Rus aviasiyası öz ərazilərinə hücumun acığına Poltava, Lvov, Odessa kimi şəhərləri darmadağın edir, dinc əhali qırılır; Zelenski Kursk, Bayden isə “Rusiya qalib gəlməyəcək” anonsları verdilər - təfsilat
Yenixeber.org: Rusiya hərbi aviasiyasının Lvov, Krivoy Roq və Odessaya raket atəşi nəticəsində təkcə Lvovda azyaşlılar da daxil olmaqla, 7 nəfər ölüb, 35 nəfər yaralanıb. Bu barədə sentyabrın 3-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O deyib ki, hazırda həlak olan və xəsarət alanların sayı dəqiqləşdirilir.
V.Zelenski yaralılara zəruri tibbi yardım göstərildiyini sözlərinə əlavə edib. Ukrayna liderinin sözlərinə görə, ölkəsinə zəruri hərbi dəstək verən ölkələr insanların həyatını xilas etməyə ciddi töhfələr verir. O, eyni zamanda ölkəsinə qarşı törədilən terrorun dayandırılmalı olduğunu bəyan edib. Lvov şəhərinin meri Andrey Sadovıy isə ölənlərinin sayının 7-yə çatdığını açıqlayıb.
Baş verənlərlə bağlı Lvovun bir neçə istiqamətində elektrik enerjisi təchizatı dayandırıldığı üçün qatarların hərəkətində ləngimələr yaranıb. Hər üç istiqamətə aviasiya hücumlarında “Tu-95MS” qırıcılarından da istifadə olunduğu bildirilib. Bir gün əvvəl isə Poltava ballistik raketlərlə vurulub, məktəb və xəstəxanaya düşən raketlər 55-dən çox dinc insanın həlak olmasına, 200-dən çox vətəndaşın yaralanmasına səbəb olub. Ümumiyyətlə, Rusiya son günlərdə mülki obyektləri və sivil əhalini şiddətli şəkildə bombardman edir: Xarkovdan Kiyevə qədər raket zərbələri endirən Rusiya sanki Kurskun acığını çıxmağa çalışır.
Yeri gəlmişkən, “hazırda Kursk vilayətində xüsusi hərbi əməliyyatın həlledici döyüşü gedir”. Bunu “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov TASS-a müsahibəsində deyib. O, “xüsusi hərbi əməliyyat”ın 2024-cü ildə başa çatacağını bildirib: “İndi Ukrayna öz qüvvələrini Rusiya ilə sərhəd bölgəyə köçürüb. Buna görə də onların cəbhə xətti dağılıb. Rusiya Silahlı Qüvvələri öz ərazisində Ukrayna ordusuna sarsıdıcı zərbə vura, onları əsas resursdan məhrum edə bilər. Bu ilin əvvəlində demişdim ki, biz o həlledici döyüşə hazırlaşırıq. İndi həlledici döyüş gedir”. “ABŞ silahları ilə artıq Rusiyaya zərbələr endirilir və Ukrayna bunu Rusiya ərazisinin dərinliklərində etməyə çalışacaq”, - bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsini nəzərdə tutursunuz? Çünki indi də Rusiya ərazisi davamlı olaraq Amerika istehsalı olan silahlarla hücuma məruz qalır. Aydındır ki, ukraynalılar bunu edəcək, bütün bunlar bizim tərəfimizdən nəzərə alınır. Vaşinqton artıq bu münaqişəyə qarışıb, bunu başa düşmək üçün ekspert olmağa ehtiyac yoxdur”, - o bildirib.
Volodimir Zelenski
Öz növbəsində Ukrayna prezidenti Volodimir Zelenski “NBC Nyus”a müsahibəsində deyib ki, Putini danışıqlara məcbur edənə qədər Kurskda tutduğumuz əraziləri saxlamağı planlaşdırırıq: “Çünki bu, qələbə planının tərkib hissəsidir”. Eyni zamanda prezident əlavə edib ki, bu plan barədə beynəlxalq tərəfdaşlara, o cümlədən ABŞ-a bildirəcək. “Ukrayna Rusiya ərazisinə hücumunu genişləndirməyi planlaşdırırmı?” sualına Zelenski bu barədə danışa bilməyəcəyini deyib. Onun sözlərinə görə, Kursk əməliyyatı Ukraynanın müttəfiqləri üçün gözlənilməz olub: “Bəli, heç kimə deməmişdik. Bu, inamsızlıq məsələsi deyil. Kiyevin keçən yay əks-hücumu böyük dərəcədə reklam edildi və bu, ruslara hazırlaşmağa imkan verdiyi üçün uğursuz oldu”.
“Poltavaya hücum Vladimir Putinin Ukrayna xalqının iradəsini qırmaq cəhdlərini xatırladan addımdır”. Bunu isə ABŞ prezidenti Co Bayden deyib. “Dəhşətli hücumu qətiyyətlə pisləyirəm. Bu hücum Putinin azad xalqın iradəsini qırmaq üçün davamlı və hədsiz cəhdlərinin faciəvi xatırlatmasıdır. Amma iki il yarımdır ki, Ukrayna xalqı möhkəm dayanıb. Amerika Ukrayna xalqının yanında olmağa davam edəcək, xüsusən də ölkənin müdafiəsi üçün lazım olan hava hücumundan müdafiə sistemləri və digər imkanları təmin edəcək. Rusiya bu müharibədə qalib gəlməyəcək. Ukrayna xalqı qalib gələcək”, - o bildirib. Bundan başqa, ABŞ yaxın həftələrdə Kiyevə əlavə hərbi yardım göndərəcək. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. Birləşmiş Ştatlar Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vura bilən uzaqmənzilli qanadlı raketləri tədarük edə bilər. Lakin tədarüklə bağlı texniki problemlərin aylarla vaxt alması da mümkündür.
Onu da deyək ki, Kiyevə göndərilən silahlara Birgə Hava-Yerüstü Qarşıdurma Raketlərinin (JASSM) daxil edilib-edilməməsi bu ilin payızında məlum olacaq. Ukraynaya JASSM göndərilməsi strateji vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər, çünki Rusiya ərazisindəki hədəflər yüksək dəqiqliyə malik raketlərin əhatə dairəsində olacaq. Hərbi analitiklərin fikrincə, JASSM-nin yerləşdirilməsi Rusiya təchizat anbarlarını cəbhə xəttindən yüzlərlə kilometr uzaqlaşdıra bilər. Bu, Moskvanın hücum əməliyyatlarını davam etdirmək səylərinə ciddi əngəl törədə bilər və potensial olaraq Ukraynaya strateji üstünlük təmin edərdi. Ancaq ABŞ-ın Rusiya daxilindəki hədəflərə Amerika silahları ilə hücumlara qadağası hələ də qalmaqdadır. Bunun qarşılığında Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, Rusiya Ukraynadakı münaqişədə Qərb ölkələrinin daha çox iştirak etdiyini görür. “Biz artıq Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakını görürük. Kollektiv Qərb Kiyev rejiminin hərbi təcavüzünün əsas sifarişçisi, əsas təhrikçisidir. Və getdikcə daha açıq, getdikcə daha həyasızcasına maraqlı ölkə kimi birbaşa iştiraklarını nümayiş etdirirlər”, - Zaxarova bildirib.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi artıq əndazədən çıxıb. Nüvə təhdidləri artır, hər iki ölkənin torpaqlarında savaş böyüyür. Donetskdə, Kurskda, Poltovada gedən döyüşlərlə yanaşı, Krımda da müharibə anonsu verilir. Sonunda isə nüvə savaşı qaçılmaza çevrilir, beləliklə, dünya fəlakət qarşısındadır. Nə Qərb hikkəsindən dönür, nə də Rusiya. Sonugörünməz bir prosesdir. Çıxış yolları tam tükənmiş görünür. Doğrudanmı bu müharibəni dayandırmaq mümkün olmayacaq?
Bu mövzuda danışan siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Kursk əməliyyatından sonra Rusiyanın Donbasda gedən hərbi kampaniyasında nisbi səngimə müşahidə olunurdusa, artıq yenidən təşəbbüsü ələ almaqdadır. Ekspert hesab edir ki, genişmiqyaslı olmasa da, rus ordusunun məhdud səviyyədə irəliləyişi nəzərə çarpır və bu da Ukraynanın işini çətinləşdirib: “Kiyev Kurska əməliyyatını həyata keçirməklə ərazi mübadiləsi üçün üstünlük qazanmağı hədəfləmişdi. Lakin Ukraynanın taktiki-operativ addımları ilə strateji planları arasında uyğunluq pozulmaqdadır. Düzdür, Rusiyanın öz ərazilərində problemləri qalmaqdadır, amma bu ölkənin qoşunları Donbasda irəliləməyə davam edirlər”.
Siyasi təhlilçiyə görə, əgər Pokrovski əldən getsə, Ukrayna üçün cəbhənin bu istiqamətində taktiki və strateji məğlubiyyət olacaq: “Çünki həm dəmiryol xətti buradan keçir, həm digər qovşaqlar mövcuddur, həm də Ukrayna qoşunları üçün təchizat yoludur. Ona görə müharibədə cəbhə xətti genişlənib və Rusiyanın sərhəd bölgələrinə qədər çatıb, ona görə tərəflər üçün döyüşmək çətinləşib. Bununla belə, Rusiya son aviasiya hücumları ilə Ukraynanın planlarını pozmağa çalışır”.(musavat)
Emil SALAMOĞLU