KERÇ BOĞAZINDAKI TOQQUŞMA İRİMİQYASLI MÜHARİBƏYƏ KEÇƏ BİLƏRMİ? –TƏHLİL
Sara Maklaflin Mitçell
“The Washingtin Post”, ABŞ
Yenixeber.org: Dünya siyasətində dəniz mübahisələri mühüm yer tutur. Senkaku/Dyaoyuydao adaları, Spratli arxipelaqı, Paraselsk və digər kiçik adalar və riflər üzündən Çinlə ona qonşu olan ölkələr arasında 1991-ci ildən başlayan münaqişələr nəticəsində dənizdə ondan çox hərbi toqquşma baş verib.
25 noyabrda Kerç boğazında Rusiya ilə Ukrayna arasında toqquşma olması və Ukraynada məhdud hərbi vəziyyət elan edilməsi müharibə təhlükəsinin artması səbəbindən oxşar qayğı yaradır. Rusiya-Ukrayna münasibətlərinin gündəliyində bir neçə diplomatik məsələ var və bu mübahisəli məsələlərin anlaşılması gərginliyin artmasının hansı nətisələr verə biləcəyini aydınlaşdırmağa kömək edə bilər. Bizim tədqiqatımız göstərir ki, ərazi və etnik iddialarla bağlı olan dəniz mübahisələri daha yüksək müharibə riski ilə dolu olur.
Biz öz tədqiqatımızı necə apardıq?
Mən təqribən 20 il Pol Hensellə birlikdə “İddia növləri və müharibə arasında qarşılıqlı əlaqə” (İCOW) layihəsi üzərində işləmişəm. Ölkələrin diplomatik yolla həll etməyə çalışdığı quru sərhədləri, adalar, dəniz əraziləri, transsərhəd çaylar və kimlik məsələləri ilə bağlı problemləri anlamağa cəhd etmişəm.
Alimlər dövlətlərarası böhran və müharibələr şəraitində aktual diplomatik məsələləri öyrənərək, müəyyən ediblər ki, ölkələr müharibələri əsasən ərazi üzündən aparır. Ancaq biz diplomatik münaqişələrin yarandığı, lakin onların hərbiləşmədiyi halları nəzərə almırıq. Bütün sərhəd münaqişələrinin yarısından çoxu belə olur.
İCOW layihəsi çərçivəsində dinc diplomatiya yolu ilə uğurla başa çatan hallar təsbit olunur və ölkələr arasında hər hansı bir məsələ ilə əlaqədar diplomatik fikir ayrılığının ola biləcəyi mümkün durumlar üzə çıxarılır, sonra isə tarixi mənbələr və KİV-də verilən məlumatlar əsasında baş verən hadisələr qeydə alınır. Bizim məlumat bazamızda Rusiya və Ukrayna kimi ümumi quru sərhəddi, dəniz məkanı və etnik əhali qrupu olan, aralarında mübahisə yarana biləcək ölkə cütlükləri olur.
Bu yanaşmadan istifadə edərək, biz ölkə cütlükləri arasında 843 ərazi iddiası (1816-2001-ci illər), həmçinin 270 dəniz və 143 çay ərazi iddiası (1900-2001-ci illər) müəyyən etdik. İCOW layihəsinin iştirakçıları Endrü Ovsyak (Andrew Owsiak) və Krista Viqəndlə (Krista Wiegand) birlikdə həmsərhəd ölkələr arasında 1946-cı ildən bəri olan “milli” iddiaları qeydə alaraq, milli əlamət əsasında irəli sürülən iddialar haqqında da məlumatlar toplayırıq. Rusiyanın Ukraynadakı etnik ruslara münasibətə təsir etməyə cəhd göstərməsi bu kateqoriyaya aiddir.
İddialar daha çox quru ərazilərilə deyil, dəniz ərazilərilə bağlı olur
2014-cü ildə Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi bir çox səbəbdən maraqlı hadisədir. Bu, 1970-ci illərdən bəri (Helsinki Yekun Aktı imzalandıqdan sonra – tərc.) ərazi mübahisələrinin sayının azaldığı bir dövrdə ilk “uğurlu” ərazi tutmadır. Ərazi bütövlüyü haqqında olan qanunların sərtləşməsilə, ölkələr quru ərazi ələ keçirmə cəhdlərindən dəniz əraziləri və milli kimliklə bağlı iddialara keçdilər. Məsələn, Rusiya bütün etnik rusları dəstəkləmək üçün, Krım istisna olmaqla, ərazi tutma strategiyasından istifadə etmədi, öz dəstəyini Ukraynanın şərqində separatçı hərəkətlərlə məhdudlaşdırdı.
Bununla birlikdə, II Dünya Müharibəsindən sonra ölkələr arasında dəniz münaqişələrinin sayı bütün dünya üzrə artıb.
Kerç boğazında baş verən münaqişə tənzimlənməmiş dəniz mübahisələrinin ərazi və milli kimlik problemlərinin yaranma təhlükəsini necə artırdığını, həmçinin eyni zamanda bir neçə sferada mövcud olan münaqişələrin zorakılıq səviyyəsinə necə yüksəlməsini nümayiş etdirir.
Nə üçün Rusiya və Ukrayna öz dəniz sərhədlərilə bağlı fikir ayrılığına düşdü? Rusiya və Ukrayna məhz nə üçün döyüşür?
1997-ci ildə Rusiya və Ukrayna quru və dəniz sərhədlərinin demarkasiyası və Qara dəniz donanmasının gəmilərinin bölünməsi haqqında müqavilə imzaladı. Lakin Azov dənizində dəniz sərhədlərinin demilitasiyası məsələsinə görə ölkələr arasında fikir ayrılığı yarandı.
Dəniz mübahisəsi özündə bir neçə predmet üzrə fikir ayrılığını ehtiva edir. 1996-cı ildə tərəflər Azov dənizinin daxili dəniz olması ilə razılaşsalar da, onlar dəniz suverenliyi zonalarının necə bölünməsi məsələsində fikir ayrılığına düşdülər. Rusiya, mineral ehtiyatların istifadə olunması üçün sərhəddin dəniz dibi üzrə müəyyən edilməsini, su və bioloji ehtiyatların isə birgə istifadə edilməsini istəyirdi. Ukrayna, sərhəddin dəniz səthi üzrə müəyyən edilməsini, nəticədə dəniz akvatoriyasının 60%-ni almaq istəyirdi.
2003-cü ildə Rusiya Kerç boğazındakı Tuzla adası ilə Taman yarımadası arasında damba tikmək istədikdə, dəniz ərazisi ətrafında gərginlik kəskinləşdi. Tərəflər Sevastopoldakı hərbi dəniz bazasına nəzarətlə bağlı fikir ayrılığını həll etsələr də, münaqişələr 2005-ci ildə “Qazprom” Ukraynaya verdiyi qazın qiymətini, Ukrayna da buna cavab olaraq hərbi dəniz bazasının yerləşməsinə görə icarə haqqını artırdıqda daha da kəskinləşdi.
Tərəflər son 15 ildə dəniz məkanının delimitasiyası haqqında bir neçə razılaşma imzalasa da, 2018-ci ildəki toqquşma üçün zəmini mayda Kerç körpüsünün tikintisinin başa çatması, körfəzdə gəmilərə baxış keçirilməsinin aktivləşməsi və bu rayonda dəniz gəmilərinin hərəkətilə bağlı fikir ayrılığı hazırladı.
Gələcəkdə müharibə ehtimalı necədir?
Bu dəniz münaqişəsi çoxölçülü olduğu üçün, – söhbət yalnız dənizdən getmir, – xüsusilə təhlükəlidir.
Rusiya və Ukrayna bir çox diplomatik məsələ ilə bağlı mübarizə aparır. Bura Azov dənizində sərhədlərin demarkasiyası ilə bağlı iddialar (1993-cü ildən), Rusiyanın Krıma nəzarət etməsilə bağlı ərazi iddiaları (2014-cü ildən) və Ukraynada etnik ruslara münasibətə görə Rusiyanın milli əlamətə əsaslanan iddiaları (1991-ci ildən) daxildir.
İCOW layihəsi çərçivəsində aparılan tədqiqatlar göstərir ki, çoxplanlı münaqişlərin silahlı münaqişəyə keçmə ehtimalı yüksəkdir. Tərəflər Ukraynanın müstəqillik əldə etməsindən sonra quru sərhəddinin demarkasiyasını tezliklə aparsalar da, Azov dənizində və Kerç boğazında dəniz sərhədlərilə bağlı fikir ayrılığının qalması ərazi və etnik xarakterli iddiaların yaranmasına gətirib çıxarıb.
Müharibə təhlükəsi də yüksəkdir, çünki iddialar indi artıq yalnız dəniz sərhədlərilə bağlı deyil, Krımla – İCOW layihəsinin məlumat bazasında olan ən “hərbiləşdirilmiş” ərazi problemilə də bağlıdır. Sevastopolun Qara dəniz donanması üçün əhəmiyyəti bu rayonda NATO gəmilərinin fəaliyyət göstərməsi təhlükəsilə birlikdə Rusiyanın Krım ərazisinə yönəlik iddialarını gücləndirib.
Bizim məlumat bazamızda olan 270 dəniz iddiasının, ən azı, təqribən 1/3-i yalnız dəniz mübahisəsilə bağlıdır. Ərazi mənsubiyyətilə də bağlı mübahisə olan hallarda (məsələn, Folklend və ya Senkaku/Dyaoyuydao adaları) gücdən istifadə təhlükəsi yüksəkdir.
2005 və 2008-ci illərdə hərbi gücdən istifadə ilə olan münaqişələr Rusiyanın Krımı tutması və Kerç boğazı üzərində körpü tikməsi üçün fon yaradıb, bu da Ukrayna Hərbi Dəniz Qüvvələrinin imkanlarına mənfi təsir edib. Həlli hərbi münaqişlərədək gətirib çıxaran nəzərəçarpan diplomatik problemlər daha yüksək müharibə riskiylə bağlıdır.
Bəzi amillər, o cümlədən hərbi planda Rusiyanın Ukraynadan üstün olması və NATO və AB ölkələrinin Ukraynaya sözlü dəstək verməsi dinc tənzimləməyə sövq edə bilər. Ancaq İCOW layihəsi çərçivəsində aparılan tədqiqatlara əsasən, bu regionda münaqişənin müharibəyə keçmə riski yüksək olaraq qalır. Apardığımız iş göstərir ki, dəniz iddiaları quru ərazi iddiaları və tarixi hərbiləşdirmə nümunələrilə bağlı olursa, onlar təhlükəsizlik planında əlverişsiz vəziyyətlərlə dolu olurlar. Tərcümə Strateq.az-ındır