Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NİDA-çıların məhkəməsində qalmqal

 

 

       "xeberinfo.com": NİDA Vətəndaş Hərəkatının 8 üzvünün Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün növbəti prosesi keçirildi. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən proses hal şahidlərinin dindirilməsi ilə davam etdi.

 

““NİDA”nın qapalı iclas keçirməsi ilə bağlı yanlış rəy formalaşdırılır”

 

Şahid Üzeyir Babayev müdafiəçilərin suallarını cavablandırdı. Vəkil Xalid Bağırov ondan hazırda NİDA-nın üzvü olub-olmadığını soruşdu. O, bildirdi ki, keçən ilə qədər təşkilatın üzvü olub.

X.Bağırov: 2013-cü ilin fevralın 28-də harda olmusuz?

Ü.Babayev: Xatırlamıram.

X.Bağırov:

“Venetsiya” kafesində görüşmüsüz?

Ü.Babayev: Olmamışam.

X.Bağırov: “Venetsiya” kafesində NİDA-nın tədbirləri olubmu? Ü.Babayev: Mən NİDA-nın İdarə Heyətində olmadığım üçün bilmirəm.

Vəkil Elton Quliyev isə şahidə NİDA-nın qapalı toplantıları ilə bağlı sual verdi. Üzeyir Babayev dedi ki, qapalı toplantı NİDA-nın üzvləri arasında olurdu.

E.Quliyev: Bu toplantılar harda keçirilirdi?

Ü.Babayev: Bir-iki dəfə AFU-da keçirildi. Amma sonra AFU bağlandığı üçün bu tədbirlər VHP-də keçirilirdi.

E.Quliyev: Anar Abbasov adlı NİDA üzvü olubmu?

Ü.Babayev: Mən üzvlərin əksəriyyətini virtual tanımışam. Digərlərini isə həyatda tanımışam. Amma üzvlərimiz arasında Anar Abbasov adlı şəxs olmayıb.

Vəkil Nemət Kərimli isə şahiddən Şahin Novruzlunu tanıyıb-tanımadığını soruşdu. Üzeyir Babayev isə onu tanımadığını dedi. Vəkil həmçinin ondan NİDA-nın tədbirlərinin Ş.Novruzlu tərəfindən maliyyələşdirilməsi ilə bağlı sual verdi. Şahid isə “bu barədə eşitməmişəm, bilmirəm” deyə cavab verdi.

Üzeyir Babayevdən NİDA-nın üzvlüyündən niyə çıxdığını soruşdu. Şahid cavabında bildirdi ki, təşkilatın tədbirlərində iştirak etməyə vaxtı olmadığı üçün belə qərar verib.

Təqsirləndirilən şəxslərdən biri isə “daha siyasətə qarışmır” deyə replika verdi.

Rəşadət Axundov isə “Rəşad Həsənovun Misir və digər ərəb ölkələrindəki kimi Azərbaycanda da Molotov kokteylindən istifadə etməklə bağlı söhbətlərini, AXCP və Müsavatın da bizə qoşulacağı ilə bağlı söhbətlərini eşitmisənmi” sualına cavabda isə şahid “xeyr, eşitməmişəm” dedi. R.Axundov “onun dinc mübarizə metodları artıq tükənib” kimi sözlərini eşitmisizmi” sualını da Ü.Babayev “yox, eşitməmişəm” deyə cavablandırdı.

Daha sonra Rəşad Həsənov ondan nə zamansa zorakılıq xarakterli çıxışlar eşidib-eşitmədiyini soruşdu. Ü.Babayev “eşitməmişəm” cavabını verdi. Prokuror şahiddən NİDA-nın sıralarını gənclərin həbsindən əvvəl, ya sonra tərk etdiyini soruşduqda, o, “Həbsdən sonra çıxmışam. Bir yerdə olanda gərək ya fəal olasan. Bu gənclər indi təşkilatda yoxdu, ona görə çıxmışam. Onlar qayıdan kimi mən də qayıdacam”, - deyə cavablandırdı.

Bu yerdə R.Axundov “NİDA”nın tədbirləri ilə bağlı arayış verdi. Dedi ki, məhkəmədəki ifadələrdə “NİDA”nın qapalı iclas keçirməsi ilə bağlı yanlış rəy formalaşdırılır: “Qapalı iclas sözünü elə yazırlar ki, mistik əhval-ruhiyyə verirlər. Guya biz Mason təşkilatı olmuşuq, qapalı toplantı keçirmişik. Qapalı o deməkdir ki, “NİDA”nın üzvü olmayanlar iştirak edə bilməzdi”.

 

“Mən belə sarsaq sual vermərəm”

 

Məhkəmədə Məmməd Əzizovun evində axtarışda iştirak edən hal şahidi Namiq İsmayılov sualları cavablandırdı. Elton Quliyev ondan harda yaşayıb, işlədiyini soruşdu. Şahid Binəqədi rayonunda, Mənzil İstismar Sahəsində sahə nəzarətçisi işlədiyini, Bayılda yaşadığını dedi. Şahid bildirdi ki, işdən çıxıb dayanacaqda dayananda iki nəfər ona yaxınlaşaraq özünü MTN əməkdaşı kimi təqdim edərək, hal şahidi kimi tədbirdə iştirakı təklif edib: “Mən də bir vətəndaş kimi gedim görüm nədir. MTN əməkdaşları ilə gəldik Məmmədgilin evinə”.

E.Quliyevin suallarını cavablandırarkən ziddiyyətlər ortaya çıxdı. Şahid bildirdi ki, evə girərkən M.Əzizov evdə olub.

E.Quliyev: Evə girməmişdən əvvəl olanları təsvir elə.

N.İsmayılov: Evə girməzdən əvvəl oğlana dedilər ki, qapını aç. O da açdı.

E.Quliyev: Siz həmin vaxt hardaydız?

N.İsmayılov: Blokun ağzında dayanmışdım.

E.Quliyev: Oğlan bayırdan təkmi gəldi?

N.İsmayılov: Yəqin ki, tək gəldi. Oğlan çatanda mən blokdan aralı durmuşdum. O qapıya çatanda çəkiliş kamerasını işə saldılar. Oğlana dedilər ki, axtarış aparmağa gəlmişik, o da etiraz etmədi. Məndən başqa bir sadə vətəndaş da var idi.

E.Quliyev: Axtarışı Sizinlə gələnlərin hamısımı aparırdı?

N.İsmayılov: Bəli, biri döşəkləri, o biri şkafları axtarırdı. Sonra keçdik o biri otağa. Nə çıxırdısa, onu da yazırdılar. Mətbəxi, hamamı, tualeti, dəhlizi, hər yeri axtarırdılar.

E.Quliyev: Birinci otaqdan nə çıxdı?

N.İsmayılov: Ağ parçadan üzərində NİDA yazılmış bayraq, kitablar götürüldü. Digər otaqdan isə disklər götürüldü. Sonra çıxdıq dəhlizə. Orda ayaqqabı şkafının içərisindən qara sellofana bükülmüş narkotik maddə çıxdı. Plakatı tapanda Məmməd dedi ki, plakat da mənimdi, yazılar da. Amma o biri narkotik deyil, amma mənimdir. Bizə dedilər ki, siz kənarda durub sadəcə baxın.

Zaldan isə şahidə “neçəyə satılmısan” deyə replika verildi. Məhəmməd Əzizov E.Quliyevin sualına cavabda dedi ki, hal şahidini xatırlayır: “Girdik içəri. Dedilər ki, hal şahididir. Məni şəhərdə tutmuşdular”. Vəkil M.Əzizovdan evə nə ilə gəldiyini soruşdu. Təqsirləndirilən şəxs isə dedi ki, evə MTN əməkdaşları ilə, CİP markalı maşınla gəlib. Cavabdan sonra E.Quliyev yenidən şahidə müraciət etdi: “Eşidirsən bu oğlan nə deyir? Onu zorla tutub gətiriblər”.

Bu yerdə E.Quliyevlə hakim C.Hüseynov arasında gərginlik yarandı.

Hakim: Elton müəllim, təkrar suallar vermək lazım deyil. Siz bununla bizə nəyisə başa salmaq istəyirsiz?

E.Quliyev: Axtarış prosesində neçə nəfərin olduğunu dəqiqləşdirmək istəyirəm.

Hakim: O zaman sualı belə qoyun ki, onun tutulub gətirilməsini görmüsən ya yox.

E.Quliyev: Mən belə sarsaq sual vermərəm.

Vəkil hakimə etiraz edərək qeyd etdi ki, prosesi o uzadır: “Mənim dindirməm 5 dəqiqə çəkir. Sizin müdaxiləniz isə 15 dəqiqə davam edir. Prosesi siz uzadırsız”.

Hakim: Mənim müdaxilə etmək hüququm var. Burda bazar açmayın. E.Quliyev: Sizin müdaxiləniz bazara oxşayır.

Hakim: Əl-qolla danışmayın, suallarınızı verin prosessual qaydada. Buyurun, davam edin.

E.Quliyev: Davamı yoxdur.

 

Hal şahidi polisdə yaşayır?

 

Proses daha sonra təqsirləndirilən gənclərlə şahid arasında yaşanan gərginliklə müşayiət olundu. Gənclərdən biri yalan ifadə verdiyi üçün şahidi “üzəduran” adlandırdı. Hakim müdaxilə edərək “hər kəsin şəxsiyyəti var, heç kimi təhqir etmək olmaz” dedi. R.Axundov isə “bu şahidin şəxsiyyəti yoxdur” deyə cavab verdi. Bu yerdə şahid üzünü R.Axundova tutaraq “sənin şəxsiyyətin olsaydı, burda oturmazdın” dedi. Şahidin bu ifadəsi gənclərin hiddətinə səbəb oldu və zalda qarışıqlıq yarandı. R.Axundov ona “Sən köləsən, mən isə azadam. Məmməd Əzizovun sayəsində sən tarixə şərəfsiz, üzəduran kimi düşəcəksən”.

Zalda qarşıqlığı görən hakim tərəflərə xəbərdarlıq etdi.

M.Əzizov şahidin məhkəmədə yalan danışdığını bildirdi: “Gözünün içinə kimi yalan deyir. Orda 4 dənə rəf var idi. Narkotiki göstərib soruşdular ki, bu sənindir? Mən də dedim, bu nədir, keşnişdir? Onlar da dedilər, sənə başa salacağıq nədir. Bildirdim ki, bu mənzilə təzə köçmüşəm, bəlkə ev sahibinindir”.

Hakim şahiddən MTN əməkdaşlarında möhür olub-olmadığını soruşdu. Şahid bildirdi ki, əllərində möhürlü kağızlar var idi.

Daha sonra hal şahidi Elman Bağırov M.Əzizovun evindəki axtarışla bağlı sualları cavablandırdı.

E.Quliyev öncə şahidin yaşayış yerini dəqiqləşdirmək istədi. Şahid ünvan olaraq Azadlıq prospekti ev 60 ünvanını dedi. E.Quliyev isə bildirdi ki, şahidin göstərdiyi ünvan polisə məxsusdur:

E.Quliyev: Sən polisdə yaşayırsan?

E.Bağırov: Yox, Binəqədidə yaşayıram

Şahid də M.Əzizovun evində disk və şüarlar olduğunu bildirdi. E.Quliyev axtarışda iştirak edən digər hal şahidini tanıyıb-tanımadığını soruşdu. Şahid isə “yox, o 92-də (MİS-i nəzərdə tutur) işləyir, mən 95-də”.

Növbəti şahid Fəhmin Məmmədov vəkil Xalid Bağırovun suallarını cavablandıranda dedi ki, R.Həsənovun evində benzin iyi gələn əski tapıblar. “Amma mən iyləmədim. Ev sahibi olan xanım dedi ki, bizdə belə şey olmayıb. Bunlar hamısı qablaşdırılıb möhürləndi. Biz də imzaladıq”.

X.Bağırov: “Əvvəl harda axtarış aparıldı?

F.Məmmədov: Əvvəl zalda axtarış aparıldı və televizor altından disklər götürüldü.

X.Bağırov: Daha sonra harada axtarış aparıldı?

F.Məmmədov: Daha sonra uşaq otağında axtarış aparıldı, orada rəngarəng şariklər götürüldü.

X.Bağırov: O şarikləri təsvir edə bilərsinizmi?

F.Məmmədov: Yumru şariklər idi.

X.Bağırov: Tenis topuydumu? Masaüstü tenis topu.

F.Məmmədov: Tenis topu olduğunu deyə bilmərəm.

X.Bağırov: Əvvəllər siz belə şarlar görmüsünüzmü?

F.Məmmədov: Xeyr. Əvvəllər belə şariklər gördüyümü xatırlamıram.

Hakim Rəşad Həsənovun evində aparılmış axtarışın protokolunu elan etdi və məlum oldu ki, mətbəxdən digər əşyalarla birlikdə şarlar aşkar olunub. Vəkil bununla bağlı şahidə yenidən sual verdi.

X.Bağırov: Siz protokolu dinlədiniz və bayaqdan burda ifadə verirdiniz. Burada verdiyiniz ifadələri təsdiq edirsinizmi?

F.Məmmədov: Məhkəmədə verdiyim ifadələri təsdiq edirəm. Lakin uzun müddət keçdiyi üçün indi xatırlamaya bilərəm. Protokol elan olunandan sonra yadıma düşdü ki şariklər uşaq otağından yox mətbəxdən aşkar olunub.

X.Bağırov: Siz tapılmış şarları bir daha təsvir edə bilərsinizmi? Rəngarənq şarik dediyiniz əşyalar üfürülən şarlardırmı?

F.Məmmədov: Xeyr. Bu sadəcə yumru olan şariklərdi.

Proses martın 14-də davam etdiriləcək.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam