Şəhid Rüfət Əsgərovun "il mərasimi"ndə maraqlı anlar -FOTOLAR
Vətən sağolsun! Bu kəliməni dilində şüar edən minlərlə qeyrətli oğullarımız şirin canlarından, sağlamlıqlarından keçdilər.
Yenixeber.org: 30 ilin qısasını 44 gündə alıb, 30 illik həsrətə 44 gündə son qoydu igidlərimiz.
Bəli, Vətən sağ olsun deyə, bu gün onlar aramızda yoxdur.
Ancaq, Vətən sağ olsun deyə yaşamamağı gözə alan qeyrətli oğullarımız, Vətən sağ olduqca, əsrlər boyu bugünkü və gələcək nəsillərin ürəyində, qürurunda, Vətənin hər qarışında, Qalib ölkənin adında əbədi yaşayacaqlar.
Vətən üçün öz anasını bir ömür gözüyaşlı qoymağı gözə alan igidlərimizdən biri də Əsgərov Rüfət Qabil oğludur.
Rüfət Rusiya Federativ Respublikasında doğulub, böyüyüb. Sonradan ailəsi ilə birlikdə Azərbaycana gəlib. O Azərbaycan dilində ümumiyyətlə danışa bilmirdi. Azərbaycana köçdükdən sonra, 10 gün ərzində Azərbaycan dilini öyrənir və Rəsulzadə adına Xarici dillər təmayüllü gimnaziyasına daxil olur. 2015-ci ildə orta təhsilini başa vurub, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olur. Ali təhsilini də başa vurduqdan sonra, 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılır.
2020-ci ilin sentyabr ayının 27-də başlanan döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş, Füzuli, Xocavənd və Qubadlının azadlığı uğrunda döyüşlərdə şücaət göstərmişdir. 2021-ci ilin noyabr ayının 1-də isə şəhadətə yüksəlmişdir.
Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
26 noyabr 2021-ci il tarixində Suraxanı rayonunda şəhid Rüfət Əsgərovun il dönümü qeyd edilib. Şərafətli və möhtəşəm tədbir proqramı şəhidin anası Aynurə xanım və Suraxanı rayon icra Hakimiyyətinin böyük dəstəyi ilə baş tutub.
Azərbaycan Respublikasının himni ilə açıq elan edilən tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, İcra Hakimiyyətinin digər işçiləri, iş adamı Şahin Səfərli, Suraxanı rayonunda yaşayan digər şəhid anaları və media nümayəndələri iştirak edirdilər.
Biz tədbirə dəvətli idik. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun özünün və işçi heyətinin tədbirdə iştirakı, həmçinin möhtəşəm tədbirin təşkilində göstərdiyi böyük dəstəyi diqqətimizi cəlb etdi. Eyni zamanda tədbirdə iştirak edən rayon sakinləri və digər şəhid ailələrinin Əziz Əzizov haqqında "ağızdolusu" razılıq etmələri də bizi hər zaman İcra başçıları haqqında giley və şikayət eşidən media nümayəndələri olaraq çox sevindirdi.
Hesab edirik ki, Əziz Əzizovun Suraxanı rayonunun qazi və 54 şəhid ailəsinin hər birinə xüsusi diqqəti, onların yaşadıqları ərazidə aparılan abadlıq işləri, tədbirlərində böyük dəstəyi və şəxsən iştirakı əksər İcra başçıları üçün ən yaxşı nümunədir.
Şəhid ailələri, vətən uğrunda şirin canından olmağı gözə alan oğullarımızın bizə əmanətidir.
Biz onlara itirdikləri oğullarını geri verə bilmərik. Unutdura da bilmərik. Ən azından hər zaman yanlarında olmaqla, az da olsa, bəlkə təsəlli ola bilərik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımızı qorusun.
Amin!!!
"DogruXeber.az"
[/center]