Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tofiq Bəhramov adına Respublika Stadionu: meydana arıçılar çıxır-"Balın təmizliyini Bir Allah bilir, bir də arıçı..."

 

Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda bu gün meydanı arıçılar tutub-onlar top dalınca yox, bal almağa gələn müştəri dalınca “qaçırlar”. Ötən həftə hava şəraitinin pisləşməsinə görə təxirə salınan ənənəvi illik bal yarmarkasının açılışı bu gün nəhayət baş tutub. Yarmarkada cəmi 171 arıçı öz məhsulunu satışa çıxarıb. Müştərilər isə yarmarkanın ilk günü və günün ikinci yarısı olsa da elə də çox deyil.

Yenixeber.org: Yarmarkada əksər arıçıların öz müştəriləri var. Onlar təmiz bal satdığına arxayın olduqları arıçının sorağı ilə gələnlərdir. Yarmarkada hər cür bal təklif olunur- çiçək balı, çökə balı, dağ balı, akasiya, biyan və s. bal növləri...

Arıçı Mirabbas Vəliyev deyir ki, ata-babadan arıçıdırlar. 55 yaşlı arıçı illərdir ki, bal yarmarkalarında keyfiyyətli məhsullarla iştirak edir: “Özümü tanıyandan balçılıqla məşğulam. Gətirdiyim bal Lerik rayonun balıdır, təmiz çiçəklərdən çəkilib. Bütün ballar laboratoriyadan keçirilib, qiyməti də baha deyil. Əslində təmiz balın diastasiyası 7-8 olmalıdır. Bəzi ballar keyfiyyətsiz olduğuna görə satışdan yığışdırılıb. Amma onlara da natəmiz bal demək olmaz. Ola bilsin ki, o həmin balın istehsal olunduğu yerdən asılıdır. Aran rayonlarında diastasiya aşağıdır. Məsələn, Biləsuvar rayonunda diastasiya aşağı olduğuna görə bu bal tez xarlanır. Bizim balda diastasiya göstəricisi 10-dur, tam zəmanətli baldır”.

Satıcı deyir ki, alıcılar öd-mədə yollarına görə, bağırsağa və digər orqanlarda olan xəstəliklərə görə fərqli ballar alırlar.  

“Hərə öz malını tərifləyər, mən də ən yaxşı bal kimi Leriki balını deyərdirm. Gələnlərə endirim də edirik. Görürük ki, imkanı yoxdur, amma o da bal yemək istəyir, belə imkansızlara aşağı veririk. Ona endirim etməmək nə öz əqidəmiz baxımından, nə din baxımından düzgün deyil. Neçə illərdir yarmarkalarda iştirak edirəm, hələ mənim balımdan heç kim narazı getməyib”-lerikli arıçı deyir.

Astara rayonunun Vaqo kəndindən olan arıçı  Teymur Babayev də öz təsərrüfatında istehsal olunan məhsulu yarmarkaya çıxarıb. Deyir ki, bu il bu il çox keyfiyyətli cökə balı olub.

“Bundan başqa, yonca balımız var, dağ balı, çəmən balıdır. Arılarımızı Masallıya aparmışıq orada biyan balı hasil ediblər. İyun ayının 20-ə kimi bu proses gedir, o vaxtdan sonra süzmə prosesi gedir. Satdığımız balın keyfiyyətinə tam zəmanət veririk. Cökə və yonca balımız çox keyfiyyətlidir, diastasiya qiyməti 17-dir. Biyan balının diastasiyası bir qədər aşağıdır, 8-dir. Bu balın dadında bir qədər turşluq var. Amma elə adamlar var ki, məhz biyan balı üçün yarmarkaya gəlirlər”-T.Babayev bildirir.

Amma satıcı müştərilərin bir qədər az olmasından gileylənir: “Alıcılıq qabiliyyəti bir qədər aşağıdır. Balın kiloqramına 30 manat deyirik, amma gələn müştərilər qiyməti salırlar. Hətta 20, 18 manata da satırıq”. 

Yarmarkada söhbətə tutduğumuz digər arıçı-fermer Uğur İbrahimov 22 ildir arıçılıqıla məşğuldur və 16 ildir “dövlət sərgilərində”, yəni bal yarmarkalarında iştirak etdiyini deyir. Onun sözlərinə görə, bu sərgilərə kim yüksək keyfiyyətli bal gətirirsə, onun da müştəriləri çox olur: “Mənim gətirdiyim bal çox keyfiyyətlidir alıcılarım da məndən razıdırlar. 20 manatdan 40 manata kimi balımız var. Biz təkcə bal gətirməmişik, həm də çiçək tozu gətirmişik. Bundan başqa pətəkli ballarımız da var. Hələ yarmarka dünəndən başlayıb, alıcılar yava-yavaş gəliirlər. Yəqin gətirdiyim balın hamısını sata biləcəyəm”.

Əlbətdə, o nə bazar oldu ki, hər satıcı öz malını tərifləmədi, yaxud öz ayranına turş dedi. Bal yarmarkasında da belədir, satıcılardan kimi danışdırsan dilindən bal töküləcək.

Quba rayonundan olan sahibkar Namiq Abidov  deyir ki, yarmarkada ən keyfiyyətli bal onun gətirdiyi Xınalıq balıdır. Bu balın kiloqramı 50 manata təklif olunur.

“12-13 ildir ki, fəaliyyət göstəririk. Satdığımız balın keyfiyyətinə söz yoxdur. Çünki Quba dağ rayonudur. Bizdə ən ucuz bal 25 manatdır, Xınalıq balı isə 50 manatdır. Bəzi rayonlardan keçən ilki xarlamış ballar da gətirirlər. Amma bizdə keyfiyyətli bal olduğuna görə bir ildən o biri ilə qalmır”-qubalı arıçı-fermer deyir.

Bəs alıcılar balın keyfiyyətini necə müəyyən etsinlər? Satıcı deyir ki, bu arıçının öz insafına qalır : “İndi o qədər kimyəvi maddələr var ki, ondan istifadə edərək düzəldilən balı heç təmiz baldan fərqləndirmək mümkün deyil. Ona görə də, balın keyfiyyətini bir arıçı bilir, bir də Allah bilir”. 

Bəs Qida Təhlükəsizliyi Dövlət Agentliyi? Bəs Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri? Onlar da Allahın və balsatanların işlərindən baş aça bilməz? Axı bu strukturlar yaydıqları rəsmi açıqlamalarda elan ediblər ki, yarmarkaya çıxarılan ballar müvafiq laboratoriya yoxlamasından keçib, saxta bal yığışdırılıb?

Azərbaycan Arıçılar Assosiasiyasının sədr müavini Sabir Mustafayev də yarmarkada iştirak edirdi. O da alıcıları satılan məhsulların keyfiyyətli olduğuna arxayın edir: “Hazırda satışda 120 ton bal var. Bunlar yoxlamadan keçib, keyfiyyətli ballardır. Naxçıvandan tutmuş Qubaya, Astaraya qədər hər yerdən bal gətirilib. Bu yarmarkada satılan arıçılıq məhsulları, çiçək tozları, güləmlər və sair Qida Təhlükəsizli Agentliyi tərəfindən yoxlamadan keçirilərək buraxılır. Alıcılar arxayın olub ala bilərlər”. 

Alıcıların əksəriyyəti öz tanış arıçılardan bal alsalar da, yarmarkaya təsadüfən gəlib çıxanlar da var. Alıcı  Afina Əliyeva yarmarkaya ilk dəfə gəlsə də, həm balın keyfiyyətindən, həm də qiymətindən razıdır: “Hamıya bu balı dadmağı tövsiyə edirəm. Qiymətlər də yüksək deyil. O boyda zəhmətin qabağında bu heç də yüksək qiymət deyil. Allah hamıya bal daddırsın”.

Digər alıcı Arif Qasımov da aldığı balın keyfiyyətinə əmin olduğunu deyir. Onun sözlərinə görə, illərdir ki, eyni arıçının İsmayıllı rayonundan gətirdiyi təmiz cökə balını alır. Bu il də eyni arıçını deyib yarmarkaya üz tutub.

Bal yarmarkasına gedəsən, baldan dadmayıb əliboş dönəsən? Bu sətirlərin müəllifi də yağdırılan təriflərə inanıb ən yaxşı balın sorağı ilə bir banka bal alır. Satıcı onun yüksək keyfiyyətli cökə balı olduğuna bizi inandırır. Necə deyərlər, yeyərik, görərik...

*   *   *14:59

Bakının Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən arıçılıq məhsullarının 19-cu sərgi-satış yarmarkasının açılışı olub. Açılışda Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, nazirlik bir ay öncə dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edərək, bu yarmarkada iştirak edəcək arıçıların siyahısını hazırlayıb. Onun sözlərinə görə, bu ayın sonuna qədər davam edəcək yarmarkaya təqdim edilmiş məhsullar Qida Təhlükəsizliyi Agentliyini mütəxəssisləri ilə birlikdə analiz edilib. Nəticədə 150 ton məhsuldan 30 tonunun keyfiyyətsiz olduğu üzrə çıxıb.

“Hazırda yarmarkada ancaq keyfiyyətli bal satılır. Yararsız məhsul xüsusi anbarda saxlanılmaqdadır", - nazirlik rəsmisi deyib. 

 Yarmarkada balın 1 kq-ı alıcılara 20-25 manata təklif olunur. Əməkdaşımız Gülnar Əliyeva yarmarkanı izləyir və onun geniş reportajını yaxın saatlarda oxuculara təqdim edəcəyik.(virtualaz.org)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam