30 illik həsrətə 44 gündə son qoyan şəhidlərimiz -VİDEO // FOTO
Cəmi bir il bundan əvvəl, 2020-ci ilin məhz bu günləri, sentyabr ayının 27-dən noyabr ayına qədər hər gün şəhid xəbəri, hər gün qələbə xəbəri ilə bir gözümüz ağlayır, bir gözümüz gülürdü.
Yenixeber.org: İgidlərimiz döyüş meydanında qanları ilə tarix yazırdılar.
30 ildir önümüzə əyilən başımızı yenidən ucalara qaldırmaq üçün ailələrini, övladlarını tək qoymağı, şirin canları ilə vidalaşmağı gözə aldı qəhrəman oğullarımız.
Qələbə tariximizin səhifələrində qanlı imzası olan igidlərimizdən biri də İsmayılzadə Vaqif Vüqar oğludur.
O 1996-cı il noyabrın 6-da l Şahsevən kəndində anadan olub. Əslən Cəbrayıl rayon "Horovlu" kəndindən olan Vaqif uşaqlıq və gənclik illərini Beyləqan rayonunda keçirmişdir.
2003-cü ildə Beyləqan rayon l Şahsevən kənd F.Miriyev adına "Araz" tam orta məktəbinin birinci sinfinə gedib.
Uşaqlıq illərindən hərbiyə marağı olan Vaqif müxtəlif yarışlarda iştirak etmiş, fəxri fərmanlarla təltif olunmuşdur.
2014-cü ildə həmin məktəbi bitirib, 2015-ci il yanvarın 8-də hərbi xidmətə yollanıb. Sumqayıt şəhər N saylı hərbi hissədə xidmət keçib.
Hərbi xidmət zamanı komandirlərin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirirdi.
Göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif olunub.
2016-cı il iyul ayının 1-də tərxis olunub.
2017-ci ilin 8 noyabrında hərbi polis kimi fəaliyyətə başlayıb.
Gülərüzlüyü və mehribanlığı ilə tez bir zamanda şəxsi heyətin rəğbətini qazanmışdı.
İsmayılzadə Vaqif 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan vətən müharibəsi zamanı gedən döyüşlərə qatılır.
Yaralı əsgər və zabitləri döyüş bölgəsindən çıxarıb, hərbi hospitala aparır, şəhid olmuş hərbi qulluqçuları çıxararaq ailəsinə təhvil verirdi.
Hamının qəhrəmanına çevrilən Vaqif Oktyabrın 21-də döyüş meydanında olan yaralı zabitimizi çıxararkən, şəhidlik zirvəsinə ucalıb.
Şəhidimizin nəşini oktyabrın 25-də döyüş meydanında çıxarmaq mümkün olub.
Oktyabrın 26-da "Bahar" qəsəbə qəbristanlığında dəfn olunub.
Vaqifin atası və dostları ilə də söhbət apardığımız zaman onlar da Vaqifin elə uşaqlıqdan mərd, yardımsevərliyindən göz yaşlarına boğula-boğula danışdılar.
Vaqif İsmayılzadə heç bir zaman dostlarını yarı yolda qoymadı, heç vaxt onları çətinlikdə tək buraxmadı, son nəfəsini də elə dost yolunda, Vətən uğrunda verdi.
Ruhun şad olsun, şəhidim !