Yenixeber.org: Bunu açıqlamasında “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycanda Aşura günü qanvermə aksiyaları keçirilir və bu müxtəlif məscidlərdə təşkil olunur: “Bəzi məscidlərdə şərait olmadığına görə qanvermə aksiyaları yaxınlıqda olan poliklinikalarda təşkil edilir. Bu olduqca gözəl bir təşəbbüsdür. Çünki Aşura günü Kərbəlada fədakarlıq aktı baş verdi. Beləki İmam Hüseyn (ə) öz qanını bəşəriyyətə, insanlığa hədiyyə etdi. Həmin gündə bədəndən qan çıxarmaq istəyən insanlar bunu qanvermə aksiyası vasitəsilə xəstə insanlara hədiyyə edə bilər. Çünki bədəndən qan çıxarmaq, baş yarmaq bunlar dinimizdə də haram buyrulmuş əməllərdir. Eyni zamanda bunlar Kərbəlanın mahiyyətinə kölgə salan, İmam Hüseynin (ə) şəxsiyyəti ilə biraraya sığmayan əməllərdir. Bəzi insanlar müxtəlif ölkələrdə bu vasitə ilə əslində Kərbəla hadisəsini gözdən salırlar. Azərbaycanda isə belə bir müsbət təcrübə tətbiq edilir.
Bu il də Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasında qeyd olunur ki, Aşura günü müxtəlif yerlərdə qanvermə aksiyaları təşkil ediləcək. Bu örnəkdən artıq dünyanın digər ölkələrində də istifadə edirlər. Türkiyə və İranda da Aşura günü qanvermə aksiyaları təşkil olunmağa başlanıb. Düşünürəm ki, bu çox təqdirəlayiq bir addımdır. Ümumiyyətlə Kərbəla hadisəsindən , Aşura mərasimlərindən istifadə edib insanları zorakılığa, məntiqsiz hərəkətlərə dəvət etmək Kərbəla hadisələrinə tamamilə ziddiyyət təşkil edir. Bu gün də Aşura hadisəsi ilə bağlı internetdə axtarış etdiyimiz zaman qan içində olan insanların fotolarını görürük. Bu isə məqsədli şəkildə edilir ki, dini dəyərlər gözdən salınsın”.