Abbas Abbasova hücum başladı
«Vaxtilə Abbas Abbasov öz kreslosunu tutub orada əyləşib və özünü elə aparıb ki...»
“Abbas Abbasovun həmin açıqlaması və SSRİ-nin bərpası ilə bağlı xoş fikirlər söyləməsi siyasi baxımdan düzgün olmayan və səhv açıqlamadır. Bu cür fikirlər Azərbaycanın uzun müddət baş nazirinin birinci müavini olmuş və ”Istiqlal" ordeni almış şəxsə yaraşmayan açıqlamadır".
"Xeberinfo.com": Bu sözləri publika.az-a müsahibəsində Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev bildirib. O, Abbas Abbasovun SSRI barədə xoş fikirlərinə münasibət bildirərkən belə deyib. Qafar Əliyev daha sonra bildirib:
“Bu cür açıqlamalar adətən sıradan biri olan adamlara məxsus olur. Siyasətçi açıqlaması belə olmur...
...Çox təəssüf ki, müstəqil Azərbaycan dövlətinin uzun illər baş nazirinin birinci müavini vəzifəsində çalışmış Abbas Abbasovun verdiyi bu açıqlama onun bu vəzifədə işlədiyi dövrdə düzgün olmayan kadr olduğunu göstərir. Onun bu açıqlaması Abbas Abbasovun necə baş nazirinin birinci müavini olması və nəzarət etdiyi sahələri göstərir. Bir adam ki, hələ də SSRI xülyası ilə yaşayırsa, o Azərbaycan hökumətində normal vəzifə yürüdü bilməzdi. Əgər Abbas Abbasovun bu dərəcədə SSRI-yə məhəbbəti vardısa, o zaman o müstəqil Azərbaycanda kolxoz və sovxozların ləğv olunması və digər bu kimi islahatlara necə dəstək verə bilərdi? Necə bu proseslərdə fəal iştirak edə bilərdi? Sadəcə olaraq, vaxtilə Abbas Abbasov öz kreslosunu tutub orada əyləşib və özünü elə aparıb ki, guya o da bu islahatları müsbət qiymətləndirir və sairə. Bəlkə də Abbas Abbasov bu islahatların tam mahiyyəti üzrə aparılmasına mane olub. Bir daha qeyd edirəm ki, Abbas Abbasovun bu açıqlaması onun siyasətçi və keçmişdə baş nazirinin birinci müavini kimi fəaliyyətini şübhə altına alır".
Bu arada Azərbaycanın Rusiyadakı diasporunun təmsilçisi Ramiz Mikayılov Abbas Abbasovun açıqlamalarına münasibət bildirib. “Olaylar”ın yaydığı məlumata görə, Ramiz Mikayılov qeyd edib ki, Abbas Abbasov Rusiyada ciddi fiqur kimi tanınmır. Diaspor təmsilçisinin sözlərinə görə, o, federasiyada siyasətçi kimi yox, kommersant kimi tanınır: “Abbas Abbasov bu tip açıqlamalar verməklə gündəmdə qalmaq istəyir. Eyni zamanda o, Azərbaycanda vəzifə qazanmaq arzusundadır. O ancaq vəzifəyə gəlmək üçün müxtəlif gedişlər edir. Onun fikirlərinə o qədər də ciddi yanaşmaq lazım deyil. Abbas Abbasovun rəhbərlik etdiyi ”AzerRos"u o yox, mən təsis etmişəm".
Qeyd edək ki, Milyarderlər Ittifaqı yaranandan sonra Abbas Abbasovla Azərbaycan hakimiyyəti arasında münasibətlər gərginləşib və baş nazirin keçmiş birinci müavininə qarşı kampaniya başlayıb. Abbas Abbasov dəfələrlə Ilham Əliyevin şəninə təriflər söyləyib münasibətləri normallaşdırmağa çalışsa da, mümkün olmayıb. Onun sonuncu açıqlaması ilə hakimiyyətin əlinə fürsət verdiyini və təzyiqlərin daha da artacağı barədə məlumat vermişdik. Artıq iqtidarın rəsmi təmsilçisi tərəfindən Abbas Abbasovun sərt tənqid edilməsi göstərir ki, hakimiiyyət heç bir halda baş nazirin keçmiş birinci müavinini əfv etmək niyyətində deyil.