehtimalı varmı? Çarpayıların çatışmadığı, süni nəfər aparatlarının yetmədiyi bir vəziyyətə gəlib çıxa bilərikmi?
- Hələ ki bizim xəstəxanalarımızda kifayət qədər çarpayı sayı var. Ancaq ola bilər ki, yoluxma artsın və çarpayı sayı yetməsin. Hətta süni tənəffüs aparatları var ki, ağır vəziyyətdə olan xəstələri xilas etmək üçün vacibdir, onda nə edərik? Bizim insanlar bunu düşünmür, hamı özünü fikirləşir ki, mənə nə olar-olar da... Ancaq axı sən özünlə bərabər ətrafındakı bütün insanları yoluxdura bilərsən. İnsanlar koronavirusa barmaqarası baxırlar, lətifə düzəldirlər, lağlağı edirlər. Ancaq bu çox ciddi bir məsələdir. Xəstəliyi yüngül keçirənlərin daha çox faiz təşkil etməsinə baxmayaraq, 80-85 faiz hallarda sağalma ilə nəticələnməsinə baxmayaraq, ağır xəstələri xilas etmək olmur. Yoluxmaların 5 faizi ölümlə nəticələnə bilər. Xroniki xəstəlikləri olan insanlar var, külli miqdarda pul xərcləyir, müalicə olunurlar, yanaşı gedən xəstəliklərin müalicəsini aparırlar. Həmin insanları COVİD 19-a yoluxduranda, onları xilas etmək mümkün olmur, heç nə kömək etmir.
- Xaricə gediş-gəliş də məhdulaşdığı bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi mümkün olacaqmı?
- Təəssüf ki, gedə bilməyəcəklər. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər. Hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz. İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin necə xəstəliyə qalib gəldi, bu cür məcburi qaydaların hesabına. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin.
- Azərbaycanda koronavirusun olmadığı rayonlar da var. Onları qoruyub saxlamaq mümkün olubmu?
- Bəli, elə rayonlar var ki, orada ümumiyyətlə koronavirus yoxdur. Ancaq bəlli deyil ki, biz bunu sonuna qədər qoruya biləcəyik, ya yox. Bu, vətəndaşların özündən asılıdır. Dövlət lazım olan tədbirləri görür, həkimlər, hüquq-mühafizə orqanları, ictimaiyyət - hər kəs çalışır ki, pandemiyanın qarşısı alınsın. Ancaq sadə vətəndaşlarımız qanunu pozur. Əgər vətəndaşlarımız bizə kömək etməsə, biz bir yerdə olmasaq bu xəstəliyin qarşısını ala bilmərik. Koronavirusun Azərbaycanda yayıldığı ilk dövrdə biz bir yerdə olduq, xəstəliyin qarşısını aldıq, çox gözəl nəticələr əldə etdik. Bütün dünya bizdən danışdı. Ancaq indi mən dünyanın yerində olsam, bizdən danışmazdım. Bizim insanlarımız artıq gözümüzün önündə maskasız gəzir, ictimai nəqliyyatda yaxın otururlar, supermarketlərdə sıxlıq yaşanır. Siz də gündəlik həyatda bunları görürsünüz.
- Toylarla bağlı gözləntilər var, çoxlu sayda cütlüklər karantinin bitməsini və ya toylara icazə verilməsini gözləyir. Bu, yaxın dövr üçün mümkün görünürmü?
- Toy insanların kütləvi toplaşdığı bir tədbirdir, hələ ki ona icazə verilməsi mümkün deyil. Əgər insanlar toylara icazə verilməsini istəyirlərsə, yaxşı istirahət etmək istəyirlərsə, karantin qaydalarının daha da yumşaldılmasını istəyirlərsə, o zaman tövsiyələrə əmək etsinlər. Nə qədər ki, əməl etməyəcəklər, o zaman qaydalar daha da sərtləşdiriləcək.
- Yəni yenidən əvvəlki karantin rejiminə qayıda bilərikmi?
- Yox, qayıtmayacağıq. Ancaq qaydalar, cərimələr bir qədər də sərtləşdirilə bilər.
(Musavat.com)