“Ermənistanda demoqrafik vəziyyət acınacaqlı durumdadır. Bu ölkədəki demoqrafik vəziyyətə nəzər salsaq görərik ki, Cənubi Qafqaz ölkələri içərisində Ermənistan ən az əhaliyə malik ölkədir”.
Yenixeber.org: Bu barədə açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.
Politoloq qeyd edib ki, Ermənistanda mövcud olan və gündən-günə daha da ağırlaşan problemlər demoqrafik duruma mənfi təsir göstərir.
“Ermənilər 100 il əvvəl işğal yolu ilə əldə etdikləri torpaqları artıq tərk edib başqa ölkələrə gedirlər. Bunun əsas səbəbi ölkədə hökm sürən sosial-iqtisadi problemlər, dövlət səviyyəsinə yüksəlmiş korrupsiya və özbaşınalıqlardır. Ermənistan Milli Statistika Xidmətinin 2018-ci il oktyabrın 1-nə olan məlumatına görə, Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 969,2 min nəfərdir. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 10 min 400 nəfər azdır. 2018-ci ilin 9 ayında əhalinin sayının 3 min 500 nəfər azaldığı vurğulanır. 7 min 400 min nəfərlik təbii artım müqabilində ölkədən 10 min 900 nəfər köçüb. Milli Statistika Xidmətinin məlumatında 2018-ci ilin 9 ayında doğum sayının 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz, ölüm hallarının 6,4 faiz azaldığı qeyd olunur. Qeyd edim ki, BMT-nin “Dünya əhalisinin perspektivləri-2017” illik hesabatında qeyd olunubdur ki, 21-ci əsrdə Ermənistanın daimi əhalisinin sayı 1 milyon 300 min azalacaq və 1 milyon 700 min nəfərə çatacaq. Bütün bunlar onu göstərir ki, demoqrafik böhrana təsir edən əsas faktorlar sırasına doğum və ölüm səviyyəsi, evlilik və boşanma nisbəti, miqrasiya dərəcəsi, təbii fəlakətlər, ölkədəki sosial-iqtisadi problemlər daxildir. Hazırda miqrasiya Ermənistanın ən ağrılı problemidir. Ölkəni tərk edənlər arasında gənclərin üstünlük təşkil etməsi isə təsadüfi deyil. Bu problemlərlə yanaşı, onları narahat edən əsas məsələ ölkənin müharibə şəraitində olmasıdır. Onlar özlərinə aid olmayan torpaqlar uğrunda canlarından keçmək istəmirlər. Bundan əlavə, miqrasiya edən əhalinin çox hissəsi ali təhsilli, iş qabiliyyəti olan insanlardır. Demoqrafik vəziyyətdə təhlükənin əsas göstəricilərindən biri məktəblərdə və universitetlərdə tələbələrin sayının ildən-ilə azalmasıdır. Ölkəni tərk edənlərin təxminən 30 faizi universitet məzunu, 49 faizi orta məktəb məzunudur. Sadəcə olaraq 21 faizi təhsilsizdir. Rəsmi məlumatlara görə, 2008-ci ildən bəri, yəni Serj Sarkisyanın hakimiyyəti dövründən bu vaxta qədər 350 mindən çox erməni ölkəni tərk edibdir. Ümumən son 20 ildə ölkəni tərk edənlərin sayı 500 min nəfərə yaxındır. Bu, birbaşa hakimiyyət orqanları tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Ermənistanda cəmiyyətin pessimist əhval-ruhiyyəsinin əsas səbəbi bir neçə ailənin əlində olan monopoliya, korrupsiya, ölkədə mövcud olan qanunsuzluqlar, demokratik dəyərlərin və insan hüquqlarının pozulması, işsizlik və yoxsulluq hallarıdir ki, bu da əhalinin başqa ölkələrə getməsinə səbəb olan amillərdir”, - deyə o diqqətə çatdırıb.
E.Aşırlı əlavə edib ki, hazırda Ermənistanda hər 4 nəfərdən biri xaricdə yaşamağa məcbur olub: “Son illər paytaxt İrəvanda bir çox ticarət mərkəzləri bağlanıb. Ölkənin demoqrafik göstəriciləri çox aşağıdır. Ermənistanda hakimiyyət dəyişikliyi olsa da sosial-iqtisadi göstəricilər hələ də bərbad durumdadır. Fikrimcə, vəziyyətin bu şəkildə davam etməsi onsuz da siyasi, iqtisadi və hərbi cəhətdən iflic vəziyyətində olan Ermənistan üçün ağır nəticələnə bilər. Çünki, gələcəkdə ölkədə işləməyə, xidmət etməyə vətəndaş tapılmayacaq”.