Erməni lobbisi məmnundur:“Kanada Türkiyə və Azərbaycana daha silah satmır”
29 mayda (2020-ci il) “Global Affairs Canada” (GAC) təşkilatı Kanadanın Hərbi İxracı ilə əlaqədar illik hesabatını dərc edib. Hesabatdan məlum olur ki, 2019-cu il ərzində Azərbaycana Kanadadan hərbi ixraca icazə verilməyib. Bu barədə Kanadanın Erməni Milli Komitəsi (ANCC) ingilisdilli Ermənistan radiosu üzərindən məlumat yayıb.
Yenixeber.org: Xəbərdə deyilir ki, 2017-ci ildə özəl Kanada şirkətlərindən biri Azərbaycana zirehli hərbi maşınlar satıb. Artıq ikinci ildir ki, Kanada Azərbaycanı hərbi mallar ixrac etdiyi ölkələrin siyahısına daxil etmir. 2019-cu ilin oktyabr ayında Türkiyənin Suriyada həyata keçirdiyi "Barış Pınarı" əməliyyatından sonra Kanada Ankaraya hərbi ixracatı qadağan edib və bu qadağa 2020-ci ilin aprelində bir daha yenilənib.
Hesabat dərc edildikdən sonra - 4 İyun 2020-ci ildə Kanadanın Erməni Milli Komitəsi Kanadanın xarici işlər naziri Fransua-Filipp Şampana (Francois-Philippe Champagne) məktub göndərib. Onlar hökumətin qərarını yüksək qiymətləndirdiklərini bildiriblər və Kanadanı həm Türkiyə, həm də Azərbaycan ilə silah ixracından çəkinməyə çağırıblar.
Kanadanın Erməni Milli Komitəsinin həmsədrləri olan Hrag Tarakdjian və Shahen Mirakianın imza atdığı məktubda deyilir: “Türkiyə və Azərbaycan özünə yaxın bölgələrdə və hüdudlarından kənarda ciddi hərbi təhlükə yaradır. Türkiyə Yaxın Şərqdə sabitliyi pozmaqda və yerli etnik azlıqların mövcudluğunu təhdid etməkdə davam edir. Azərbaycan isə hərbi hazırlığını ciddi şəkildə artırıb və daim Ermənistan Respublikasını hücum edəcəyi ilə hədələyir, "Artsax Respublikası"nda hərbi əməliyyatlara yenidən başlaya biləcəyini bildirir”.
Kanada erməniləri ümid edirlər ki, bundan sonra da Kanada Türkiyə və Azərbaycana silah satmayacaq.
Türkiyə və Azərbaycanı ağır müharibə çinayətlərində suçlayan ermənilər vurğulayıblar ki, onlar Kanada ilə Türkiyə və Azərbaycan arasında hərbi malların ticarətini izləməyə davam edəcəklər.
Əlbəttə, Kanadanın Türkiyə və Azərbaycana silah satmaqdan imtina etməsi o qədər də böyük faciə deyil. Ən azından ona görə ki, Kanada silah bazarında deyək ki, İsrail kimi xüsusi nüfuzu olan ölkə kimi tanınmır. Ancaq bu məsələdə önəmli olan odur ki, erməni lobbisi hər yerdə Türkiyə və Azərbaycanın əleyhinə yorulmadan iş aparır və müəyyən uğurlar da qazanırlar.
Təəssüf ki, Türkiyə və Azərbaycan olaraq bir ovuc erməninin Qərb ölkələrində apardığı anti-türk kampaniyasına müvafiq qaydada cavab verə bilmirik. Bunun səbəbi nədir?
Birincisi, Türkiyə və Azərbaycan lobbisi arasında münasibətlər arzuolunan səviyyədə deyil. İkincisi, bu iş mərkəzləşmiş qaydada həyata keçirilmir.
Bu barədə dəfələrlə yazmışıq. Təəssüf ki, bu kimi problemlərin çözülməsi üçün müvafiq orqanlar lazımı addımlar atmırlar. Bu işi məhz dövlət tənzimləməli və reallıqları nəzərə alaraq prosesə yön verməlidir.(musavat)
Elbəyi Həsənli, Sürix