Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Hamilə qadınlarda koronavirus körpələrə hansı təhlükələr yaradır?

 

 Həkim: “COVİD-19 testi pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə nəzarət altındadır. İnfeksiyanın yaşı az olduğu üçün ana bətnində körpələrin nə dərəcədə zədə alması və onlara infeksiyanın hansı dərəcədə təsir göstərməsi hələ tam öyrənilməyib”

Yenixeber.org: Yeni növ koronavirus infeksiyası ilə bağlı elmi tədqiqatlar, araşdırmalar hələ davam edir. Bu səbəblə, onun mümkün təsirləri və fəsadları haqqında bir sıra suallar açıq qalır. Önəmli məqamlardan biri də Covid-19-un hamilə qadınlar və onların bətnindəki körpəyə təsirləri məsələsidir. Bu mövzuda suallarımızı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı cavablandırdı.

A.Rüstəmxanlı bildirdi ki, bu il aprel ayının 1-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikası sırf koronavirus infeksiyasına yoluxmuş xəstələrə tibbi xidmət göstərir:

“Bu səbəbdən də, yeni doğulan körpələr xüsusi nəzarətimiz altındadır. Şöbəmiz ölkəmizdə infeksiyalaşmış analardan doğulmuş yeni doğulanlara xidmətlə bağlı fəaliyyət göstərən yeganə şöbədir ki, burada xüsusi protokollara riayət olunur. Koronavirus infeksiyasının yaşı az olduğu üçün ana bətnində körpələrin nə dərəcədə zədə alması və onlara infeksiyanın hansı dərəcədə mənfi təsir göstərməsi barədə məlumatlar olduqca azdır və hələ tam şəkildə öyrənilməyib. Ayrı-ayrı inkişaf etmiş ölkələrdə bu sahədə müxtəlif araşdırmalar aparılmasına baxmayaraq, onlara əsaslanıb, qəti söz demək olmaz”.

Həkim qeyd etdi ki, ana bətnində yoluxma hallarının baş verib-verməməsi ilə bağlı Çində koronaviruslu 33 hamilə qadın üzərində araşdırmalar aparılıb:

“Dölyanı sudan, göbək ciyəsi qanından, ana südündən COVİD-19 PCR testi aparılıb. Bu qadınlardan dünyaya gəlmiş 30 körpədə müayinənin nəticələri neqativ, 3-də isə pozitiv çıxıb. Üç körpənin yoluxma səbəbi araşdırılanda məlum olub ki, onlar doğum zalında hava-damcı vasitəsilə yoluxublar. Biz qısa zamanda yeni doğulmuşlarla bağlı dünyada tərtib olunan protokolları araşdırdıq və ölkəmizdə tətbiq etməyə başladıq. Körpələrdə hansı testlərin aparılması və hansı metodların tətbiqi ilə bağlı həkimlərimizi təlimatlandırdıq. COVİD-19 testi pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. Onların klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkarlanması olub. Qaydalar üzrə o körpələr karantinə alınaraq test götürülüb. Onu da qeyd edim ki, klinikamızda dünyaya gələn 12 körpənin test nəticələri bəllidir və heç birində COVİD-19 infeksiyasına yoluxma halı aşkar olunmayıb. Bu, bizim həkimlərimizin peşəkarlığından, onlara verilmiş təlimatlara düzgün əməl etmələrindən irəli gəlib. Eyni zamanda, şöbəmizdə COVİD-19 infeksiyasına yoluxmuş yeni doğulmuşlar müalicə olunaraq evə yazılıb. Bu körpələr digər klinikalardan köçürülmüşdü. Həmin müəssisələrin yeni doğulanlara nəzarət edən tibb personalında infeksiya aşkarlandığı və analarda inkar edildiyi üçün yoluxmanın tibb heyətindən hava damcı üsuluyla keçdiyi məlum olub”.

Yeni doğulanların infeksiyaya yoluxmaması üçün şöbədə müvafiq şəraitin olub-olmadığı haqda suala A.Rüstəmxanlı belə cavab verdi:

“Körpələrin sağlam dünyaya gətirilməsi üçün demək olar ki, hər şəraitimiz var. Bunun üçün müasir avadanlıqlarla təchiz olunmuşuq. Tərəfimizdən hər cür qabaqlayıcı tədbirlər görülür. Qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir. Körpə eyni zamanda doğuş zalından mümkün qədər tez xaric edilməlidir. Biz də fəaliyyətimizi sadaladığım qaydalara uyğun qurmuşuq. Bəzən körpənin tənəffüs yollarının aspirasiyası olur, ona süni tənəffüs vermək lazım gəlir. Gecikməmək üçün şöbəmizin doğum zalının yanında bütün avadanlıqlarla təchiz olunan otaqlar təşkil edilib. Körpə ana bətnindən xaric olunan kimi, nəzərdə tutulmuş otaqlara aparılır və orada onlara yüksək səviyyədə lazım olan tibbi yardımlar göstərilir”.

Həkim klinikada iki ginekoloji mərtəbənin fəaliyyət göstərdiyini söylədi:

“Altıncı mərtəbədə doğum prosesi baş verir. Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir, monitorinqi aparılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və onu 5-ci mərtəbəyə yerləşdirirlər. Həmin an körpədən COVİD-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur”.

“İnfeksiyaya yoluxmuş ana ilə körpə arasında təması necə yaradırsınız” sualına cavab olaraq Aygün Rüstəmxanlı bildirdi ki, körpənin ana ilə təması vacib şərtlərdən hesab olunduğundan, qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaratmağa çalışırlar:

“Ailəyə infeksiya və yoluxma yolları, bu infeksiyanın süd vasitəsilə keçmədiyi barədə məlumat verilir. Ananın psixoloji durumu yol verirsə və özü razıdırsa, neytral zonada qaydalara uyğun olaraq, ana ilə körpə arasında təmas yaradırıq. Maska taxmış ana uşağını qucağına alır və əmizdirir. Təmas yaratmaq istəməyən anaların körpələri isə sağılmış südlə qidalandırılır və onlarla görüntülü təmas yaradırıq. Bir sözlə, şöbəmizdə körpələrin sağlam dünyaya gəlməsi üşün hər bir şəraitimiz və peşəkar tibbi heyətimiz var”.(pressklub)

Ülviyyə Şahin

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam