GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: SABAHA DAHA İNAMLA
"Xeberinfo.com": Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə Dövlət Universiteti Azərbaycan təhsilinə dəyərli töhfə verməkdədir. Gəncə Dövlət Universiteti 1938-43-cü illərdə 2 illik Müəllimlər İnstitutu, 1943-2000-ci illərdə Pedaqoji İnstitut, 2000-ci ildən isə Universitet kimi fəaliyyət göstərir.Universitetimiz fəaliyyətə başladığı ilk illərdən özünün yüksək ixtisaslı pedaqoji kadr potensialı ilə seçilmiş və bu gün də həmin ənənəni davam etdirir. Onlarla pedaqoqumuz orden, medallara və diqər dövlət təltiflərinə layiq görülmüşdür.Hal-hazırda universitetdə 8 fakültə, 13 şöbə fəaliyyət göstərir. Bakalavr səviyyəsində əyani şöbədə 40 ixtisasda 5111, qiyabi şöbədə 7 ixtisas üzrə 601, magistratura səviyyəsində isə 394 nəfər olmaqla, bütövlükdə 6106 tələbə təhsil alır. Bakalavr səviyyəsində 5712 tələbədən 1286 nəfəri dövlət sifarişi, 4426 nəfəri ödənişli, magistratura səviyyəsində isə 394 nəfərdən 138-i dövlət sifarişi, 256 nəfəri isə ödənişli əsaslarla təhsil alır. Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və 4 tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur.
Bu göstəricilər isə keyfiyyətli təhsilə imkan yaradır. Perspektivdə duran məsələlər hələ çoxdur. Bu il fizika və kimya kafedralarında yeni elmi tədqiqat laboratoriyalarının açılışı planlaşdırılır.
Məlumdur ki, bu gün Azərbaycan təhsilinə verilən tələb və standartlar dəyişmişdir. Müasir təlim standartları günün tələbidir. Tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - "açıq dərs"lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.
Universitetdə semestr imtahanlarının şəffaflığına nail olmaq üçün imtahanlar iki formada: yazılı və test üsulu ilə aparilir.
Universitet xarici beynəlxalq əlaqələrə geniş yer verir. Universiteti tanıdan və inkişaf etdirən amillərdən biri də onun beynəlxalq əlaqələridir.GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. GDU-nun beynəlxalq əlaqələrində Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" geniş yer tutur.
Universitetdə "Elektron universitet" layihəsi reallaşdırılıb. Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" universitetin təhsil və inzibati işlərin avtomatlaşdırılmış sisteminin yaradılmasına yardımçı olmağı öz üzərinə götürüb. İki milyon manatdan artıq vəsait tələb edən işi həmin təşkilat könüllü olaraq təmənnasız yerinə yetirəcək. Bunun üçün ilkin hazırlıq mərhələsi yekunlaşıb. Bu otaq gələcəkdə "Koreya mərkəzi" olacaqdır.Mərkəzdə həmçinin tələbələrin Koreya dilini öyrənmələrinə imkan yaradılacaq.
Təhsil sisteminin Boloniya proqramı üzrə qurulması unuversitetimizin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir.Universitetimizdə tədrisin müasir tələblər səviyyəsində qurulması müəllim və tələbə-magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarır. Universitetimizin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.Gəncə Dövlət Universiteti Türkiyənin "Mövlana" mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanıb, 10-a yaxın müəllim və tələbənin sənədləri onların komissiyalarına göndərilib.
Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə Dövlət Universiteti ilə Fransanın Reyms Şampan-Arden Universiteti arasında beynəlxalq əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə müqavilələr bağlayıb. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri İnstitutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.
Gəncə Dövlət Universiteti Bakı şəhərində keçirilən Beynəlxalq təhsil və karyera sərgisində ən yaxşı təqdimata görə I yerə layiq görülüb.
Universitetimizdə təhsilin səviyyəsinə təsir edən ən mühüm amillərdən biri də həm müəllimlərin, həm tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə bu il GDU əməkdaşlarının Respublikanın nüfuzlu elmi nəşrlərində 300-ə yaxın məqaləsi, xarici ölkələrin elmi nəşrlərində 50-dək elmi məqaləsi dərc edilmişdir,onlarla dərs vəsaiti,metodik vəsait və monoqrafiyaları çap olunmuşdur.Universitetimizdə elmi konfrans və simpoziumlar keçirilməsi də ənənə halını almışdır.
GDU-nun kollektivi Respublikanın və şəhərin ictimai həyatında fəal iştirak edir. Universitetimizin məzunlarının bir çox məsul vəzifələrə irəli çəkilməsi də məhz tələbəlik illərində onlara aşılanan ictimai fəallıq keyfiyyətlərinin parlaq təzahürüdür.
Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işləri - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.
Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.
Qeyd etmək lazımdır ki,son vaxtlar bəzi saytlarda universitetimiz haqqında müəllifi məlum olmayan yazılar dərc olunur.Saytlara dərc olunmaq ücün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.
Bütün vertual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq. Hər bir atılan addımda xahiş edirik ki, Azərbaycan Respublikasında qəbul olunmuş qanunlara hörmətlə yanaşsınlar və biz də bu məmləkətin vətəndaşları kimi üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirək.
ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru.