Zurabişvili proqnozu doğrulan politoloq danışdı:Nələr olacaq?
Bu seçkilərdə Zurabişvilinin qələbə çalacağına şübhəm yox idi.
Yenixeber.org: Bu sözləri saytımıza Gürcüstanda prezident seçkilərinin nəticələri və Salome Zurabişvilinin qələbəsinin Gürcüstan siyasi sisteminə təsirləri ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib.
“Onun arxasında təkcə hakimiyyət deyil, eyni zamanda, başqa amillər də durur. Hazırda Gürcüstan siyasi sistemi keçid dövrünü yaşayır. 2012-ci ildən başlayan bu keçid dövrü gələn on illiyin əvvəllərində bitəcək. Belə ki, Gürcüstan prezidenti gələcəkdə parlament tərəfindən seçiləcək. Məhz buna görə də müxalifət əməlli-başlı səfərbər olmuşdu. Əlbəttə ki, gürcü hakimiyyəti belə yüksək səviyyəli səfərbərliyə seyrci qalmayacaqdı. Düzdür, hakimiyyət ilk turda öz uğuruna çox arxalanırdı. Çünki son illər ərzində müxalifət həm parlament, həm də yerli seçkiləri uduzub. Digər tərəfdən, Zurabişvili də kifayət qədər tanınmış bir ictimai xadim idi. Ona görə də indiki hakimiyyət müxalifətin prezident seçkilərini də uduzacağına arxayın idi. Ancaq sonrakı proseslər müxalifətin gücsüz olmadığını göstərdi. Hətta Tiflis meri Kaxa Kaladze də bundan sonra hökuməti əməli tədbirlər görməyə çağırdı. Bütün inzibati resursların, indiki iqtidarın elektoratının səfərbər olması, eyni zamanda, Vaşadzenin arxasında Saakaşvilinin rolunun aktivləşməsi iqtidar üçün bir siqnal oldu. Gürcüstan cəmiyyətində keçmişlə bağlı fikirlər birmənalı deyil. Gürcülər Saakaşvili dönəmindəki daxili siyasi problemləri yaşamamaq üçün məhz Zurabişvilini dəstəklədilər”.
Politoloq Zurabişvilidən sonra da Gürcüstanda siyasi vəziyyətin dəyişməyəcəyini bildirib:
“Qarşıdan parlament seçkiləri olacaq. Müxalifət indiki məğlubiyyətin əvəzini məhz bu seçkilərdə çıxmağa çalışacaq. Təbii ki, burada Zurabişvilinin rolu böyük olacaq. Prezident daxili siyasi proseslərdə tənzimləyici rol oynayır. Keçmiş prezident Georgi Marqvelaşvili daha çox müxalif mövqedən çıxış edirdi. Ancaq Zurabişvili hakimiyyətə dəstək verəcək və nəticədə daxili siyasi proseslərdə iqtidarın inzibati amili güclənəcək”.
Salome Zurabişvilinin qələbəsinin Gürcüstan siyasi sisteminin qurulmasına təsirinə gəlincə, ekspert hər şeyin baş nazir və prezident əlaqələrindən asılı olacağını bildirib:
“Gürcüstan siyasi sistemində son illər İvanişvili faktoru əsas rol oynayıb. Bidzina olmasayadı, Gürcüstan hakimiyyəti məğlub olacaqdı. O, açıq siyasətçi olmasa da, kölgədən fəaliyyət göstərir. İvanişvili yaxın 10 ildə Gürcüstan siyasi səhnəsində olacaq. Ona görə də Gürcüstanın siyasi sistemi açar vəzifələr tutan siyasətçilər arasındakı gələcək münasibətlərdən daha çox asılı olacaq”.
Qeyd edək ki, ötən gün Gürcüstanda prezident seçkisinin ikinci turu keçirilib. Vaşadze 40,48%, Zurabişvili isə 59,52% səs toplayıb.
Xatırladaq ki, bir çox siyasətçidən fərqli olaraq, politoloq İlqar Vəlizadə Gürcüstanda prezident seçkisinin ilk turunun nəticələri ilə bağlı saytımıza açıqlamasında Zurabişvilinin ikinci turda Vaşadzeyə qalib gələcəyini bildirmişdi.(axar.az)