Əli Əliyevdən AXCP-yə ittiham
“AXCP-nin dialoqla bağlı səsləndirdiyi iddiaları yersiz və uğursuzdur”
"Xeberinfo.com": Məlumata görə, bu fikirləri azvision.az-a açıqlamasında Vətəndəş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
İqtidar-müxalifət dialoquna münasibət bildirən partiya sədri AXCP və Müsavatın iradlarının yersiz olduğunu deyib:
“Müsavat Partiyasının ötən gün yaydığı bəyanat da bunu sübut edir. İnanıram ki, yaxın gələcəkdə Müsavat Partiyası bu prosesdə iştirakçı tərəfə çevriləcək.O ki qaldı AXCP və onun timsalında Milli Şuraya, burada situasiya fərqlidir. Həmin partiya özünütəcrid xətti götürüb. Mənə elə gəlir ki, normal dialoq prosesində onlar da maraqlı olmalıdır.
Prosesin iştirakçısı olaraq onu deyə bilərəm ki, tərəflər iradə nümayiş etdirsələr, bu proses siyasi açılıma gətirib çıxara bilər. İnanmaq istəyirəm ki, parlament seçkilərindən etibarən ölkədə yeni siyasi dönəm başlayacaq. Əslində bu dialoqun özünü Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni mərhələsi hesb edirəm”.
Dialoqun iştirakçılarına yönəlik tənqidlərə gəlincə isə, Ə.Əliyev bu cür yanaşmanı özündən şübhəlilik kimi qiymətləndirib:
“Məsələn, mən hesab edirəm ki, rəhbərlik etdiyim qurum real və prinsipial müxalifətin əsas təmsilçisidir. AXCP-dən fərqli olaraq hakimiyyətlə heç bir təmasımız olmayıb. Bu baxımdan dialoqla bağlı səslənən fikirlər yersiz və uğursuzdur. Kimisə kiçiltməklə böyümək olmaz. Ən vacibi isə Azərbaycanda AXCP-nin moderatorluq etdiyi Milli Şura xarici qüvvələrin layihəsi olduğu əsaslandırılır. Azərbaycan siyasi qüvvələri kənardan yox, daxili maraqlarla idarə edilməlidirlər. Bu baxımdan başlanmış prosesi yüksək qiymətləndirirəm. Həm iqtidar, həm də müxalifət tərəfi ciddi siyasi iradə nümayiş etdirməlidirlər”.
Qeyd edək ki, bir neçə müxalifət partiyasının sədri fevralın 12-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş keçirib. Görüşdə tərəflər hər iki aydan bir toplanmağı qərarlaşdırıb. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası isə adı çəkilən görüşə qatılmamışdı və görüşün formatı, iştirakçıları, müzakirə olunan mövzularla bağlı tənqidi fikirlər səsləndirmişdilər.