Cümhuriyyət ilində həm əfv, həm də amnistiya ola bilər
Əliməmməd Nuriyev: “Novruzda prezident sərəncamı, 28 may ərəfəsində isə Milli Məclisin amnistiya qərarı gözlənilir”
Yenixeber.org: Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində səsləndirib. O müxbirimizin “Cümhuriyyət ilində amnistiya imzalana bilərmi?” sualını müsbət cavablandırıb: “Ola bilər. Kimsə amnistiya aktı layihəsini təqdim edə bilər. Hər bir deputatın hüququ var. Dövlət başçısı da amnistiya ilə bağlı təşəbbüslə çıxış edə bilər. Təbii ki, əfv hər zaman olur, bu, problem deyil. Amma Cümhuriyyətin 100 illiyi ilə bağlı geniş amnistiya da verilə bilər. Yəni, müxtəlif tədbirlər ola bilər”.
Qeyd edək ki, mart ayında Novruz bayramı ərəfəsində hər il olduğu kimi ölkə başçısının əfv sərəncamı imzalaması da gözlənilir. Bundan əlavə, may ayında Cümhuriyyətin 100 illiyi ilə bağlı geniş amnistiyanın verilməsi də müzakirə mövzusudur. Bəs görəsən, məhbusları və məhbus ailələrini sevindirən bu xəbər hansı ayda reallaşa bilər? Əfv, yoxsa geniş amnistiya olacaq?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”ın sualını cavablandırarkən bildirib ki, həm əfv sərəncamı, həm də amnistiya ola bilər: “Əfvlə amnistiya fərqli məsələlərdir. Əfv prezidentin Konstitusiya ilə verilən müstəsna səlahiyyətidir. Cənab prezident humanizm prinsipindən çıxış edərək konkret şəxsləri cəzasının çəkilməmiş hissəsindən və ya cərimədən azad edir. Əfv prezident tərəfindən şəxsən ayrı-ayrı şəxslərin cəzasının bağışlanmasıdır. Amnistiya isə hüquqi bir aktdır, burada konkret cinayətlərə görə cəzadan və ya cinayət məsuliyyətindən azad etmə nəzərdə tutulur. Amnistiya aktı Milli Məclis tərəfindən qəbul edilir. Yəni, bu sırf Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Bu zaman dəqiq bilinmir ki, konkret olaraq kimlər azad ediləcək. Bu yalnız ayrı-ayrı cinayət kateqoriyaları üzrə məsuliyyətdən və cəzadan azadetməni nəzərdə tutur. Bu qərarların hər ikisi eyni ildə verilə bilər. Mən ötən il ərzində də verdiyim müsahibələrdə qeyd edirdim ki, növbəti il Cümhuriyyətin 100 illiyidir və bu münasibətlə həm geniş amnistiya aktı ola bilər, həm də əfv sərəncamı da imzalana bilər”.
Əliməmməd Nuriyev istisna etmir ki, Novruz bayramı ərəfəsində elə Cümhuriyyətimizin 100 illiyi ilə bağlı prezident tərəfindən əfv sərəncamı imzalana bilər: “Çünki ötən ilin mart ayından Novruz bayramı ərəfəsində belə bir əfv sərəncamı imzalanmışdı, 423 nəfəri əhatə etmişdi. Bir il ötüb, əfvlə bağlı çoxsaylı müraciətlər var. O baxımdan hesab edirəm ki, mart ayında da əfv sərəncamı ola bilər. Eyni zamanda, 28 may ərəfəsində Cümhuriyyətimizin 100 illiyi ilə bağlı geniş amnistiya aktı ola bilər. Bu amnistiya aktının fərqi o ola bilər ki, əvvəlki amnistiya aktları müəyyən kateqoriyadan olan, böyük ictimai təhlükə törətməyə, az ağır cinayətlərə şamil olunurdu və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları əhatə edirdi. Ancaq bu il amnistiya aktı olarsa, daha geniş miqyası əhatə edə bilər; həm ağır, həm də xüsusilə ağır cinayətlər üzrə şamil edilə bilər. Əlbəttə ki, burada fərqli yanaşma da ola bilər. Belə ki, böyük ictimai təhlükə törətməyən az ağır cinayətlər üzrə məhkum edilmiş şəxslərin cəzasının çəkilməmiş hissəsindən azad edilə bilər. Və ya azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslər ümumiyyətlə cəzadan azad edilə bilər. Ancaq ağır və xüsusilə ağır cinayətlərdə isə cəzanın müəyyən bir hissəsi ləğv edilə bilər. Məsələn 6 ay, 1 il azaldıla bilər. Bu tipli yanaşmalar ola bilər. Ancaq təbii ki, hər şey qanunverici orqan olan Milli Məclisin iradəsindən asılı olacaq. Geniş amnistiya aktı deyərkən, aktın bütövlükdə bütün məhkumlara bu və ya digər formada tətbiqi başa düşülür. Ancaq əvvəlki amnistiya aktları müəyyən kateqoriya cinayətlər üzrə məhkum edilmiş şəxslərə aid edilmişdi. Heç də bütün məhkumları tam olaraq əhatə etməmişdi. Ümumiyyətlə, amnistiya əksər məhkumları əhatə etməlidir. O baxımdan hesab edirəm ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı belə bir geniş amnistiya aktı qəbul oluna bilər. Elə əfv də genişmiqyaslı ola bilər. Çünki Cümhuriyyətin 100 illiyidir, prezident tərəfindən bu il ”Cümhuriyyət ili" elan olunub. O baxımdan bu istiqamətdə görülən tədbirlər cəmiyyətin bütün təbəqələrini əhatə edə bilər ki, onlardan biri də amnistiya ilə bağlıdır".
Hüquq müdafiəçisi Səidə Qocamanlı da bu il həm amnistiya aktının, həm də əfv sərəncamının veriləcəyinə ümidli olduğunu bildirdi: “Bildiyiniz kimi, artıq dövlət başçısı tərəfindən Cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncam verilib. Bu sərəncam hamını, o cümlədən biz hüquq müdafiəçilərini çox ümidləndirib. Ümidlərdən biri də bizim gördüyümüz iş əsasında məhbusların azadlığa çıxmasıdır. Bizi hazırda ən çox narahat edən məhbusların taleyidir. Məndə olan məlumata görə, Cümhuriyyətin 100 illiyi ilə bağlı həm amnistiya , həm də əfv gözlənilir. Əfv Novruz bayramı ərəfəsində şamil edilməlidir. Bu çox yaxşı bir addım olardı. Çünki Cümhuriyyətin 100 illiyi sıradan bir bayram deyil. Bu millətimizin, dövlətimizin, müstəqilliyimizin bayramıdır. Bu bayram sadə şəkildə yox, hansısa bir milli barışıq, humanist ideyalarına əsaslanan addımlarla yadda qalmalıdır. Bunlardan biri də məhbusların azad olunmasıdır. Biz çox ümid edirik ki, bu il həm amnistiya, həm də əfv fərmanı veriləcək. Hazırda taleyi bizi də, bütün ölkəni də, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatları da narahat edən insanlar hamısı azadlığa buraxılacaq. Bununla da problem tamamilə aradan qalxacaq”.
Nərgiz LİFTİYEVA