Rəbiyyət Aslanova 4 otaqlı mənzili hansı qanunsuz üsullarla və necə ələ keçirib? -FİLM kimi hadisə
Milli Məclisin II, III və IV çağırış deputatı olmuş Rəbiyyət Aslanova ilə bağlı redaksiyamıza şikayət daxil olub. Redaksiyamızda şikayətçilərlə görüş keçirildi və onların təqdim etdiyi əsaslı sənədlərlə tanış olandan sonra problemin işıqlandırılmasına qərar verdik.
Yenixeber.org: Bildirilir ki, 06.03.2007-ci ildə Balakən Bələdiyyəsi 21 saylı sərəncamla hündürmərtəbəli bina tikintisi üçün “Alazançay” MMC-yə torpaq sahəsi ayırır və 10.03.2007-ci ildə isə Balakən Rayon İcra Hakimiyyəti 79 saylı sərəncamla tikintiyə icazə verir. Amma əas məsələ bunda deyil.
Rəbiyyət xanımın binadan xoşu gəlir və iş adamına təzyiqlər başlayır
Həmin vaxt Balakən rayonunu Milli Məclisdə təmsil edən Rəbiyyət Aslanova bir gün rayona gəlir, yeni tikilən 12 mərtəbəli binanı görür, xoşuna gəlir və oradan mənzil əldə etmək həvəsinə düşür. Elə əsl həngamə də məhz bundan sonra başlayır. Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov (2006-2011) binanı tikən özəl şirkətin - “Alazançay” MMC-nin rəhbərliyinə zəng edir və Rəbiyyət xanıma həmin binadan mənzil hədiyyə edilməsini istəyir və deyir ki, onun seçicilərlə görrüşdən sonra yatmağa yeri yoxdur, mütləq mənzil vermək lazımdır. Hətta icra başçısı yalan-doğru bildirir ki, bu məsələ ilə bağlı Ramiz Mehdiyev də ona zəng edib.
Şirkət rəhbərliyi şifahi razılıq verir, amma…
R.Aslanova Balakən rayonu N.Nərimanov küçəsi 29 ünvanında yerləşən həmin 12 mərtəbəli binadan mənzil əldə etmək istəyindən əl çəkmir. İcra başçısı da fasiləsiz şəkildə “Alazançay” MMC-nin rəhbərindən bunu xahiş edir. Nə isə, uzun mübahisə və müzakirələrdən sonra “Alazançay” MMC-nin rəhbərliyi xahişləri nəzərə alaraq, R.Aslanovanın deputatlıq dövründə (sırf deputatlıq müddətində) müvəqqəti istifadə etməsi üçün ona bir mənzilin verilməsinə şifahi razılıq verir. Xüsusilə qeyd edim ki, mənzilin verilməsi ilə bağlı MMC ilə R.Aslanova arasında heç bir müqavilə də bağlanmayıb. Yəni, proses şifahi şəkildə baş tutur, heç bir sənədləşmə olmur.
Bütün bunlardan sonra R.Aslanovanın bir qohumu binanın 8-ci mərtəbəsində yerləşən 5 otaqlı mənzilə köçərək orada yaşamağa başlayır.
Mənzillərin “kupça”laşdırılması başlayır və R.Aslanova mənzili şirkətə təhvil vermir.
2021-ci ildə 12 mərtəbəli binanın ram istismara verilir, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınır. Məhz bundan sonra R.Aslanova 4 otaqlı mənzilin onun adına rəsmiləşdirilərək mülkiyyətinə keçirilməsini “Alazançay” MMC-dən tələb edir. Bəs, o, bu tələbi hansı hüquqi sənədlə edir? Təbii ki, Balakən RİH hakimiyyəti tərəfindən verilmiş müvəqqəti order ilə. Orderin verilməsindən isə şirkətin xəbəri olmayıb. Verilsə də, order müvəqqəti yaşayış üçün nəzərdə tutulub və həmin order məhkəmə sənədlərində də var. Qısası, R.Aslanovaya mənzilin MMC-nin mülkiyyətində olduğunu, orderin heç bir əsası olmadığını və müvəqqəti yaşayış üçün şifahi razılıqla verildiyini bildirsələr də, heç bir təsiri olmur.
Məhkəmə prosesləri… Öncə ədalət bərpa olunur, daha sonra isə nə baş verir?
R.Aslanova heç nə ilə razılaşmır və “Alazançay” MMC-nin adına rəsmiləşdirilmiş mənzilin mülkiyyətçisinin ləğv edilərək onun mülkiyyətinə verilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsində iddia qaldırır. Məhkəmənin 21.02.2023-cü il tarixli qərarı ilə R.Aslanovanın təqdim etdiyi order eibarsız sayılır.
Ardınca da R.Aslanovanın vəkilləri apellyaasiya və kassasiya şikayətləri verərək orderin etibarsızlığı qərarını ləğv etdirir, sonrakı məhkəmə prosesində R,Aslanovanın iddia təmin edilir.
Amma Şəki Apellyasiya 24.01.2024-cü il qərarı ilə ədaləti bərpa edir.
Lakin R.Aslanova sona qədər dirənir və kassasiya şikayətinə baxan Ali Məhkəmə (hakim İlqar Hüseynov) R.Aslanovanın kimliyini, olunan xahişləri, telefon zənglərini nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edir və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərir.
Ali Məhkəmənin mövcud olmayan məktuba istinad edərək ədalətsiz qərar çıxarıb
Ali Məhkəmə bu ədalətsiz qərarını əsaslandırmaq üçün yanız bir sənədə - guya “Alazançay” MMC-nin Balakən RİH-ə göndərdiyi məktuba istinad edir. Həmin məktub isə yoxdur. Nə icra hakimiyyətində var, nə arxivdə. Hətta əvvəlki məhkəmə proseslərində hakimlər bu məktubun surətini məhkəməyə təqdim etmək üçün Balakən RİH-in hüquqşünaslarından tələb etmişdilər və belə bir məktubun olmadığı məlum olmuşdu. Əgər belə bir məktub varsa, kargüzarlıq şöbəsində qeydiyyata alındıqdan, bir neçə şöbə məktubla bağlı rəylərini yazılı yazdıqdan və icra başçısının onu imzalanmasından sonra necə yoxa çıxa bilərdi?! Deməli, yoxdur!
R.Aslanova 15 il Milli Məclisin deputatı olub. Deputatlıq müddətindən sonra R.Aslanovanın hazırki fəaliyyəti ictimaiyyətin diqqətini cəlb etmir, onun son illərdə güc qazanaraq, MMC-yə məxsus mənzili mənimsəyməyə çalışması hər nə qədər təəccüblü görünsə də, mənim üçün təəccüblü hal deyil. Bunun da müxtəlif və ciddi səbəbləri var. Bu haqda ətraflı və daha sonra…
Həmin mənzilin həqiqətən də “Alazançay” MMC-yə məxsus olmasını və R.Aslanovaya sadəcə müvəqqəti yaşayış üçün verildiyini sübut edən digər faktlar da var. Bu faktlar da yeni əldə olunub və məhkəməyə də təqdim olunacaq. Hələki həmin faktı yazmamağı düşünürəm.
Ümid etmək istəyirəm ki, R.Aslanovanın məhkəməyə təzyiqlərinin, etdirdiyi xahiş dolu zənglərin qarşısı alınacaq və mənzilin “Alazançay” MMC-nin mülkiyyətində qalması ilə bağlı yenidən ədalətli qərar veriləcək.
Məsələ ilə bağlı R.Aslanovanın da mövqeyini öyrənməyə çalışdıq, amma nəticəsiz qaldı. Onun da mövqeyini də dinləyib dərc etməyə hazırıq.
Müəllif: Samir Feyruzov