3 mindən çox sürücü cəzalandırıldı
May ayının 1-dən avtomobillərin arxa, yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də başa çatdı. Yol polisi qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayıb.
Xeberinfo.com: Məlumata görə, bu haqda Modern.az saytına açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, polis əməkdaşları təhkim olunduqları ərazidə xidmət aparır:
“İndiyədək 11 sürücü məsuliyyətə cəlb edilib. Təəssüf ki, tərtib edilən protokollar əsasında aparılan sorğularda, 11 sürücüdən 7-si məlumatsız olduğunu, 4-ü isə yadından çıxdığını bildirib.
Bir daha deyirik ki, qəsdən, bilmədən, yaxud ehtiyatsızlıqdan “Yol hərəkəti haqqında” qanunun tələblərinin pozulması inzibati məsuliyyət hesab edilir. Bunu edən şəxslər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunur”.
Vaqif Əsədov deyib ki, kiminsə “xəbərim yoxdur” deməsi ona bəraət qazandırmır:
“Son 5 gün ərzində bütün kütləvi informasiya vasitələrinin köməkliyi ilə bu məlumatları yaymışıq. Yəni bunu bilməyən yoxdur. Bu gün hansısa sürücünün “bilmirdim” deməsi onu məsuliyyətdən azad etmir. “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı dəyişikliyin tələblərinə əsasən avtomobilin görünüşünün məhdudlaşdırılması, şüşələrə pərdə, plyonkaların çəkilməsi yolverilməzdir və bunu edənlər məsuliyyətə cəlb olunur.
Eyni zamanda, bildirirəm ki, istismar edilən avtomobil şüşələrinə qeyd edilən müddətdə standarta uyğun ştorka və jalüzlərin çəkilməsinə icazə verilir”.
DYP rəsmisi ilin əvvəlindən bu günə qədər kustar üsulla hazırlanan pərdə və plyonkalardan istifadə edən çox sayda sürücünün cəzalandırıldığını vurğulayıb:
“İsti hava şəraiti ilə əlaqədar tətbiq edilən standartların tələblərinə uyğun olaraq mayın 1-dən noyabrın 15-nə qədər yalnız sənaye üsulu ilə hazırlanmış jalüz və ştorkaların istifadəsinə icazə verilirdi. İcazə verilən müddət ərzində belə, əməkdaşlarımızın apardığı reydlər zamanı 3 mindən artıq sürücü cəzalandırılıb. Təkcə ötən həftə kustar üsulla hazırlanan pərdə və plyonkalardan istifadəyə görə 49 sürücüyə inzibati protokol yazılıb.
Müşahidələr aparılır və məlum olur ki, sürücülərin böyük əksəriyyəti xətanı törətməkdən yayınmağa çalışırlar ki, bu da yaxşı haldır. Xatırladıram ki, sənaye üsulu ilə hazırlanmış pərdə, plyonkaların, jalüzlərin, ştorkaların istifadəsinə görə 150 manat cərimə nəzərdə tutulub”.