Yenixeber.org: Məlum olduğu kimi, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
“TurAz Qartalı – 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hava Qüvvələrinin F-16 döyüş təyyarələri artıq Azərbaycana gəlib.
Paralel olaraq, Ermənistanda Rusiya ordusunun hərbi təlimləri başlayıb. Rusiyanın Cənub Hərbi Dairəsindən bildirilib ki, Volqoqrad və Rostov vilayətlərində, eləcə də Ermənistan ərazisində 4 mindən çox hərbi qulluqçunun iştirakı ilə təlimlərə start verilib: “Dairənin qoşunlarının batalyon-taktiki təlimləri əlavə olaraq üç regionu – Ermənistanı, Volqoqrad və Rostov vilayətlərindəki poliqonları əhatə edib”.
Ermənistandakı Alagöz dağ poliqonunda tank birləşmələri 4 km uzaqda, dağlıq ərazidə yerləşən hədəflərə atəş tapşırığını yerinə yetirirlər. Volqoqrad və Rostovdakı poliqonlarda isə müdafiə manevrləri şəraitində mühəndis birliklərinin görəcəyi işlər sınaqdan keçirilir.
Qeyd edək ki, Şimali Qafqazda – Dağıstanda, Çeçenistanda və Şimali Osetiyada, eləcə də Gürcüstanın işğal olunmuş regionları – Abxazya və Cənubi Osetiyada da Rusiya Silahlı Qüvvələrinin təlimləri keçirilir. Təlimlərə 5 mindən çox əsgər və 800-dən çox hərbi texnika cəlb olunub. Ümumilikdə Cənub Hərbi Dairəsində yay mövsümü ərzində 20-dən çox batalyon-taktiki təlimləri və 10-dan çox xüsusi təlim keçirilməsi planlaşdırılıb.
Göründüyü kimi, bölgəmizdə hərbi aktivlik ciddi şəkildə artıb. Əgər Azərbaycan və Türkiyə quru və hava qüvvələri Ermənistan sərhədləri və Dağlıq Qarabağ istiqamətində – qoşunların təmas xəttinə çox yaxın zonalarda hərbi təlimlər keçirirsə, Rusiya da öz növbəsində Azərbaycanla sərhəd xəttinin Dağıstan və Ermənistan istiqamətlərində təlimlər keçirir. Ümumilikdə Rusiyanın hərbi təlimləri Qafqazın həm şimalını, həm də cənubunu əhatə edir. Rusiya bununla nümayiş etdirir ki, Qafqaz onun həyati maraqlarının olduğu regiondur və buradan çəkilmək niyyətində deyil. Türkiyə də öz növbəsində bu coğrafiyada söz sahibi olmağa, Rusiya ilə Suriya və Liviyada girişdiyi rəqabətin arealını genişləndirərək bu ölkənin cənub-qərb sərhədlərində də öz nəfəsini hiss etdirməyə çalışır.(pressklub)
P.S. Fotoda bu gün Azərbaycana gələn Türkiyə Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarələrini görürsünüz.