Erməni Tetrisi:Britaniya vətəndaşı Ermənistan prezidenti oldu - VİDEO - FOTO
Bu gün Ermənistanda prezident seçkiləri keçirilir. Ölkə tarixində ilk dəfə olaraq dövlət başçısı ümumxalq seçkisi ilə yox, parlamentdəki səsvermə ilə seçilib
Yenixeber.org: Ermənistan prezidenti gizli səsvermə ilə seçilib.
Bu "seçki"lərə tragikomizm elementi qatan məqam isə seçkilərə namizədlərin yox, namizədin "qatılması" idi.
Həmin namizəd Ermənistanın Britaniyadakı səfiri, 65 yaşlı Armen Sarkisyan idi.
A.Sarkisyan ölkənin indiki dövlət başçısı Serj Sarkisyanın kreaturası olduğundan və iqtidardakı Ermənistan Respublika Partiyası tərəfindən irəli sürüldüyündən, habelə ölkənin aparıcı partiyaları tərəfindən dəstəkləndiyindən onun seçiləcəyi zərrə qədər şübhə doğurmurdu.
1996-cı ilin noyabrın 8-dən 1997-ci ilin fevralın 28-dək Ermənistanın baş naziri olmuş Aram Vardanoviç Sarkisyanın Britaniya vətəndaşı olması da "erməni seçkisi"nin məqamlarından biridir.
Ölkə Konstitusiyasına edilən dəyişikliklər və əlavələrdən sonra yeni qaydalar əsasında keçirilən "seçki"lər Serj Sarkisyanın başladığı "Konstitusiya islahatları"na son qoyacaq və Ermənistan prezident respublikasından parlament üsul-idarəli ölkəyə çevriləcək.
Real hakimiyyət yeni "seçilən" Aram Sarkisyanda yox, baş nazir olacaq Serj Sarkisyanda olacaq.
Konstitusiyaya edilən dəyişikliklərə görə, prezident səlahiyyətlərinin müddəti 5 ildən 7 ilədək artırılıb. Bu vəzifəni, sadəcə, bir dəfə icra etmək olar.
Aram Sarkisyan Ermənistan dövlət müstəqilliyi qazanandan bəri ölkənin 4-cü prezidenti oldu.
Britaniya vətəndaşı "Tetris" Sarkisyan
64 yaşlı Aram Vardanoviç Sarkisyan artıq 20 ildir ki, Ermənistanda yaşamır.
Onu özü belə deyib: "Mən qayıtmaq üçün getməmişdim". Əslinə baxanda, zahirən hər şey normal təsir bağışlaya bilər.
Səfirlik binası səfirin təmsil etdiyi ölkənin ərazisi sayılır. Yəni Aram Sarkisyan da Ermənistan səfiri olduğundan, Ermənistan vətəndaşı sayılır.
Amma, sadəcə, ilk baxışdan, kağız üzərində.
2002-ci ildə Britaniyanın Uels bölgəsində 4/451/865 saylı qeydiyyat sənədi ilə rəsmi qeydiyyata alınmış Eurasia House International" fondunun təsisçisi və baş direktoru olan Aram Vardanoviç Sarkisyan Britaniya DİN-dəki sənədlərə görə, 2014-cü ilədək Britaniya vətəndaşı olub.
Halbuki, Ermənistanın mövcud qanunvericiliyinə görə, dövlət başçısı postuna iddialı və ya namizəd şəxs son 6 ildə yalnız Ermənistan ərazisində yaşamalıdır.
"Eurasia House International" fondunun özü 2015-ci ilədək fəaliyyət göstərib və bütün sənədləri məhz Aram Sarkisyan imzalayıb.
2011-1014-cü illərdə onun bütün sənədlərində yaşayış yeri kimi Britaniya, "vətəndaşlıq" qrafasında isə "Britaniya vətəndaşı" göstərilib.
Beləliklə, 2015-ci ilədək Ermənistan və Britaniya vətəndaşı olan Aram Sarkisyan elə Ermənistan qanunlarına görə, heç bir halda (!) ölkə prezidenti seçilməməli idi.
Amma Ermənistanda prezident Serj Sarkisyan istəyəndən sonra qanunların tələbləri unudulur. Daha doğrusu, zərurət duyanda İrəvandakı hakimiyyət qanunlara tüpürmək belə, istəmir.
"Çıxış" müxalif blokudan olan deputat, müxalifətdən prezidentliyə namizəd sayılan Artak Zeynalyan parlamentdə çıxış edərək Aram Sarkisyanın Britaniya vətəndaşı olub-olmadığını soruşub.
Ermənistanın yeni "prezident"inin cavabı çox maraqlı olub: "2000-ci ildə Ermənistanın Britaniyadakı səfiri təyin olunanda daimi yaşam izni və vətəndaşlıq almaq üçün Londonda rəsmi qurumlara müraciət etdim. O zaman yüksək dövlət vəzifələri barədə düşünmürdüm. Hesab edirdim ki, həyatım tam başqa məcrada keçəcək. İki il sonra, 2002-ci ildə Britaniya vətəndaşlığı aldım. Lakin bütün bu illər ərzində özümü Ermənistan vətəndaşı saymışam. O ki qaldı ikiqat vətəndaşlıq məsələsinə, indi belə vətəndaşlıqdan imtina mexanizmi yoxdur. İndi Ermənistanın bir çox vətəndaşı ikili vətəndaşlığa malikdir. Lakin mən 2011-ci ilin dekabrından bəri, sadəcə, Ermənistan vətəndaşıyam. Britaniya qanunvericiliyi mahiyyət etibarilə presedentlidir və mənim kimi ikili vətəndaşlığı olanlar çoxdur. Bir daha təkrar edirəm: 2011-ci ilin dekabrın 2-dən bəri, Ermənistan Konstitusiyanın dəyişəcəyini və burada prezidentliyə namizəd qismində dayanacağını ağlıma belə, gətirmədiyim vaxtdan bəri yalnız Ermənistan vətəndaşıyam".
Fəqət, dünyaca məşhur "Tetris" oyununun satışı ilə məşğul olan "Tetris-Wordtris" şirkətinin yaradıcılarndan olan Aram Sarkisyan romantik, bəlağətli çıxışına rəğmən, hazırda Britaniya vətəndaşı olmaması barədə sənəd təqdim edə bilməyib.
Rəsmi sənədlərə görə, onun İrəvanda 3 malikanəsi və 2 mənzili, habelə 5,7 milyon avroluq varidatı var.