Bu gün ölkə ictimaiyyətini ən çox narahat edən və düşündürən məsələlərdən biri də, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yaşanan biabırçı problemlərin varlığıdır.
Yenixeber.org: Çünki, adı çəkilən bu səhiyyə müəssisəsində yaşananlar, məhz bura üz tutan hər kəsə həm fiziki, həm də mənəvi təsir göstərir. El arasında “Respublikanski xəstəxana” adı ilə daha çox tanınan bu səhiyyə müəssisəsi, hal-hazırda ölkəmizin ən böyük müalicə müəssisələrindən biri hesab olunur. Buna baxmayaraq, Telman İbadovun baş həkim olduğu bu xəstəxanada elə bir idarəçilik həyata keçirilir ki, baş verənləri kənardan görüb-eşidən hər kəs, sanki “ahvay” çəkməli olur. Yəni uzun illərdir ki, bu şəxsin rəhbərliyi altında fəaliyyət göstərən Klinik Xəstəxanada “bazar qanunları” hökm sürməkdədir. Adicə bir faktı qeyd edək ki, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət növü baş alıb gedir. Məsələn, liftlə minmək üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməli olursan. Xəstəni qəbul şöbəsinə çatdırdınsa, demək “əlin cibində” olmalıdır. Əgər “əlin cibində” olmadısa, o halda “bəxtin gətirməyəcək”. Çünki, baş həkim Telman İbadovun və baş həkimin müavini Mahir Babayevin birbaşa diktəsi ilə oturub-duran qəbul şöbəsinin əməkdaşları, xəstəni qəbul etmək üçün xeyli “fırlatmalı olacaqlar”. Əgər uzun çəkçevirdən sonra xəstə xəstəxanaya qəbul olundusa, o halda həmin xəstə lazımi şəraiti olmayan, xəstələrin daha çox sıxlıq təşkil etdiyi palataya yerləşdiriləcək. Elə ki, şöbənin müdirinə az-çox “görüm-baxım” edirsən, o halda bəslənilən münasibət 180 dərəcə bucaq altında dəyişəcək. “Tappıltı-guppultu” isə, xəstə palataya yerləşdirildikdən sonra başlayır. Yəni dövlət səhiyyə müəsssəsi olmasına baxmayaraq, bu gün M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası “kolxoz bazarı”na oxşayır və burada əməlli-başlıca “bazar qanunlar” hökm sürür. Belə ki, şöbə müdirindən tutmuş həkimə, tibb bacısına, hətta təmizlik işləri ilə məşğul olan xadiməyə də “hörmət etməlisən” ki, xəstənin sifətinə “gün doğa bilsin”. Xəstələrə verilməli olan dərman preparatlarının “qeybə çəkilməsi”, büdcədən ayrılan vəsaitlər hesabına alınan ərzaqla təminatın sıfır həddində olması və s. onu sübut edir ki, baş həkim Telman İbadovun idarəçiliyi dözülməz həddə çatıb.
Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür
Məsələnin düşündürücü tərəfi odur ki, səhhətində müəyyən problemi olan və yaxın-uzaq məsafədən bu xəstəxanaya üz tutan xəstə həkimə “şifahi ödəniş” etməlidir ki, problemi haqda şifahi məlumat da əldə edə bilsin. Sözsüz ki, bütün bu kimi “oyun qaydaları”nın başında Telman İbadov və müəyyən səlahiyyətlərə sahib olan Mahir Babayev dururlar. Bir faktı da qeyd edək ki, çox zaman baş həkim iş başında tapılmır, ona görə də idarəçiliyi Mahir Babayev həyata keçirməli olur. Bütün bunlardan əlavə, xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz keçinmək olmur. Yəni, xəstəxananın həyətinə daxil olan avtomobillərin hər birindən 1-2 manat məbləğində “xərac alınır”.
Respublika Klinik Xəstəxanasında yaşanan ən biabırçı olaylar, daha çox reanimasiya şöbəsində baş alıb gedir. Yəni, qanunla kənar şəxslərin bu şöbəyə daxil olmaları qadağan olunsa da, axşam saatlarında adı çəkilən bu şöbə sanki “kolxoz bazarı”na oxşayır. Belə ki, kimin pulu varsa və ürəyi nə vaxt istəsə reanimasiya şöbəsindəki xəstəsinə baş çəkə bilər. Belə bir addıma görə icazə verilməsinin bazar qiyməti 5-10 manat müəyyən olunub. Elə ki, bu şöbədə yatan xəstənin həkiminə rüşvət vermədin, o halda xəstə baxımsız qalacaq, hətta xə
stənin dünyasını dəyişməsi halı da baş verə bilər. Ən pis, ən faciəli halın varlığı isə, reanimasiya şöbəsində dünyasını dəyişmiş xəstənin yaxınlarından rüşvət tələb olunması olur. Yəni, bu şöbədə elə bir ab-hava formalaşıb ki, meyiti reanimasiya şöbəsindən buraxmaq üçün də, şöbə əməkdaşları “haqq-hesab” tələb edirlər. Meyitin ünvana çatdırılması üçün təcili tibbi yardım əməkdaşlarının tələb etdikləri “haqq-hesab”ın göstəricisi isə, nə yerə, nə də göyə sığır. Bir sözlə, Respublika Klinik Xəstəxanasının ödənişli səhiyyə müəssisələrindən heç bir fərqi yoxdur. Sadəcə olaraq, adında bir fərq var ki, o da bu xəstəxananın dövlət xəstəxanası olmasıdır.
Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür
Toxunacağımız başqa faktların varlığını da qeyd edək ki, bu xəstəxananın ultrasəs müayinəsi aparıldığı kabinetində konkret qiymətlər müəyyən olunub. Məsələn, zobdan müayinə olunmaq üçün 15-20 manat, qadınlarda daxili orqanların kompleks müayinəsi 100 manat, qanın ümumi analizi 10 manat, qanda qlükozanın müəyyən olunması 5 manat, sidiyin ümumi analizi 8 manat, böyrək analizləri 35 manat, QİÇS analizi 10 manat, adi həkim müayinəsi 20-25 manat, ginekoloji yoxlanma 50 manat, döş qəfəsinin rentgen olunması üçün 15-25 manat, daxili orqanların ümumi müayinəsi üçün isə, təqribən 160 manat ödəmək lazım gəlir.
Respublika Klinik Xəstəxanasının nəzdində fəaliyyət göstərən doğum şöbəsi də, bu gün ən böyük soyğunçuluq ünvanlarından biri hesab olunur. Bu şöbədə haqq-ədalət anlayışından heç bir halda əsər-əlamət yoxdur. Hər kəsə güntəki aydındır ki, bu şöbədə müdir vəzifəsini daşıyan Zəhra Abbasova, baş həkim Telman İbadovdan və müavin Mahir Babayevdən aldığı təlimatlar əsasında fəaliyyətini davam etdirir ki, bu da çoxsaylı xəstələrin “qanı bahasına” başa gəlir. Adicə bir faktı qeyd edək ki, şöbənin gözləmə otağında yeni körpənin dünyaya gəlişini gözləyənlərin əhval-ruhiyyəsində sevinc hissindən daha çox, sanki daha çox narahatlıq hiss olunmaqdadır. Tam əksəriyyət şöbə müdirini Zara xanım deyə tanıyır və adı çəkilən bu xanımın müəyyən etdiyi qiymət cədvəli isə, birbaşa hər kəsin narahatçılığına səbəb olan halın varlığı olur. Məsələn, bu doğum şöbəsində qeysəriyyə əməliyyatı olunan xəstələrin yaxınları Zara həkimin müəyyən etdiyi “büdcə”yə təqribən 800-1200 manat məbləğində pul ödəməlidir ki, arzusunu “çin edə bilsin”. Qeysəriyyə əməliyyatından, yaxud da təbii doğuşdan sonra nisbətən rahatlığı təmin olunan palatada qalmaq üçün xəstənin yaxınları əlavə 50-100 manat məbləğində pul ödəməyə də məcbur edilirlər. Xəstənin sahibləri xəstə qeysəriyyə əməliyyatı olunmazdan öncə də, xeyli məbləğdə xərcə düşməli olurlar. Yəni, xəstə əməliyyat olunmazdan əvvəl onun yaxınlarına dərmanların, preparatların, sarğı materiallarının və s. alınması üçün bir siyahı verilir. Verilmiş siyahıda yoddan tutmuş rezin əlcəklərə qədər hər şeyin alınması nəzərdə tutulur. Halbuki bütün bunlar xəstələrə pulsuz verilməli olsa da, bunların heç biri verilmir. Əldə etdiyimiz məlumatlara görə, bu şöbədə bir ananın gündəlik xərci təqribən 20-25 manat civarında olur. Belə ki, şöbədəki uşaq həkiminə, gündəlik uşağa baxan növbətçi tibb bacılarına mütləq “haqq-hesab” çatmalıdır. Əgər belə bir addım atılmazsa, o halda uşağa yaxşı qulluq göstərməyəcəklər. Bundan əlavə, xəstələrin qaldıqları otaqları təmizləyən, yaxınlarının evdən gətirdikləri yemək çantasını xəstələrə çatdıranlara da, mütləq hörmət olunmalıdır. Belə bir işə görə müəyyən olunmuş məbləğin 3-5 manat arasında olduğu bldirilir. Söylənilənlərə görə, verilən xırda “haqq-hesab”ların Zara xanıma aidiyyatı olmasa da, əslində o, bütün işçilərindən gündəlik haqq alır. Onu da qeyd edək ki, çox zaman Zara xanım müştərilərə “VİP xidmət” də təklif edir. Belə ki, adi palatadan fərqli olaraq əgər otaqda soyuducu və televizor varsa, ayaqyolu cəmi iki palata üçün nəzərdə tutulubsa, o halda həmin otaq “lüks otaq” hesab olunur və qiyməti də fərqli olur. Xəstəxananın cərrah həkimi olan Çinarə xanımın atdığı addımlar da nə yerə, nə də göyə sığası məsələdir. Çünki, adı çəkilən bu xanıma “haqq-hesab” verilmədisə, o halda o, düşünüb-daşındığı addımını atır. Atdığı addımlar günah iş olsa da, o, Allahdan belə qorxmur.
Ümumiyyətlə, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verən, həddi-hüdudu bilinməyən çoxsaylı qanunsuzluqların varlığı onu sübut edir ki, bir növ “cəngəllik qanunları” ilə idarə olunan bu səhiyyə müəssisəsindən geninə-boluna yazmaq olar. Fakt budur ki, Klinik Xəstəxanada cərəyan edən hadisələrin hər birindən tam əksəriyyətin məlumatı var. O halda sual oluna bilər ki, görəsən bu cür biabırçılıqların, hər cür rüsvayçılıq hallarının qarşısını almaq üçün, daha nə qədər gözləməliyik ki, belə bir bəlalardan xilas ola bilək? Xəstəxananın 73 yaşlı baş həkim Telman İbadovla bərabər, müavin vəzifəsini daşıyan Mahir Babayev də, bu gün olduqca axrayınçılıq nümayiş etdirməkdədirlər. Onlar problemləri həll etmək əvəzinə, problemlərin üstünə yeni-yeni problemlər əmələ gətirməklə məşğul olurlar. Xəstəxananın həyətində fəaliyyət göstərən yeməkxanada baş verən minbir hoqqalar da, unudulması mümkün olmayan məsələlərdəndir.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxananın “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması, faktiki qiymətlərin “kəllə-çarxa” qalması ilə nəticələnib. Bir sözlə, bu səhiyyə müəssisəsi hal-hazırda ifrat dərəcədə xoşagəlməz olayların girdabında boğulmaqdadır. Bu kimi halların varlığına baxmayaraq, hələ də bu səhiyyə müəssisəsindəki saysız-hesabsız problemlərin, xoşagəlməz olayların varlığı, xəstəxananı inhisarında saxlayan rəhbərliyin və digər vəzifə sahiblərinin maraqlarına cavab verməkdədir. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.(aktual.az)
Araşdırmamız davam edəcək.