Onunla Tərtərdə ad günü axşamı həmsöhbət olduq. Vətən müharibəsinin ilk günündən döyüşlərə qoşulub. Vəzifəsi mina təmizləyən mühəndis olsa da, deyir ki, əlimdən nə gəlirdisə, bacardığım qədər kömək edirdim. Ön sırada döyüşən qəhrəman hərbçilərimizin təhlükəsiz hücuma keçməsini təmin etmək üçün əsas keçidləri açan igidimiz 44 gün ərzində döyüş gedən əraziləri minalardan təmizləyib. Ağdam sülh yolu ilə Azərbaycana qaytarılanda da o, rayonun əsas yolunu minalardan zərərsizləşdirib. Ancaq dekabrın 1-də, məzuniyyətə çıxmasından bir gün əvvəl özü minanın qurbanı olub. Mənfur ermənilərin yanbayan basdırdığı minalardan birinə düşən mina təmizləyən hərbçimiz sol ayağını itirib, əlindən zədə alıb. Ancaq deyir ki, məni həyatda ayaqüstə saxlayan qələbəmiz və hər birimizin canla-başla döyüşməyimizdir.
Yenixeber.org: Həmsöhbətimiz mina təmizləyən mühəndis, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Ramin Vidadi oğludur.
"Müharibənin olacağını gözə almışdıq"
Ramin Quliyev 2018-ci ilin aprel ayından hərbi kursa çağırılıb, elə həmin ilin iyun ayından isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulub. 6 aydan sonra kiçik çavuş rütbəsi alıb, zirehli maşın komandiri olub. İki ildən çox müddət imiş ki, N saylı hərbi hissədə mühəndis kimi fəaliyyət göstərirmiş. Mina təmizləməyə olan marağı onu bu sahəyə gətirib. Deyir ki, müharibənin olacağını gözə almışdıq: "Buna görə də mina təmizləmə dərslərinə diqqətlə qulaq asırdım, mən həm də maşın komandiri idim, lazım gələrsə, müharibədə bununla da bağlı iştirak edə bilərdim. Ancaq mina təmizləməyə həvəsim daha çox idi. Bu həvəs məni bu sahəyə yönəltdi. Mina təmizləyən yoldaşlarımın dərslərinə maraqla baxırdım, hər bir detalı yadda saxlayırdım. Bütün növ minaların zərərsizləşdirilmə formasını öyrənmişdim. Tovuz döyüşlərindən sonra hər birimiz döyüşün başlama ehtimalı ilə hazırlıqlar görürdük, o zaman mina təmizləmə ilə bağlı verilən tapşırıqlara diqqətlə yanaşırdım".
"Ora ölümü qəbul edib getmişdik, yalnız üç şeyi düşünürdük..."
Qazimizin sözlərinə görə, mina təmizləməklə bağlı dərsləri əsasən də gələcək üçün, müharibə üçün öyrənib. O, həftənin beş günü mina təmizləmə dərslərində iştirak edib, ön xətdə mühəndis işləri görməklə bağlı dərslər alıb: "Bunun nəticəsi müharibədə özünü göstərdi, bütün öyrəndiklərimi 44 günlük Vətən müharibəsində və ondan sonra tətbiq etdik. Sentyabrın 27-si səhər saatlarında əks-hücum əməliyyatlarına başladıq. 20 dəqiqə sonra əsas keçidi açdıq. Bizim tapşırığımız keçidi açıb təyin olunan yerlərə qayıdıb növbəti tapşırığı gözləmək idi. Orada da elə bir vəziyyət yarandı ki, çıxmaq mümkün olmadı. Mən özüm könüllü olaraq o istiqamətdə döyüşən hərbçilərlə hücuma keçdim".
Ramin deyir ki, ora gedəndə ölümü qəbullanıb getmişdik, yalnız üç şeyi düşünürdük: ya qalib, ya şəhid, ya da qazi olacaqdıq. Təkbaşına əsas keçid açan qazimiz, yaralıları ərazidən çıxarmağa də köməklik göstərib.
"Hücuma keçən bölmə döyüşə hazırlaşırdı, mən mühəndis idim, mənə verilən tapşırıq mina sahəsini təmizləmək olub. Oradan piyada qoşuna qoşuldum, onlar da dedilər ki, sənin vəzifən başqadır, mən isə könüllü döyüşəcəyimi dedim. Oradan bir neçə postun keçidini təkbaşına açmışam".
"Müharibənin ilk günündə erməni ilə üzbəüz gəldim, qumbaranı partlatdı"
Ramin Quliyev sentyabrın 27-də, döyüşlərin ilk günündə yaralanıb. Döyüşdə erməni ilə üzbəüz gələn igidimiz mənfur düşmənin əl qumbarasını partlatması nəticəsində başından yaralanır. Ancaq buna baxmayaraq, döyüş yolunu davam etdirir: "Qumbaranın qəlpəsi sağ qaşımın üstündən dəydi. Nəm dəsmallarla gözümün üstünə tutduq ki, qanı kəssin. 2-3 saatdan sonra gözüm şişdi, başımda dəhşət ağrı var idi. Dedilər ki, yaralılarla birgə geri qayıda bilərsən. Ancaq hər dəfə ərazi azad etdikcə ruhlanırdıq, istəmirdim geri qayıdım. Qorxu insanda cəmi yarım saat olur, yoldaşlarımın şəhid olmasını, yaralanmasını görəndə qorxu hissi itir, qisas hissi çoxalırdı. Erməniləri öldürdükcə sevinirdik, amma onlar kişi kimi döyüşmürdülər, biz irəliləyirdik, onlar qaçırdılar. Ayağımdan əməliyyat olunduğum üçün çox yeriyə bilmirdim. Amma müharibədə dayanmadan yerimişəm, hər kəsdən öndə gedirdim ki, mina olan əraziləri təyin edib işarə qoyum".
"Mina təmizləmək elə bir hissdir ki, minaya düşməmişdən əvvəl çox qorxusuz bir şey olduğunu düşünürsən, sanki zərərsiz bir əşyanı götürüb kənara qoyursan", deyən qazimiz, minaya düşəndən sonra bu hisslərin artıq fərqli olduğunu qeyd edir.
Onun sözlərinə görə, müharibə vaxtı bütün minaları zərərsizləşdirməyə imkan olmayıb, ancaq yeri təyin edib, oradan götürüb, həmin yerə bayraq taxıb işarə etmək mümkün imiş: "Mən müharibədə gücü, ruhu qərargah rəisimiz Sərkərov Romandan alırdım. Onun ürəkli, qorxmaz olmağı mənə də ürək verirdi. Çəkinirdim ki, əl vuraram minaya partlayar, o isə elə deyildi. Bu isə məni daha da ruhlandırırdı. Onunla birlikdə çox ərazini minalardan təmizləmişik".
"Minaya düşəndən sonra ağrıya dözə bilmirdim, sağ əlimlə yeri qazırdım, bir tərəfdən də qan itirirdim"
Noyabrın 20-də Ağdam rayonu üçtərəfli bəyanatla Azərbaycana geri qaytarılanda rayonun əsas yolunu minalardan Ramin və onun komandası təmizləyib, rayon mərkəzinə daxil olublar:
"Ağdam işğaldan azad olunanda ilk bizim komanda ora girdi, namazın vaxtını öyrəndik və azan verdik. Ora 11 nəfərlə, 4 kəşfiyyat, 7 mühəndislə birgə girdik. Ermənilərin Ağdamı təhvil verməsi üçün verilən vaxt 20-si gecə saat 12-də bitirdi. Biz ona qədər Təzəkənd istiqamətində Ağdama gedən yolda mina təmizləyirdik. Oradan məni əsas qrupun yanına apardılar. Biz Ağdama köhnə, əsas yolla getdik, yolu minadan təmizləyə-təmizləyə Ağdama girdik. Elə mina var idi ki, hətta magistral yolda asfalt örtüyün altına qoymuşdular. Diqqətli olmalı idik. Gecə saat 3-də Ağdama girdik, 5-ə 10 dəqiqə qalmış Ağdam məscidinə çatdıq. Məsciddə içki içmişdilər, yemək qalıqları var idi, heyvanlar saxlamışdılar".
Ramin Quliyev dekabrın 1-də tapşırıq alaraq Suqovuşan istiqamətinə təyin olunan ərazini minalardan təmizləmək üçün yollanır. Ancaq o, verilən tapşırığı yerinə yetirərkən minaya düşür, sol ayağını itirir, əlindən zədə alır: "Mina axtaran cihaz adi siqaretin qutusunda olan metal tərkibli kağız parçasına da səs edirdi. Ona görə də bu proses həm uzun vaxt alır, həm də diqqət tələb edirdi. Ərazidə döyüş getdiyinə görə, qəlpələr çox səpələnmişdi, ora dağın döşü olduğu üçün minomyotlar düşmüşdü. Həmin ərazidə minalar şahmatvari basdırılmışdı. Onlar bunu ona görə edirdilər ki, daha çox insan minanın qurbanı olsun. Mən həmin yerdə mina tapdım, onu çıxarıb yanımdakı mühəndisə verdim, bilmədim ki, minalar yanbayan basdırılıb. Geri qayıdıb ayağımı ora qoyanda digər mina partladı. Məni götürüb kənara atdı, ağzı üstə yerdə qaldım. Minaya düşəndən sonra ağrıya dözə bilmirdim, sağ əlimlə ağrıdan yeri qazırdım, bir tərəfdən də qan itirirdim. Mən təmizlənmiş yerə düşmüşdüm, amma yenə də ətrafımı təmizlədilər, sonra yanıma gəlib ilk yardımı göstərdilər. Risk edib ayağıma baxa bilmirdim, ancaq ilk əlimi gördüm, elə bilmişdim ki, bütün bədənim parça-parça olub. Minanın dalğasından qulağım eşitmirdi. İlk yardım göstəriləndən sonra Tərtər rayon Mərkəzi Xəstəxanasına apardılar. Orada da yardım göstəriləndən sonra Sarıcalı xəstəxanasına gətirdilər. Orada əməliyyat etdilər, axşam ayıldım ki, vəziyyət belədir..."
"Yaralanmamışdan on dəqiqə əvvəl komandirimə dedim ki, bu gün son iş günümdür"
Təyin olunan ərazinin dekabrın 1-də minalardan təmizləmək tapşırığı Raminin məzuniyyətə çıxmamışdan öncəki son fəaliyyəti olacaqdı. Ancaq həmişəlik son işi olur...
"Minaya düşən gün son iş günüm idi. Yaralanmamışdan 10 dəqiqə əvvəl bölük komandirimə zəng etdim, dedim ki, komutan, mən yorulmuşam, bu gün son iş günüm olsun, elə bu gündən də məzuniyyətə çıxım. Həmin gün minaya düşəcəyimi hiss etmişdim. Yoldaşlara dedim ki, bu gün bəlkə getməyim, ürəyimə pis hiss dolub. Çünki həmin yer dağın başı idi, maşın çıxa bilmirdi. Dedim ki, Allah eləməmiş, orada minaya düşsək, qanaxmadan ölə bilərik, yardım maşını da çıxa bilmir. Amma professional sürücü ilə həmin təpəni çıxdıq, bəlkə də maşın olmasaydı, mən qanaxmadan həyatımı itirəcəkdim".
"Allah ermənilərin bəlasını versin, hər yeri necə gəldi minalayıblar"
Ramin deyir ki, minaya düşməmişdən öncə xeyli ərazidə mina təmizləyib, amma sonda özü minanın qurbanı olub. Ermənilərin basdırdığı piyada əleyhinə minanın qurbanı olan igidimiz müharibədə, döyüşlərdən əvvəl çəkilən fotolarını göstərir, deyir sağlam şəkildə işimi görürdüm, Allah ermənilərin bəlasını versin, hər yeri necə gəldi minalayıblar...
Onun dediyinə görə, minanın üstünə qoyulan torpaqdan bilinirmiş ki, mina əraziyə yeni qoyulub, yoxsa köhnə: "Minanın üstündə olan plastikdən onun köhnə olub-olmadığını bilirdik. Köhnələrdə günəş plastikin üstünü saraldırdı. Amma yenə də ermənilər çox vaxt sürpriz minalar qoyurdular".
Ramin Quliyev qeyd edir ki, indi bəzi insanlar mina işarəsinə önəm vermirlər, istəyirlər gedib baxsınlar. Ancaq hər kəs bu məsələnin ciddiliyini başa düşməli və diqqətli olmalıdır: "Mühəndis işləyəndə yanımda deyirdilər ki, qorxmursanmı, minaya düşəcəksən? Deyirdim ki, boş şeydir, düşmərəm. O hissi yaşamamışdım, amma indi minanın mənə vurduğu zərəri gördüm. İstəmərəm ki, kimsə mənim çəkdiyim ağrı-acını yaşasın. Ermənilər Azərbaycana hər cür ziyan vurmağa çalışır. Adicə yerə telefon atıb, kənarına, altına mina yerləşdirə bilərlər. Ehtiyatlı olmaq lazımdır, o ərazilər minalardan təmizlənməyib. İşğaldan azad olunan ərazilərə gedərkən göstəriş xatirinə marşrutdan çıxmaq olmaz. Biz minanı tapırdıq, ora qırmızı bayraq taxırdıq ki, həmin ərazinin sağı da, solu da minadır, ora getmək olmaz".
"Çox əzab çəkdim, heç kəs yaşamasın bu acını..."
"Minaya düşüb sol ayağımı itirmişəm, sol əlim yararsızdır, iki barmağımı işlədə bilmirəm, əlimin içi qəlpə ilə doludur. Əlimin içini şotka ilə qaşıyıb qəlpələrini çıxardılar, dərim soyulub getmişdi, sonradan bərpa olundu. Çox əzab çəkdim, heç kəs yaşamasın bu acını... İki dəfə əməliyyat olunmuşam. Bir şeyi anladım ki, həyatda insandan dözümlü varlıq yoxdur, hər ağrı-acıya dözür. Kimin ağlına gələrdi ki, 44 gün döyüşlərdə oldum, heç nə olmadı, amma sonu belə oldu...", - qazimiz qeyd edir.
O, hətta özü minaya düşməmişdən əvvəl mühəndis yoldaşının həyatını xilas edib. Ramin o anları belə xatırlayır: "Piyada əleyhinə minalar bir qarış məsafə ilə basdırılırdı. Mühəndis yoldaşımla ərazini iki sıraya bölüb minalardan təmizləyirdik. O qədər həyəcan olur ki, ehtiyatı əldən buraxmamaq üçün qorxunu özündə saxlayırsan. Fikrimizi dağıtmağa çalışırdıq, qorxu olmasa, səhlənkarlıq ola bilər. Gördüm ki, mühəndis yoldaşım minaya dizini qoymaq istəyir, onu arxaya itələdim, dedim orada mina var. Onun ayağını qoymaq istədiyi yerdən mina çıxartdım. İndi mənə deyir ki, məni qurtardın, amma özün minaya düşdün. Nə biləydim ki..."
Ramin Quliyev qeyd edir ki, onu həyatda ayaqüstə saxlayan parlaq qələbəmiz və canla-başla döyüşməyimizdir: "Biz qanımız, canımız bahasına aldıq o torpaqları. Mənə müharibənin ilk günü yaralananda deyildi ki, yaralılarla birlikdə geri qayıda bilərsən, amma geri dönmədim, sona qədər gedəcəm dedim... İndi də sağ gözüm 30-40% görür. Evin tək oğluyam, anam həmişə deyirdi ki, ehtiyatlı ol, mən isə deyirdim ki, yox, qanım yol verməz ki, mən kənarda qalım. Şükürlər olsun, indi başımız uca gəzə bilirik".
"Son nəfəsini övladının qulağı eşidə-eşidə verdi..."
Qazimiz qələbəmizin canlarını sipər edən şəhidlərimizin, qəhrəman qazilərimizin, igid döyüşçülərimizin hesabına əldə olunduğunu deyir: "Özümdən asılı olmadan şəhidlərimizi görəndə ağlayırdım. Məni 5 şəhidin içərisində xəstəxanaya apardılar, deyirdim ki, mən bu oğlanlarla bir gün əvvəl bir yerdə idim, amma indi...
Orda çox pis olurduq, qəbul edə bilmirdik, yanımızda olanların geri qayıdanda şəhid olduğunu görürdük. Orada postda bir yoldaşımız şəhid olmuşdu, qulağında telefon, övladı ilə danışırdı, son nəfəsini övladının qulağı eşidə-eşidə verdi. Çox acıdır..."
Ali Baş Komandan İlham Əliyev tərəfindən "Cəsur döyüşçü" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunan Ramin Quliyev hər kəsi mina təhlükəsinin fərqinə varmağa, ehtiyatlı olmağa səsləyib.