ERMƏNİSTAN NİYƏ SÜRƏTLƏ SİLAHLANIR? –“Paşinyan bu dəfə onlayn yox, canlı olaraq təslimçi sazişə imza atmalı olacaq”
“Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdidlərdən biridir. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir”.
Yenixeber.org: Bunu politoloq Zaur İbrahimli deyib. “2025-ci il üçün Ermənistanın hərbi xərclərinin 1.7 mlrd dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5% həcmindədir”, - o əlavə edib.
Ekspertin sözlərinə görə, təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur: “2024-cü il iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. Belə ki, İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək nə az-nə çox, 200 milyon avro xərcləyib. Fransanın Ermənistanla gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığını nəzərə alsaq, iki ölkə arasında silahların alınması ilə bağlı müqavilələrin 400 milyon avrodan artıq olacağını söyləyə bilərik”.
Z.İbrahimli xatırladır ki, artıq Ermənistan 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. “Hələ İrandan gizli silahlanma ilə bağlı məlumatlar da var”, - o qeyd edib.
Politoloq hesab edir ki, Ermənistan, sanki sülhə yox, yeni müharibəyə hazırlaşır, intensiv şəkildə fortifikasiya qurğuları, hərbi təchizatı genişləndirir, xarici ölkələrlə birgə təlimlər təşkil edir: “Ermənistanın bu siyasəti bilavasitə revanşa hazırlaşmaqdı, sadəcə bu revanşist siyasət sülh çağırışları ilə pərdələnir. Fransanın himayəsi ilə sürətli silahlanma Ermənistanın region ölkələri üçün təhdid mənbəyi olaraq qalmasına hesablanıb və İrəvandan xarici maraqların icraçısı statusunda istifadə edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də Azərbaycan TV-lərinə müsahibəsində açıq şəkildə bəyan etdi ki, Ermənistanın sürətlə silahlanması hazırda sülhə ən böyük əngəldir. Bu silahlanma siyasəti sülh gündəliyinə ziddir və daha çox xarici ölkələrin maraqlarına hesablanıb. Buna görə Ermənistan silahlanmaya son qoymalıdır, Ermənistana verilən silahlar geri qaytarılmalıdır. Yalnız bu halda Ermənistanın sülh gündəliyində qaldığını söyləmək olar”.
Zaur İbrahimli vurğulayır ki, Paşinyan silahı geri verməklə, silahlanmaya son qoymaqla gerçəkdən sülhə can atdığını nümayiş etdirməlidir. “Yox, əgər Ermənistanın Baş naziri yenidən müharibə-müharibə oynamaq fikrinə düşübsə, onda bu dəfə onlayn yox, canlı olaraq təslimçi sazişə imza atmalı olacaq”, - o qeyd edib.(Azpolitika)
Rasim Əliyev